Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 10:00

Xalqın güvəncisən, Azərbaycan əsgəri!

Mövqedəyik... Əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığından söz açan baş leytenant Bəhruz Qocayev deyir ki, əsgərlərimizin hər biri hər an düşmənin üzərinə atılmağa hazırdır. Müşahidə sektorundan qarşı tərəfə baxdıqca insanın ürəyi sıxılır.  Zabit fikirlərimizi oxuyurmuş kimi: "Həmin yerlərə geri dönəcəyimiz günə az qalıb!" - deyir. Bu sözləri tabeliyində xidmət edən şəxsi heyətə sonsuz güvənc kimi dinləyirəm.
Öyrənirəm ki, Bəhruzun atası Ədalət kişi də hərbçi olub. O Qarabağ müharibəsinin iştirakçısıdır. "İlk dəfə atamı hərbi formada görəndə içimdən qəribə bir hiss keçdi. Həmin gün atamla qürurlandım. Mən də zabit olmağı qərara aldım. İllər keçdikcə Vətənimizə sevgiylə, onu qorumaq hissiylə böyüdüm. Bu sevgi məni Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu etdi. Leytenant hərbi rütbəsini aldığım gün yaddaşımdan silinməyəcək. Mən də bu şərəfli peşənin daşıyıcısıydım. Ön xətdə xidmətə başladım."
Döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətlə keçirilən dərs və məşğələlərdən söz açan zabit bildirir ki, bu dərslərin əsgərlərin daha hazırlıqlı və çevik olmalarında müstəsna rolu vardır. Komandir heyəti məşğələnin hər dəqiqəsindən səmərəli istifadə edir, heyət üzvlərinə döyüş vərdişlərini daha dərindən öyrədir.
Çavuş Əvəz Yusifov döyüş növbəsini dəyişmə vaxtı olduğunu deyir. Təzə növbə bir sıra düzülür. Əsgərlər çavuş Əvəz Yusifovun komandası ilə silahını yoxlayır. Döyüş növbəsini dəyişmək üçün əsgərlər müşahidə sektorlarına doğru irəliləyirlər. Zabit Bəhruz Qocayev deyir:
- Döyüş növbəsini dəyişməzdən əvvəl silahla davranış və təhlükəsizlik qaydaları şəxsi heyətin nəzərinə çatdırılır. Hər növbədə düşmənin yerləşdiyi ərazi, qarşı tərəfin snayper fəalliyyəti haqqında əsgərlərimizi məlumatlandırırıq. Növbədə olan şəxsi heyət düşmənin hər bir fəaliyyətini nəzarət altında saxlayır, hər hansı bir tərpəniş baş verərsə, aidiyyəti üzrə məlumat veririk.
- Çavuş Yusifov, - deyə hərbi qulluqçumuz özünü təqdim edir. Artıq beş ildir taleyini ordu ilə bağlayan Əvəz xalqımızın zəngin hərbi ənənələri olduğunu deyir. "Xalqımız qonaqpərvər, sülhsevər olduğu kimi, döyüşlərdə də qəhrəman oğulları ilə salnamələr yazıb. Bu ənənələrin davamçıları olaraq bizim üzərimizə böyük məsuliyyət düşür. Aprel döyüşləri düşmənə gücümüzün bir qismini göstərmək imkanı yaratdı. Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin üstün olduğunu düşmən də etiraf edir. Döyüşlərdə düşməndən azad edilən ərazilərdə aparılan yenidənqurma işləri təsdiqləyir ki, Azərbaycan Ordusu işğalı tezliklə sonlandıracaq və diqqətini ancaq ordu quruculuğu işlərinə yönəldəcək.
Döyüş mövqeyində xidmət edən əsgərlərlə də həmsöhbət oluruq. Hər birinin üzündə məğrurluq var. Bir ildir ordu sıralarında xidmət edən əsgər Bəxtiyar Ocaqquliyev hərbi xidmətdə əldə etdiyi uğurlardan danışır. “Öncə peşəkar komandirlərimizdən döyüş sirlərini, silah və texnikalarla davranış qaydalarını öyrənmişəm. Bundan başqa əsgəri xidmət bizə dözümlülük, Vətənə bağlılıq, düşmənə nifrət hissləri, nizam-intizamlı olmağı aşılayıb. Hərbi xidmətdə həm əsgər, həm də cəmiyyətə yararlı vətəndaş kimi formalaşırıq. Döyüş mövqeyimiz düşmənlə yaxın məsafədədir. Səngər həyatı çətin olsa da, bu çətinliyin öhdəsindən layiqincə gəlirik. Mövqeyimiz hər cür sosial-məişət şəraiti ilə təmin olunub. Bizi müqəddəs bir amal birləşdirir - Vətənimizi qorumaq. Hər birimiz bilirik ki, səngər müvəqqətidir. Döyüş əmri veriləndə Azərbaycan əsgəri xalqımızın etimadını doğruldaraq, tariximizə yeni qəhrəmanlıq səhifələri yazacaq."
- Səngərdə xidmət etdiyim üçün sevincliyəm, - deyə əsgər Bəhrəm Hüseynov söhbətə başlayır. Əsgərin şux duruşu, iti baxışları, cəld və çevik hərəkətləri bizə könül xoşluğu verir.      - Burada əsgər yoldaşlarımla, komandirlərimlə birlikdə düşmənin təxribatlarının qarşısını almağa qadirik. Səngərdə keçirtdiyim günləri heç zaman unutmayacağam. Burada bir çox bayramları, silahdaşlarımızın ad günlərini və digər xoş günləri qeyd etmişik. Bu anların hər birini daim qürurla xatırlayacağıq. İstəyirik ki, qələbə sevincini əsgər kimi yaşayaq.
Əsgərlər Şəkixan Şəkinskiy, Yadigar Muradov, Qardaşxan Qasımov, Rahil Alızadə, Vüsal Quliyev, Samrat Əlizadə, Sabir Həsənov və digərləri hərbi xidmətin əsl mərdlik məktəbi olduğunu deyirlər. Əsgərlərin hər biri səngərdə yaranan dostluğun əbədi olduğunu deyir. "Həyatda ən sadiq və möhkəm dostluq hərbi xidmətdə qazanılır. Burada hər birimiz dostuq, qardaşıq. Bilirik ki, əsgər yoldaşımızla, silahdaşımızla çiyin-çiyinə döyüşəcəyik. Əsgərlik dostluğu ən sadiq və möhkəm dostluqdur. Hərbi xidmətdən sonra da bir-birimizlə əlaqə saxlayacaq, şad günlərimizi bölüşəcəyik".
Vətənin müdafiəsində dayanan igidlərimizin sözlərindən fərəhlənirik. Dönüb arxaya baxıram. Döyüş mövqeyinin timsalında müdafiə qalası görürəm.  Və mənə elə gəlir ki, bu anlarda "Xalqın güvəncisən, Azərbaycan əsgəri!" kəlmələrini eşidəcəm...

