Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 10:00

Qadınlar da nümunəvi xidmətləriylə fərqlənir

Ümummilli liderimiz Heydər Əliyevin qadın hüquqları ilə bağlı həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə  qadın əməyinə yüksək qiymət verilir. Ölkəmizdə qadınlar ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda fəal iştirak edir, səmərəli fəaliyyətləri ilə seçilirlər.
Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Azərbaycan Ordusunun bütün birlik, birləşmə və hərbi hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman  yüksək qiymətləndirilir.
Plana uyğun olaraq qadın hərbi qulluqçular təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Azərbaycan Ordusunda keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Kurslarda müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.
Bu gün ali hərbi təhsil ocaqları ilə yanaşı, Silahlı Qüvvələrin Hərbi Hospitalında və hərbi hissələrin xəstəxanalarında xidmət edən qadınlarımız zabit, gizir və əsgərlərin sağlamlıqlarının qorunması üçün əllərindən gələni əsirgəmirlər.
Eyni zamanda, birlik, birləşmə və hərbi hissələrdə Vətənimizi qoruyan əsgərlərə dadlı, yüksək kalorili yeməkləri qadın hərbi qulluqçular  hazırlayırlar.
Göründüyü kimi, qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da, mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Ümumiyyətlə, Azərbaycan Ordusunda xidmət edən bütün hərbi və mülki qulluqçu qadınlarımız öz hüquq və vəzifələrini dərk edərək, xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər.
Bütün bunlar onu sübut edir ki, ölkəmizdə qadınlar da kişilərlə bir sırada Vətənimizin daha da çiçəklənməsi, müdafiə qüdrətinin möhkəmlənməsi naminə səylərini əsirgəmirlər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda neçə-neçə qadın hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, döyüş orden və medallarına layiq görülüb. Qadınlar bu gün də hərbi peşələrə böyük maraq göstərərək Azərbaycan Ordusunda xidmət etmək istəyirlər.


Mayor Aygün Muradova:
- 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum. Burada hərbi biliklərə yiyələndim, təcrübəmi artırdım. 2004-cü ildən təhsil aldığım məktəbdə zabit kimi xidmətə başladım. Böyük həvəslə xidmət edir, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirirdim. Bacarıq və səriştəmi nəzərə alan komandanlıq 2014-cü ildə mənə kitabxana rəisi vəzifəsini tapşırdı. Hələ kiçik yaşlarımdan kitablara, mütaliəyə böyük marağım var idi. Yeni xidmət sahəsində işimə həvəslə başladım. Hərbi qulluqçularımız asudə vaxtlarında bura gələrək kitab oxuyurlar.

Təhsil ocağının professor-müəllim heyətinə, hərbi qulluqçulara böyük həvəslə xidmət edirik. Oxucularda mütaliəyə maraq oyatmaq məqsədi ilə onlara yeni ədəbiyyatlar haqqında məlumat veririk. Bayram və anım günlərində kitabxanada sərgilər təşkil edirik. Hazırda Xocalı faciəsini əks etdirən kitab, qəzet, jurnal və fotolardan ibarət sərgi açmışıq.

Dünyanın bütün inkişaf etmiş ölkələrində qadınlara müəyyən üstünlüklər verilir, diqqətlə yanaşılır. Bu gün dövlətimiz bu ənənəni uğurla davam etdirir. Cəmiyyətimizdə qadınların nüfuzu daim artırılır. Bütün bunlar isə biz qadınların işıqlı sabahlarından xəbər verir. Belə bir dövlətin vətəndaşı, belə bir ordunun zabiti olmaq xoşbəxtlikdir.

Gizir Hürnisə Əliyeva:
- Hərbçi olmağı çoxdan arzulayırdım. Bu istəyim 2014-cü ildə reallaşdı. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursu bitirdikdən sonra hərbçi kimi xidmətə başladım. Bu illər ömrümün ən mənalı dövrüdür. Çünki bu illər ərzində Silahlı Qüvvələrin hərbi qulluqçularının sağlamlığının keşiyində dayanmışam. Bu şərəfli və qürurverici işimi uğurla davam etdirirəm. 2 nömrəli tibb texnikumunda təhsil almışam. Orada qazandığım tibbi bilik və təcrübə hər addımda köməyimə gəlir. Poliklinikamıza müraciət edən hərbi qulluqçulara diqqət və qayğı ilə yanaşırıq. Müvafiq arayışların, göndərişlərin hazırlanması və verilməsi işində onlara lazımi köməklik göstəririk.

Poliklinikamıza hərbi qulluqçularla yanaşı, gələcəkdə hərbçi olmaq istəyən gənclər də həkim baxışından keçmək üçün müraciət edirlər. Onlara baxanda çox sevinirəm. Gənclər gündən-günə güclənən ordumuzun sıralarına böyük həvəslə qoşulurlar. Onlar qəhrəmanlarımızın döyüş yollarını şərəflə davam etdirəcəklər.

Gizir Gülnar Niftalıyeva:
- Ulu öndər Heydər Əliyevin dediyi "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik" sözləri qadınlara verilən qiymətdir. Bu gün həmin siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə davam etdirir. Bu isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir. Azərbaycan Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi və bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanması da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunu təsdiqləyir. Mən də bir qadın kimi fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam, Azərbaycan Ordusunun hərbi qulluqçusuyam.


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Gülnarə İsmayılova:
- Uşaq vaxtlarından hərb sənətinə sevgim sonsuz olub. Özümü dərk edəndən hər zaman hərbçi olmaq, Vətənimizin müdafiəsində dayanmaq istəyirdim. Bir neçə ildir ki, operator vəzifəsində xidmət edirəm. Komandirlərimizin verdiyi əmr və tapşırıqları dəqiq və vaxtında yerinə yetirirəm. Bölmələrdən aldığım məlumatları yuxarı komandanlığa çatdırıram. Gün ərzində tez-tez postlarla əlaqə saxlamaq lazım gəlir. Hər zaman işimə məsuliyyətlə yanaşaraq, təcili xəbərləri dərhal müşahidə dəftərində qeyd edib komandanlığa məruzə edirəm.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlhamə Nəsirova:
- Səkkiz ildən çoxdur ki, "N" hərbi hissəsində aşpaz vəzifəsində xidmət edirəm. Bütün əsgər analarını bu bayram münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı arzulayıram. Hərbi hissədə əsgərlər üçün hər cür şərait yaradılıb. Tam arxayın olsunlar ki, övladları heç nədən korluq çəkmədən müqəddəs vəzifələrini yerinə yetirirlər. Biz də onları öz övladlarımız bilirik.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məryəm Kərimova:
- Hər kəs ordumuzla fəxr edir. Ordu bizim qürur mənbəyimiz, güvənc yerimizdir. Mən bu qüruru ikiqat yaşayıram, çünki illərdir ordu sıralarında xidmət edirəm. Biz uşaqlıqdan orduya, zabitimizə, əsgərimizə sevgi və rəğbətlə böyümüşük. Orta məktəbdə müəllimlərimiz, evdə valideynlərimiz həmişə şərəfli peşə sahiblərindən ağızdolusu danışar, hərbçilərin müqəddəs vəzifələr yerinə yetirdiyini deyərdilər. Hazırda həmin peşə sahibləri ilə bir arada dayanmaqdan, hərbi mundir daşımaqdan qürurlanıram. Heç bir çətinlik çəkmədən xidmətim uğurla keçir, vəzifələrimin öhdəsindən layiqincə gəlirəm. Biz üzərimizə düşən məsuliyyəti və gördüyümüz işin mahiyyətini yaxşı dərk edirik.

"Azərbaycan Ordusu"