Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 11:14

“Düşmənə qalib gəlmək gücündəyik”

İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu qoca dünyanın unikal və qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan daim yaşayacaq. Vətən oğul və qızlarının sayəsində, onların çiynində yaşayacaq. Bu dünya belədir: kimi Vətənin çiynində yaşayır, kimi də Vətəni çiynində yaşadır. Hara getsək də, könül rahatlığı tapdığımız yeganə müqəddəs məkan Vətənimizdir. Qəlbimizin səsi ilə "Ey əziz anam, Azərbaycan!" dediyimiz, dünyaya dəyişmədiyimiz sevgimizdir.
Bu sevgi ilə yaşayan oğullarımızdan biri də "N" hərbi hissənin gənc zabiti kapitan Şahin Dadaşovdur.
Doğulandan həyatın sonuna kimi hər bir insanın valideynləri, ailəsi, ölkəsi və Vətəni qarşısında müəyyən məsuliyyətləri olur. Ş.Dadaşov hesab edir ki, gənc yaşında çox ağır bir məsuliyyəti çiyinlərinə götürərək xalqa xidmət etmək üçün uzun və şərəfli bir yola çıxıb. "Bu gün xalqa, dövlətə, dövlətçiliyə xidmət naminə getdiyim yolda Azərbaycan Ordusunun bir parçası olduğum üçün özümü xoşbəxt hiss edirəm. Məşhur rus filosofu Vissarion Belinski düşüncələrinin birində yazır: "Öz Vətəninə mənsub olmayan insan bəşəriyyətə də mənsub deyil...". Bu gün Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları haqqı çatır desin ki, biz həm bu Vətənə, həm də bəşəriyyətə mənsubuq. Fəxrlə deyə bilərik ki, Aprel döyüşlərinin, Günnüt zəfərinin davamını gətirə biləcək qəhrəman oğullarımız və xalqın güvənc yeri olan güclü ordumuz var. Azərbaycan Ordusu və bu orduda olan nizam-intizam artıq bizə qətiyyətlə döyüş ruhunda, döyüş əzmində olduğumuzu deməyə imkan verir. Biz istənilən halda düşmənə qalib gəlmək gücündəyik. İştirakçısı olduğum Aprel döyüşləri də bunu deməyə əsas verir".
2016-cı ilin aprelindən söz açan gənc zabit onu da qeyd etdi ki, Aprel döyüşləri Azərbaycan Ordusu şəxsi heyətinin qətiyyətinin bariz nümunəsi, eyni zamanda, günümüzün zəruri tələbi idi. "Rəşadətli ordumuza onun qələbəsindən ruhlanan xalqın sevgisi və dəstəyi təkcə düşməni deyil, onun havadarlarını da susmağa məcbur etdi. Düşmənin neçə illərdən bəri möhkəmləndirdiyi istehkamları, tutduğu hərbi əhəmiyyətli yüksəklikləri bir neçə sərrast zərbə ilə darmadağın oldu. Ali Baş Komandanımızın dediyi kimi: “Ölkəmizlə silah gücü ilə danışmaq mümkün deyil və Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz!"
Söhbət zamanı zabit qazanılan qələbədə təlimlərin də payının az olmadığını bildirdi: "Hazırda respublikamızda ordu quruculuğu prioritet məsələ kimi diqqət mərkəzindədir. Müharibə şəraitində yaşayan ölkə üçün bu amil xüsusi əhəmiyyət kəsb edir. Onun nəticəsidir ki, şəxsi heyətin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, ilboyu hərbi hissəmizin şəxsi heyətinin də qatıldığı döyüş atışlı təlimlər keçirilir. Keçirilən təlim və yarışlardan birində şəxsi heyətimiz 1-ci yeri tutmağa da müvəffəq olub. Təlimlər zamanı bütün bölmələr - motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edirlər. İl ərzində keçirilən təlimlər hərbi hissələrimizin yüksək səviyyəli hazırlığından xəbər verir və bir daha göstərir ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirəcək qədər güclüdür.”
"Azərbaycan Ordusu çoxdan arzulanan səviyyəyə çatıb", - deyə zabit sözünə davam etdi. - Bu gün Azərbaycan Ordusunu yalnız dünyanın ən inkişaf etmiş dövlətlərinin orduları ilə müqayisə etmək olar. Hazırda Azərbaycan Ordusunun zabit və əsgəri ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi texnikadan istifadə etməyə, düşmənlə istənilən döyüşdən qalib çıxmağa hazırdır. Bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Arzumuz budur ki, tezliklə torpaqlarımızı işğaldan azad edək və üçrəngli bayrağımızı Qarabağda dalğalandıraq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"