Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 10:00

İkinci Dünya müharibəsi veteranları barədə sənədli filmlər hazırlanır

Bu il faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü beynəlxalq səviyyədə təntənə ilə qeyd ediləcək.
Həyatı və mübarizəsi hər birimiz üçün örnək olan İkinci Dünya müharibəsi veteranlarının sayı getdikcə azalmaqdadır. Rusiya Federasiyasında fəaliyyət göstərən "Üçüncü minillikdə təhsil" Regionlararası İctimai Fondu müharibə iştirakçılarının xatirələrindən ibarət video arxivin yaradılması kimi unikal bir təşəbbüs irəli sürüb. Qurum bu layihəni təkcə Rusiya Federasiyasında deyil, həm də MDB ölkələrində həyata keçirməkdədir. Bu günlərdə Azərbaycana gəlmiş İctimai Fondun çəkiliş qrupu paytaxtımızda müharibə veteranlarının döyüş xatirələrini lentə alıblar.
- 2020-ci il MDB ölkələrində faşizm üzərində Qələbənin 75-ci ildönümü ili elan edilib, - "Üçüncü minillikdə təhsil" Regionlararası İctimai Fondunun prezidenti Boris Vişnyak bizimlə söhbətində dedi. - Belə qərara gəlmişik ki, bu münasibətlə sənədli televiziya filmləri yaradaq. Bizim layihə belə adlanır: "Mənim müharibəm". Məqsədimiz Böyük Vətən müharibəsi iştirakçılarının xatirələrini lentə almaq və onların əsasında tərtibatına və təqdimatına görə müasir sənədli telefilmlər yaratmaqdır. Bu həm onların özləri, həm də sonrakı nəsillər üçün olduqca vacibdir. Sənədli filmlər bir daha göstərəcək ki, Qələbə necə çətinliklə qazanılıb və biz sülhə, əmin-amanlığa görə onlara borcluyuq.
Yaradıcı qrup döyüş xatirələrinə arxivlərdən götürülmüş, müharibədə çəkilmiş xronikanı və fotoları əlavə edir. Sonra sənədli filmlər Rusiya Federasiyasının mərkəzi və regional telekanallarında, həmçinin MDB dövlətlərinin kanallarında nümayiş etdiriləcək.
Fond sənədli filmləri təkcə Rusiyada çəkmir, həmçinin keçmiş sovet respublikalarında veteranlarla görüşüb onların döyüş yollarını lentə köçürür. Bundan öncə belə çəkilişləri Belarusda, Moldovada, Qazaxıstanda həyata keçiriblər. Layihə çərçivəsində çəkilişlərə Azərbaycandan beş müharibə veteranı cəlb edilmişdi. Azərbaycanın görkəmli hərb xadimi, Sovet dövründə məsul hərbi vəzifələr tutmuş general-polkovnik Tofiq Ağahüseynov, İsmayıl Fərəcov, Nazim Ramazanov, Valentina Şevçenko və Əlikişi Cümşüdov Azərbaycan Hərb Tarixi Muzeyində aparılan çəkilişlərdə bir daha keçdikləri çətin döyüş yollarına nəzər saldılar, tarixi Qələbənin necə çətinliklə əldə edildiyini söylədilər.
Xatırlatmağa dəyər ki, böyük zəfərin qazanılmasında xalqımızın da danılmaz xidmətləri olub. Müharibə ərazisində getməsə də, ölkəmizin bütün maddi sərvəti, əhalisi mahiyyət etibarilə müharibə üçün cəlb olunmuşdu. Soydaşlarımız həm ön cəbhədə vuruşmuş, partizan hərəkatında fəal iştirak etmiş, həm də arxa cəbhədə Qələbə üçün səfərbər edilmişdilər.
İkinci Dünya müharibəsi illərində sovet hərbi texnikasının 80 faizi Bakı yanacağı ilə hərəkətə gətirilirdi. Paytaxtımızda 130 növdən artıq silah və sursat istehsal olunurdu. Müharibə illərində ölkəmizdə beş diviziya formalaşdırılaraq cəbhəyə göndərilmişdi. Əgər 700 minə yaxın Azərbaycan vətəndaşı müharibəyə səfərbər edilmişdisə, onların təxminən yarısı cəbhələrdə həlak olmuşdu.
- Bakı şəhərində iki gün ərzində çəkilişləri yekunlaşdırdıq, filmlərin hazırlanması ilə bağlı digər işləri Moskvada davam etdirəcəyik, - Boris Vişnyak əlavə etdi. - Bizim burada fəaliyyət göstərməyimiz üçün göstərdikləri köməyə görə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə, Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Azərbaycanın Rus İcmasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.

Əbülfət MƏHƏRRƏMLİ, Azərbaycan Hərb Tarixi Muzeyi