Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2020 10:00

“Əsgərlərə göstərilən diqqət və qayğı həmişə yüksəkdir”

Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması, sosial təminatının yüksək səviyyəyə çatdırılması istiqamətində mühüm addımlar atılır. Müasir tələblər əsasında qurulan yeni hərbi hissələr şəxsi heyətin istifadəsinə verilir. Yaradılan bu cür şərait gənclərin orduya qarşı münasibətini tamamilə dəyişib. Azərbaycan gəncləri belə güclü ordunun əsgəri olmaq, Vətənimiz qarşısında övladlıq borcunu həvəslə yerinə yetirmək istəyirlər. Ordu sıralarında xidmət edən şəxsi heyət isə gündən-günə döyüş, atəş, fiziki və mənəvi psixoloji hazırlıqlarını artırır. Bunun nəticəsidir ki, ordumuz beynəlxalq reytinqlərə görə dünya miqyasında ən güclü ordular sırasındadır.
"N" hərbi hissəsində əsgərlərimizin sosial-məişət şəraiti ilə tanış olduq. Gördüklərimiz bizdə xoş təəssüratlar yaratdı. Şəxsi heyəti heç bir məişət problemi narahat etmir. Yuxarı komandanlığın qarşıya qoyduğu ən vacib məsələ əsgərlərimizin nümunəvi xidmət etmələri üçün mümkün olan bütün şəraiti yaratmaqdır. Bizi müşayiət edən zabitlə yataqxanaya daxil olanda bir neçə əsgərin səliqə-sahman yaratdığını gördük. İşlərini yekunlaşdırdıqdan sonra onlarla həmsöhbət olduq.
Yaradılan sosial-məişət şəraitindən danışan əsgərlər Tural Teymurov və Əliağa Ağayev bildirdilər ki, yuxarı komandanlıq tərəfindən əsgərlərin məişət şəraitinə göstərilən diqqət və qayğı hamımızın ürəyincədir. “Şəxsi heyətin döşək ağlarının dəyişdirilməsi, çimməsi, paltarlarının yuyulması komandirlərin diqqət mərkəzindədir.”
- Bizə yaradılan şəraitə görə yuxarı komandanlığa minnətdarlığımızı bildiririk, - deyə əsgər T.Teymurov söhbətə başladı. - Biz yalnız döyüş hazırlığımızı artırmaqla məşğuluq. Çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk, komandirlərimizin etimadını doğruldaq. Azərbaycan əsgəri düşməndən qat-qat güclü və üstündür. Ermənilər bilməlidirlər ki, 2016-cı ilin Aprel döyüşləri Böyük Qələbəyə gedən yolun başlanğıcıdır. Bu müqəddəs tapşırığı uğurla yekunlaşdıracağımız günə az qalıb. Hər birimiz düşməni məhv edərək onu torpaqlarımızdan qovub çıxaracağımız, torpaqlarımızı işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözləyirik.
Bərbər otağındakı səliqə-sahman da göz oxşayırdı. Otaqda bərbərə aid hər cür ləvazimat var. Əsgərin sərbəst və səlist işləməsi onun peşəkarlığından xəbər verirdi. İşini bitirdikdən sonra əsgər Hilal Novruzov özünü təqdim etdi. Dedi ki, əsgər səliqəsi həmişə önəmlidir. "Hərbi xidmətdə öyrəndiyimiz müsbət keyfiyyətlər çoxdur. Onlardan biri də nizam-intizam və səliqə-sahmandır. Bu baxımdan əsgər yoldaşlarımın saçlarının həmişə təlimata müvafiq olaraq, qısa və səliqəli olmasına nəzarət edirəm. Hər zaman çalışıram ki, silahdaşlarımın saç düzümü səliqəli olsun. Çünki biz bir ailəyik. Məqsədimiz işğal altında olan torpaqlarımızı azad etməkdir. İnanırıq ki, tez bir zamanda Ali Baş Komandanımızın döyüş əmri ilə arzumuza nail olacağıq".
Saç düzümünə güzgüdə nəzər salan əsgər Məmmədağa Nəcəfzadənin üzündə məmnunluq hissini görməmək mümkün deyildi. Əsgər bildirdi ki, hərbi hissədə yaradılan şərait imkan verir ki, üst-başımızı daim səliqəli saxlayaq. "Saç düzümümüzü qaydaya salır, hər günün sonunda paltarlarımızı ütüləyir və bununla da sıra baxışına hazırlaşırıq. Əsgər yoldaşlarım kimi mən də yaradılan şəraitdən və qayğıdan razıyam. Bu cür yüksək şərait üçün komandanlığa dərin minnətdarlığımızı bildiririk. Belə şəraitin qarşılığında dövlətimizin, ordumuzun adına layiqli və hər an döyüşə hazırlıqlı əsgər olmaq başlıca vəzifəmizdir."
Saxlanc otağında camaşırxanadan gələn təmiz və ütülü yataq dəstlərinin, dəsmalların, əsgərlərin ehtiyat əşyalarının səliqə ilə yığıldığı gözümüzdən yayınmadı. Bölüyün baş çavuşu qeyd etdi ki, hərbi qulluqçuların şəxsi gigiyenası çox vacibdir. "Onların bütün əşyaları hər həftə yenisi ilə əvəz olunur. Çirklilər isə təmizlənmək üçün camaşırxanaya göndərilir. Corablar vaxtlı-vaxtında yenisi ilə əvəz edilir. Əl-üz sabunları tez-tez dəyişilir. Ordunun gücü onun sıralarında xidmət edən sağlam, peşəkar əsgərlərlə ölçülür."
Əsgər Fərid Hacıyev atasının hərbçi olduğunu dedi. O, Kəlbəcər istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub. Atasının "Açıq qapı" günündə hərbi hissədə yaradılan şəraiti görəndə çox sevindiyini, ötən illərlə müqayisədə sosial-məişət şəraitimizin olduqca yüksək səviyyədə olduğunu dedi. Əsgər bildirdi ki, hər həftə paltarları yeniləri ilə əvəz olunur. "Gigiyenaya ciddi nəzarət edilir. Belə şəraitin qarşılığında xidmətimizi düzgün təşkil etməli, torpaqlarımızın azadlığı uğrunda canımızdan, qanımızdan keçməyə hazır olmalıyıq. Komandirlərimizin sayəsində döyüş, atəş, fiziki hazırlığımızı gündən-günə artırırıq. Hər an Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq".
Şahidi olduğumuz yüksək məişət şəraiti bir daha sübut edir ki, ölkə rəhbərliyi tərəfindən hər bir hərbi qulluqçuya yüksək diqqət və qayğı göstərilir. Şəxsi heyətin məişət şəraitinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində daim işlər aparılır. Bu amillər isə əsgərin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldilməsinə xidmət edir.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"