Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 10:00

Hərbi hissənin yaranması günü qeyd olundu

Bu günlərdə "N" hərbi hissənin yaranması günü qeyd olundu. Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Ümummilli Liderin abidəsi və şəhidlərin məzarları önünə əklil və tər çiçəklər düzərək ehtiramlarını bildirdilər. Müqəddəs ocaqda 1992-ci ilin oktyabrında Vəng kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanan ehtiyatda olan baş leytenant Nizami Əhmədov söz alaraq bildirdi ki, əlil olsa da, Ali Baş Komandanın əmriylə döyüşməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır.
“Azərbaycan Bayrağı” ordenli şəhid leytenant Yaşar Rəhimovun qardaşı Habil Rəhimov da şəhidləri ziyarət edənlərin sırasındaydı: - Qardaşımın döyüşçü yoldaşlarının bir çoxu ilə xoş münasibətim var. Yaşar döyüşdə şəhid olanda onlar yanında olub. Həm öz yerimə, həm də Yaşarın yerinə torpaqlarımızı yağılardan təmizləməyə hazıram.
Tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdi. Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Ehtiyatda olan polkovnik Nazim Əhmədov hərbi hissənin döyüş yolu haqqında geniş məlumat verdi. Sonra polkovnik Oruc Abdullayev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun hərbi hissənin döyüşçülərinə ünvanladığı təbrik məktublarını çatdırdı. Müdafiə nazirinin döyüşçülərə ünvanladığı təbrik məktubunda deyilirdi: "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə bir çox uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, nəticədə 40-dan çox yaşayış məntəqəsini azad etmişdir. Uğurlu hərbi əməliyyatların iştirakçısı olmuş bu döyüşçülərin torpaqlarımızın azadlığı naminə həmrəy olmaları hərbçilər arasında böyük ruh yüksəkliyinə səbəb olmuşdur...".
"N" hərbi hissəsində tabor komandiri olmuş ehtiyatda olan mayor Pənah Məmmədov taborun döyüş yolundan danışaraq qeyd etdi ki, bu hərbi hissədə xidmət etmiş Vəzir Orucov, Yusif Mirzəyev, Kərim Kərimov və başqaları döyüşlərdə göstərdikləri şücaətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, ehtiyatda olan baş gizir Tapdıq İbrahimov, Qarabağ əlili Osman Şahverdiyev də hərbi hissənin döyüş yolundan danışdılar. Kursantlar və müharibə iştirakçıları hərbi hissənin keçdiyi döyüş yolunu əks etdirən qısametrajlı filmə baxdılar.
Sonda keçmiş döyüşçülərə və bəzi tədbir iştirakçılarına Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəhbərinin qiymətli hədiyyəsi və "Təşəkkürnamə"si təqdim olundu.

"Azərbaycan Ordusu"