 

* * *

Ordu xalqın və dövlətin təhlükəsizliyinin təminantçısı, müstəqilliyini möhkəmləndirən və əbədi edən yenilməz qüvvədir. Ordunun əsas məqsədi və amalı torpağı, dövləti qorumaq, xalqın təhlükəsizliyini təmin etməkdir. Üzü səngərlərə - torpaqlarımızı erməni işğalçılarından qoruyan zabit və əsgərlərin yanına bu fikir və düşüncələrin yaratdığı yüksək ovqatla gedirik.
Zabit Rüstəm Məmmədovdan eşitdiyimiz sözlər də ovqatımızı xeyli yüksəldir. "Əsgərlərimiz Vətən borcunu şərəf və ləyaqətlə yerinə yetirirlər. Vətənpərvərlik hissi yüksək olan şəxsi heyətimiz birinci Qarabağ döyüşlərində igidlik və qəhrəmanlıq göstərən zabit və əsgərlərin qəhrəmanlıqlarını davam etdirməyə hər an hazırdır. Onlar yaxşı bilirlər ki, bu yol qəhrəmanların, torpağını, Vətənini ürəkdən sevənlərin yoludur, - zabit deyir. Onun bu sözlərindən torpaq ətri, qələbə qoxusu gəlir.
Belə xoş duyğuların cazibəsində ön xəttə yollanmağa hazırlaşırıq. Səngərlərə doğru uzanan yollar bizi qoynuna alır. Əsgərlərlə görüşün təşnəsindəyik.
Səngərlərə yaxın olan kəndlərdən keçirik. Ordumuzun gücünə, qüdrətinə arxalanan sakinlər doğma ocaqlarında arxayın yaşayırlar. Bilirlər ki, ordumuzun zabit və əsgərləri torpaqlarımızı göz bəbəyi kimi qoruyurlar.
Zabitlər Şəmməd İsmayılov və Rüfət Qasımov bu hərbi hissədə xidmət edirlər. Onların ikisinin də kifayət qədər döyüş təcrübəsi var. Zabitlər bizi səngərlərə aparacaq yolların hər addımına, hər qarışına bələddirlər.
Səngərlərə yaxınlaşdıqca torpağın ətri daha aydın hiss olunur. Əsgərlərimizin qollarını güc və qüvvə ilə dolduran da torpaq qoxusu, onun xoş ətri, rahiyyəsidir. Bu qoxu gündən-günə zabit və əsgərlərimizin gücü ilə bərabər ovqatını artırır, onları uğurlara istiqamətləndirir, qələbələrə ruhlandırır.
Yorucu olmayan yollar sanki bizi qolları üstünə götürüb irəli aparır. Qəhrəmanların, cəsurların məskəni olan ön xəttə yaxınlaşırıq. Bizə bələdçilik edən zabitlərin məsləhəti ilə kəsişən yolların girişində avtomobildən düşüb dərin qazılmış səngərlərdə ön mövqedə xidmət edən, əldə silah yurdumuza keşik çəkən oğullarımızın yanına gedirik.
Əsgərlərin xidmət etməsi üçün burada - ön xətdə hərtərəfli şərait yaradılıb. Bütün ehtiyat tədbirləri görülüb. Mövqeyə çatan kimi ilk olaraq leytenant İbrahim Süleymanlı ilə görüşüb söhbət edirik. Gənc zabitin üzündə bir qürur, gözlərində iftixar, sözlərində bir yenilməzlik duyulur. Xidmətinin və ömrünün ən şərəfli günlərini yaşayan leytenant İbrahim Süleymanlının səsində də bir ötkəmlik, bir məğlubedilməzlik hiss olunur. Bu səs əsl komandir səsidir:
- Əsgərlərimizin xidmət aparmaları üçün komandanlıq hərtərəfli şərait yaradıb. Biz də bu şəraitdən lazımınca bəhrələnirik. Növbədən qayıdan əsgərlərimiz burada istirahət edir, asudə vaxtlarını səmərəli keçirir, növbəyə gümrah qayıdırlar. Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirən əsgərlərimiz vətənpərvərdirlər. Onlar qoynunda doğulduqları Vətən torpaqlarını göz bəbəyi kimi qoruyurlar. Belə cəsur əsgərlərimizlə fəxr edirik.
