Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2020 10:00

Novruz həm də müqəddəslik bayramıdı

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərimdə dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Novruzun rəsmi bayram statusu alması və Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz bayramı ərəfəsində Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanların fikirlərini və bayram təbriklərini qələmə almaq məqsədilə "N" hərbi hissəsində olduq.
Xalqımızı əziz bayram münasibətilə təbrik edən ilk hərbçi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Namiq Məmmədov oldu:
- Xalqımızın tarixi qədər qədim olan bayramlarımızdan biridi Novruz bayramı. Novruz bayramı təkcə təbiətin görkəminin dəyişməsiylə bağlı qeyd olunan  bayram deyil. Novruzda təbiət kimi duyğular da təzələnir, təravətlənir, gözəlləşir. Hər arzu, hər niyyət bu təzələnmədən, təravətlənmədən, gözəlləşmədən rişələnir.
Yüksək döyüş əzminə, qələbə ruhuna malik olan Azərbaycan əsgərinin mənəvi-psixoloji  hazırlığı da yüksəkdir. Azərbaycançılıq ideologiyası hər birimizin mənəvi aləminin Günəşidi. Milli bayramlarımızın mahiyyətini gərəkli  səviyyədə dərk edirik.
Vətənə xidmət hər bir kəsin borcudur. Bizim borcumuz isə tabeliyimizdə olan şəxsi heyətlə nizamnamə çərçivəsində hərəkət etmək, onların bir hərbçi kimi formalaşmasında yaxından iştirak etməkdi. Hər zaman yenilənən şəxsi heyətə hərbi texnikanı öyrətməyi, vətənpərvərlik hissini aşılamağı özümüzə borc bilirik. İstəyimiz odur ki, onlar Vətənə layiqli övlad olsunlar, Vətəni qorusunlar. Bu gün Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağdır, hələ də işğal altında olan torpaqlarımızdır. Biz belə möhtəşəm bayram tonqallarının işğal altında olan dədə-baba torpaqlarımızda da alovlandırılacağına qətiyyətlə inanırıq. Bu günün heç də uzaqda olmadığını bilirik. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik, iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik." 
Xalqımızı və Azərbaycan Ordusunun bütün şəxsi heyətini bir daha bu gözəl bayram münasibətilə təbrik edir,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə hər birinə firavan həyat arzulayıram".
Əsgər Əli Əlizadə də bayram münasibətilə xalqımızı və şəxsi heyəti təbrik etdi.
- Bu gün ordumuzun döyüş ruhu, hərbi-taktiki hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji  durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında istənilən döyüş tapşırığını yerinə yetirməyə  hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir.
Təbii ki, bu inamı əsas yaradan Azərbaycanın iqtisadi tərəqqisi fonunda müdafiə qüdrətinin artırılması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlardır. Keçirilən hərbi paradlarda  nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı  bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır. Bu gün ordumuz hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Bahar bayramına sayılı günlər qalır. Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən Novruz bayramı özü ilə xoş əhval-ruhiyyə, yaxınlarla isti təmas, bir də çox sevdiklərimizə təbriklər gətirir. Bu bayramı mən də sevirəm və özümü xoşbəxt sanıram ki, yüksək diqqət və qayğı ilə əhatə olunduğum, Vətənə xidmət missiyamı şərəflə yerinə yetirmək üçün hər cür şəraitin yaradıldığı bir ordunun əsgəriyəm. Bu bayram günündə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm, şəxsi heyətimizə isə tezliklə torpaqlarımızı işğaldan azad edərək xalqımıza sevinc bəxş etməyi arzulayıram.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Mehdiyev:
- Hərbi xidmət mənim də formalaşmağımda müstəsna rol oynayıb.  Hamı kimi mən də ordumuzun qüdrətiylə qürurlanırdım. Ordumuzun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradları mən də fəxrlə izləmişdim. Hərbçi olmağı qərara aldım. İndi hərbi xidmətdəyəm. Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edirəm, zabitlərin əmr və göstərişlərini vaxtında və böyük məsuliyyətlə yerinə yetirirəm.
Xalqımızın ən əziz bayramlarından biri də Novruz bayramıdı. Bu bayramı hamı kimi, hərbçilər də könül xoşluğu ilə qarşılayırlar. Bu əziz gündə xidmət yoldaşlarım adından xalqımıza ən böyük istəyinə çatmağı - torpaqlarımızın işğaldan azad edilməsi gününün sevincini yaşamağı arzu edirəm.
Əsgər Elvin Məmmədov:
- Uşaqların ən çox sevdiyi bayramlardan biri, bəlkə də birincisi Novruz bayramıdı. Hər birimiz bu bayramın adətlərini sevinə-sevinə, sevindirə-sevindirə yaşamışıq. Yumurta boyamışıq, döyüşdürmüşük, səməni göyərtmişik,  tonqallar qalamışıq.
İndi hərbi xidmətdəyəm. Döyüş növbətçiliyi aparan əsgər kimi deyirəm ki, biz yüksək  döyüş və mənəvi-psixoloji hazırlığa  malikik,  hər birimiz yüksək döyüş əzmiylə, qələbə ruhuyla xidmət edirik. Ali Baş Komandanın döyüş  əmrini qələbəylə tamamlayacağıq. İşğaldan azad edəcəyimiz torpaqlarda da Novruz tonqalları qalanacaq.
Novruz xoş ovqat bayramıdır. Mən hərbi xidmətdə olan əsgərlərə, zabitlərə, ümumən xalqımıza cansağlığı, könül xoşluğu arzulayıram. Ən gözəl könül xoşluğu torpaqlarımızın işğaldan azad edilməsidi. O günün sevinci daha möhtəşəm olacaq. Azərbaycanımıza belə möhtəşəm sevinc arzulayıram.
Əsgər Əli Rəhimov:
- Atam həmişə Cavanşir Eloğlunun bir şeirini deyərdi:
Uşaqlıq illərim harada qaldı...
Uşaqlıq illərində oyunlar da, o illərdə bayramların dadı-duzu da yada düşəndə adamı kövrəldir. Novruz bayramı ona görə müqəddəs bayramdır ki, hansı yaşda olursan-ol, bu bayramın gözəlliyini öz adına layiq şəkildə yaşayırsan.
Uşaqlıq illərində mən də tonqallar qalamışam, üstündən atılmışam. Həmyaşıdlarım kimi böyümək arzusuyla, niyyətiylə. Böyüdüm, orta təhsilimi başa vurdum, hərbi xidmətə çağırıldım.
Nümunəvi xidmət edirəm. Bu yaxınlarda Müdafiə naziri general-polkovnik Zakir Həsənov ön xətdə mənə də qiymətli hədiyyə verdi. Bu, mənim hərbi xidmətə məsuliyyətimi artırmaqla, digər əsgərlərin də hərbi xidmətə münasibətində əhəmiyyətli olacaq.
Novruz bayramı münasibətilə xalqımızı, bu sıradan bütün hərbi qulluqçuları təbrik edirəm. Arzu edirəm ki, növbəti Novruz bayramı işğaldan azad edəcəyimiz torpaqlarımızda da qeyd olunsun!..

"Azərbaycan Ordusu"