Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 12:29

“İdman özünəinam hissini də yüksəldir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlıq məşğələsi ilə tanış olduq. Geniş idman şəhərciyi, müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançaları diqqətimizdən yayınmadı. İdman qurğularında əsgərlərimizin çevik hərəkətlərini seyr etdik. Hər biri idmançı görkəminə malik, çevik və cəlddir.
Leytenant Əli Əhədovun nəzarəti altında əsgərlər bir sıra idman növləri ilə məşğul idilər. Onlar növbə ilə alətlərdə müxtəlif hərəkətləri yerinə yetirirdilər. Həvəslə, yorulmadan məşq edirdilər. Hər kəs irəli çıxır, daha hazırlıqlı, daha üstün olduğunu göstərməyə çalışırdı.
İdmanın insan sağlamlığı üçün faydasından söhbət açan zabit bildirdi ki, mütəmadi olaraq idmanla məşğul olmaq insanın əhval-ruhiyyəsini yüksəldir. İdman sayəsində narahatlıq və gərginlik aradan qalxır, əsəb sistemi müalicə olunur. Nəticədə, insan özünü gümrah və əvvəlkindən daha yaxşı hiss edir. Fiziki hazırlıq insanın bir sıra xəstəliklərə yoluxmasının qarşısını alır. Müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır. Bir çox xəstəliklər var ki, onları dərman preparatları ilə deyil, idmanın müxtəlif növlərindən yararlanmaqla daha effektli aradan qaldırmaq olur. Həmçinin idman insanda özünəinam hissini də yüksəldir. İdman sayəsində şəxsi heyət fiziki cəhətdən daha da güclü olur.
"Bu gün ordu sıralarında xidmət edən əsgərlərimizin yüksək fiziki hazırlığına malik olması olduqca önəmlidir", - deyə zabit bildirdi. - Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Şəxsi heyətin hazırlıqlı, bacarıqlı, peşəkar və əsl döyüşçü kimi formalaşmasında idmanın müstəsna rolu vardır. Bunun üçün hərbi hissəmizdə hərtərəfli şərait yaradılıb. Müasir tələblərə cavab verən avadanlıq və qurğular quraşdırılıb.  Peşəkar və təcrübəli komandir heyətinin rəhbərliyi altında məşğələlərimiz yüksək səviyyədə keçirilir. Cəbhə xəttində düşmənlə üz-üzə mövqelərdə əsgəri borcunu yerinə yetirən gənclərimizin fiziki cəhətdən sağlamlığı da diqqət çəkən məsələlərdəndir. Əsgərin fiziki hazırlığı başlıca şərtdir. Ona görə də, ilk növbədə, əsgərlərin fərdi hazırlığına diqqət ayırırıq. Bir çoxları ordu sıralarına çağırılanadək idmanın müxtəlif növü ilə məşğul olublar. Hətta elələri var ki, beynəlxalq və respublika əhəmiyyətli yarışlarda iştirak edərək qalib olublar.
Əsgər Həsən Orucov idmanın sərbəst güləş növü ilə məşğul olub. O, bir çox ölkədaxili və beynəlxalq turnirin qalibi olub. "İdmanla məşğul olduğum zaman daim öz üzərimdə çalışır, məşq edirdim. İdmandan bəhs edən filmlərə maraqla tamaşa edir, fərdi hazırlığımı artırırdım. Ordu sıralarına qatıldıqdan sonra da komandirlərimizin sayəsində mütəmadi olaraq fiziki hazırlıq məşğələsi ilə məşğul oluruq”, - deyə əsgər N.Orucov dedi.
Əsgərlər Fəxri Quliyev, Sərxan Hacıyev və  başqaları da hər bir gəncin sağlam yetişməsində idmanın əhəmiyyətli rolunu qeyd etdilər. Şübhəsiz, fiziki hazırlığı yüksək olan döyüşçü düşməni məhv edərək, xalqımıza qələbə sevincini bəxş edəcəkdir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"