Qısa söhbətdən sonra gənc zabitlə əsgərlərin yataq və istirahət otaqlarına baxırıq. Buradakı səliqə-sahman könlümüzü açır. Şəxsi heyətin istirahət etməsi üçün gözəl şərait yaradılıb. Növbədən qayıdan əsgərlər burada həm istirahət edir, həm də televiziya vasitəsi ilə ölkədə gedən uğurlu prosesləri, ordu quruculuğu istiqamətində aparılan islahatları tam rahatlıqla izləyə bilirlər. 
Əsgərlər üçün ön xətdə yaradılmış şəraitlə tanış olduqdan sonra leytenant İbrahim Süleymanlı ilə birlikdə səngərlərə yollanırıq. Səngərboyu addım-addım irəli gedirik. Ayağımızın altında qalan torpağın ətri, qələbənin qoxusu burada lap aydın hiss olunur. Elə bil torpağın ətri bir an içində bizim də gücümüzü artırır.
Hiss olunur ki, şəxsi heyət döyüşə hazır vəziyyətdədir. Əsgərlərimizin barmaqları tətikdədi, baxışları daim qarşı tərəfdə müşahidə aparır. Deməli, tətik hər an çəkilər, silahlar dilə gələr və torpaqlarımızda təxribat törətmək istəyən düşmənin niyyətinin qarşısı alınar. Gördüklərimizdən ürəyimiz açılır, qəlbimiz, könlümüz xoşlanır.
İşğalçıların mövqelərini müşahidə edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Musa Elnur əsgəri xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə edib. Bu müddət ərzində silahların sirlərinə yiyələnib, döyüş təcrübəsini artırıb. Vətənə olan sevgisi onu yenidən hərbi xidmətə - səngərlərə gətirib.
- Vətənə xidmət etmək hər birimizin borcudur, - çavuş Musa Elnur deyir. - Biz bu borcu şərəflə yerinə yetiririk. Torpaqlarımızı erməni işğalçılarından göz bəbəyimiz kimi qoruyuruq. Əsgərlərin torpağa ürəkdən bağlı olan vətənpərvərlik hissləri yüksəkdir. Əminik ki, bu hisslər bizi qələbəyə qovuşduracaq. Məğlubiyyətə məhkum olan düşmən bu hissin, bu yüksəlişin qarşısında dayana bilməyəcək. Çünki biz gücümüzlə, qüdrətimizlə erməni qəsbkarlarından qat-qat güclüyük, qələbə qazanmağa qadirik. Ən əsası odur ki, bu duyğu hamımızı qələbə ovqatına kökləyib. Belə  bir deyim var: "Böyük qələbələr döyüş meydanlarından əvvəl ürəklərdə qazanılır." İnşallah, gün gələcək ki, biz də ürəklərimizdə qazandığımız qələbələrimizi döyüş meydanlarında göstərəcəyimiz qəhrəmanlığımızla, igidliyimizlə təsdiq edəcəyik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cavid Salmanov, əsgərlərdən Elşən Nəsirov, Anar Mehdiyev və başqaları ilə də görüşüb söhbət edirik. Onlar da bir amalla xidmət edirlər: torpaqlarımızı işğaldan azad etmək. Sözlərində və gözlərində vətənpərvərlik hisslərini yaşadan zabit və əsgərlərimizlə söhbət etdikcə ürəyimiz sevinclə, qəlbimiz qürurla dolur.
Getdikcə hər addımda torpağın ətrini, qələbənin qoxusunu hiss edirik. Olduqca ülvi bir hissdir, heç vaxt ondan uzaqlaşmaq istəmirsən. Heç vaxt uzaqlaşmayacağıq da - bu hiss sonda bizi qələbələrə qovuşduracaq!

Ruslan HƏSƏNZADƏ, Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"