Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 10:00

Hərbi Orkestr Xidmətinin qurucusu akademiyanın üzvü seçilib

Hər bir ölkənin, dövlətin ordu quruculuğunda hərbi musiqi böyük əhəmiyyət kəsb edir. Hərbi musiqi şəxsi heyətin mənəvi-psixoloji hazırlığında, onlara vətənpərvərlik ruhunun və döyüş əzminin aşılanmasında əvəzsiz rola malikdir. Əzəmətlə səsləndirilən qədim döyüş mahnıları, hərbi marşlar və musiqilər döyüşçünü düşmən üzərində qələbəyə ruhlandırır. Tarixin bütün dönəmlərində orduda musiqinin təsir gücündən çox danışılıb, çox yazılıb və ən əsası qələbənin qazanılmasında vacib amillərdən biri hesab edilib.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ordu quruculuğunda böyük dönüş yarandı. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan istənilən tapşırığı ləyaqətlə yerinə yetirməyə qadir olan ordumuzun bütün sahələrində olduğu kimi, Hərbi Orkestr Xidmətində də yeni quruculuq işləri həyata keçirilir. Zaman-zaman daha müasir, dövrün tələblərinə uyğun, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayan yüksək səviyyədə  hərbi orkestr kollektivləri yaradıldı.
Ordu quruculuğunda önəm kəsb edən hərbi musiqi ənənələrinin yaşadılmasına və daha da təkmilləşdirilməsinə əvəzsiz töhfələrini verən Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə bu sahə keyfiyyət və mahiyyət etibarilə yeni, professional mərhələyə gəlib çıxıb. Belə ki, onun 22 il sovet ordusunda, 28 ilə yaxın müasir Azərbaycan Ordusunda gərgin və yorulmaz fəaliyyəti nəticəsində Hərbi Orkestr Xidməti böyük inkişaf yolu keçib. Hətta "General-mayor Yusif Axundzadə bu xidmətin qurucusudur" desək, heç də yanılmarıq. Hərbi orkestr dövlət səviyyəli rəsmi tədbirlərdə, ölkəmizdə keçirilən idman yarışlarında, mədəni-kütləvi mərasimlərdə nümunəvi çıxışlar edir və mütəmadi olaraq geniş konsert proqramlarını gerçəkləşdirir.
Hərbi musiqiçi və dirijor kadrların hazırlanması, bütün qoşun növləri üçün hərbi orkestrlərin yaradılması, yeni repertuarın formalaşması, zənginləşdirilməsi ordumuzda hərbi musiqi sahəsində atılan ciddi addımlar hesab edilir.
Ömrünün 50 ilini bu şərəfli xidmətə və hərbi musiqinin inkişafına həsr edən Yusif Axundzadənin uğurları davamlıdır. Bu günlərdə səmərəli elmi fəaliyyəti və musiqi elminə verdiyi əvəzsiz töhfələrə görə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü seçilən Hərbi Orkestr Xidmətinin rəisi, xalq artisti, professor, general-mayor Yusif Axunzadəyə akademiyanın diplomu təqdim edilib. Eyni zamanda, o, elmə verdiyi yüksək töhfələrə görə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Altın Yıldız" medalına layiq görülüb.
Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü seçilməsi və "Altın Yıldız" medalına layiq görülməsi münasibətilə hörmətli professor, general-mayor Yusif Axundzadəni təbrik etmək üçün onunla görüşüb təəssüratlarını öyrəndik.
Xidmət rəisi bildirdi ki, ona təqdim olunan bu diplom və medalı türk dünyasının Azərbaycanın hərb musiqisinə və musiqi elminə verdiyi yüksək dəyər kimi qiymətləndirir. "Əlbəttə, bu uğurlar təkcə mənim deyil, Azərbaycanın musiqi ictimaiyyətinin və Hərbi Orkestr Xidmətinin, ümumilikdə ordumuzun şəxsi heyətinin uğuru, qələbəsidir. Deməli, Azərbaycan hərb musiqisi türk dünyasında araşdırılır, öyrənilir və sevilir. Bu çox sevindirici haldır. Biz bundan sonra da musiqi yaradıcılığımızı və elmi fəaliyyətimizi daha da zənginləşdirəcək, Azərbaycanın hərb musiqi sənətinin daha da inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə çalışacağıq."
Sonda Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü seçilməsi və akademiyanın "Altın Yıldız" medalına layiq görülməsi münasibətilə hörmətli generalımızı təbrik edir, ona hərbi, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"