Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2020 10:30

“Döyüş əmrini qələbəylə tamamlayacağıq”

"N" hərbi hissəsində sıra hazırlığı keçirilirdi. Gənc leytenantın öyrətmək həvəsi aydınlığıyla hiss olunurdu. Baş leytenant Amil Məhərrəmoğlu gənc leytenant Mirhəşim Seyidlinin hərbi xidmətindən razılıqla danışaraq dedi ki, o, həm nəzəri bilikləriylə, həm məsuliyyətiylə, həm də nizam-intizamıyla fərqlənən zabitlərdəndir.
Öyrəndim ki, Mirhəşim Naxçıvan Muxtar Respublikasının Babək rayonundandır. Atası Mirfazilin tarix müəllimi kimi, xalqımızın keçmişindən, dövlətçilik tariximizdən söhbətləri şagird Mirhəşimin düşüncələrinə hopub. Səfəvilər, xüsusən də Şah İsmayıl Xətai haqqında eşitdikləri onun xəyallar dünyasının səyyarəsi olub. Ordu, sərkərdə, müharibə, döyüş kimi ifadələrin mahiyyətini də o illərdə dərk edib. Həmin gərəkli söhbətlərinmi təsiriydi, oxuduğu kitablarınmı, hərbçi olmağı qərara almışdı. Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. Liseyin davamı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni fənlər, tədris üsulları kursant Mirhəşim Seyidlinin düşüncələrini işıqlandırmaqdaydı.
Kursant Mirhəşim Seyidli çöl təlimlərində də fərqlənirdi...
- Hərbi andiçmə mərasimini heç vaxt unutmayacam. O anlarda Vətənə gərəkli olduğuma bir daha əmin olmuşdum. O əminlik hərbi xidmətə başladığım ilk gündən xidmət yolumun yolgöstərənidi. Bir vaxtlar öyrəndiklərimi əsgərlərimə böyük həvəslə, məsuliyyətlə öyrədirəm. Necə deyərlər, öyrədə-öyrədə öyrənmək öyrədənə könül xoşluğuymuş.
Leytenant Mirhəşim Seyidli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - kəlamını xatırladaraq dedi:
- Güclü ordunun zabiti olaraq bununla qürurlanmağımız təbiidir. Ancaq özünün də, əsgərlərinin də döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi hər bir zabitin vəzifə borcudur. Biz vəzifə borclarımızı yüksək məsuliyyətlə yerinə yetiririk.
Leytenant Mirhəşim Seyidli onu da dedi ki, əsgərlərin döyüş hazırlığı təlimlərlə, zabitlərin, təcrübəli əsgərlərin nəzarəti altında fərdi məşqlərlə yüksəldilir, mənəvi-psixoloji hazırlığı ictimai-siyasi dərslərlə, asudə vaxtlarda söhbətlərlə, bu və ya digər vətənpərvərlik mahiyyətli tədbirlərlə. “Hərbi hissəmizdə bu amillərə ciddi diqqət yetirilir...”
“Biz Ali Baş Komandanın döyüş əmrinə tam hazırıq. Əsgərlərimiz torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək döyüşlərin iştirakçısı olmaq istəyirlər. Biz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq”, - leytenant Mirhəşim Seyidlinin əminliyini bütün zabitlərin, bu baxımdan ordunun əminliyi bilirəm...
“Atamın bir fikrini heç zaman unutmayacam: bir vaxtlar müəllim, həm də tarix müəllimi olmağımla qürurlanırdım, indi zabit atası olmağımla qürurlanıram", - leytenant Mirhəşim Seyidlinin qüruru bizə doğma qürurdu...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"