Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 10:00

“Müqəddəs borcumuzu yerinə yetiririk”

Bu gün müstəqil Azərbaycan Respublikasının güclü ordusu, sağlam cəmiyyəti və bütün dünyada böyük nüfuzu var. Müstəqilliyimizin qazanılması, nüfuzun əldə edilməsi heç də asan başa gəlməyib. Bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Bu xidmətlər isə daim yüksək qiymətləndirilib, diqqət və qayğıdan uzaq qalmayıb. Ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğu bir vaxtda Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanların diqqət mərkəzində saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin qarşısında duran prioritet məsələlərdən biridir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər şəxslərin hər dəfə ön xətdə yerləşən hərbi hissələrimizə səfəri, şəxsi heyətin məişət şəraiti ilə tanışlığı və hərbi qulluqçularımızı qiymətli hədiyyələrlə mükafatlandırması dediklərimizin bariz sübutudu. Səfərlərin əsas məqsədi əsgərlər arasında hərbi vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, onlarda ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.

Əsgər Əli Əhmədov:
- Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə yerləşən hərbi hissələrə gəlişi hər birimizin əhval-ruhiyyəsini yüksəltdi. Müdafiə Nazirliyinin rəhbər heyətinin bizimlə görüşməsi mənim və əsgər yoldaşlarımın xidmət müddətində ən unudulmaz hadisələrdən biri olaraq hafizələrimizə həkk olundu. Şübhəsiz ki, ordu sıralarında xidmət edən hər bir kəs Müdafiə naziri tərəfindən mükafata layiq görülmək istəyir. Bu gün çox sevincliyəm ki, Müdafiə nazirinin mükafatlandırdığı hərbçilərin sırasında mən də var idim. Bu, ön xətdə xidmət edən hərbi qulluqçu kimi məsuliyyətimi daha da artırdı. Keçirdiyim hissi sözlə ifadə etmək çətindir.  Bu hədiyyə bizə olan inamın, sevginin, göstərilən diqqətin simvoludur. Xidmətimin sonuna qədər də çalışacağam ki, bizə göstərilən etimadı layiqincə doğruldum. Rəhbər heyətin şəxsi heyəti tez-tez ziyarət etməsi, yaradılan şəraitlə tanış olması, qayğı və problemlərimizlə maraqlanması bizlərin timsalında bütün ordumuza göstərilən yüksək diqqətin nəticəsidir. Bu da hər birimizin döyüş ruhu və mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir, bizi nümunəvi xidmətə ruhlandırır. Bu gün düşmənlə üzbəüz mövqedə Vətənə olan övladlıq borcumuzu ödəyirik. Nə hava şəraiti, nə çətin relyef bizim müqəddəs amalımızı yerinə yetirməyə - torpaqlarımızı müdafiə etməyə mane ola bilməz. Komandirlərimiz tərəfindən keçirilən təlimatlara əsasən, hər birimiz ayıq-sayıq xidmət aparır, bu müqəddəs vəzifənin məsuliyyətini dərk edirik. Düşmən tərəfimizdən daim izlənilir. Düşmənin atəşkəsi pozmaq və digər təxribat xarakterli hərəkətlərinin qarşısı vaxtında alınır. Yeri gəlmişkən, qarşıdan gələn Novruz bayramı münasibətilə yaxınlarımı, doğmalarımı, xalqımızı təbrik edir, hər bir kəsin süfrəsinə bol ruzi-bərəkət arzu edirəm.
Əsgər Rasif Məhərrəmov:
- Müdafiə nazirimiz tərəfindən hədiyyəyə layiq görülənlərdən biri də mən oldum. Sevincimin həddi-hüdudu yoxdu. Çünki qiymətli hədiyyə xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr göstərən hərbçilərə verilir. Bu gün ordumuza göstərilən etimadın bir daha şahidi olduq. Nazirimiz tərəfindən hədiyyə ilə təltif olunmağım xidmətim müddətində ən yaddaqalan hadisədir. Mötəbər hadisə mən və əsgər yoldaşlarım üçün əvəzolunmaz stimuldur. Biz də öz növbəmizdə bizə göstərdiyi etimadı doğrultmağa borcluyuq. Ordumuzun gücü göz qabağındadır. Yerləşdiyi coğrafi mövqedən asılı olmayaraq, bizlər üçün yaradılmış müasir şərait xidmətimizi düzgün təşkil etməyimiz üçündür. Gündəlik fəaliyyətimiz üçün bölməmizdə lazımi şərait yaradılıb. Bundan başqa arsenalımıza daxil olan silahlar, müasir standartlara cavab verən sosial-məişət şəraiti ordumuza olan inamın təcəssümüdür. Bölməmizdə olan müasir müşahidə vasitələri ilə düşməni daim izləyir, hərəkətlərində məkrli niyyət, təxribat hiss edildiyi anda lazımi tədbirlər görülür. Xalqımız əmin olsun ki, müqəddəs borcumuzu yerinə yetiririk, bizə heç bir qüvvə mane ola bilməz. Müasir ordumuz Ali Baş Komandanın döyüş əmri ilə bu gün işğal altında olan torpaqlarımızı azad etmək, tarixi ədaləti bərpa etmək gücündədir. 

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR