Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 10:00

Qələbəyə az qalıb!..

Bəşəriyyətə yaxşı məlumdur ki, insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn fəaliyyət isə cəmiyyətdə layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirən bu insanların gənc yaşlarında ömrün kamillik zirvəsinə yetişməsinə yardımçı olur.
Belə insanlardan biri - 1996-cı ildə Salyan rayonunda dünyaya göz açan, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan, Aprel döyüşlərində fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif olunan gənc zabit kapitan Elvin Əhədovla "N" hərbi hissəsində tanış olduq.
Söhbət zamanı zabit tariximizin səhifələrinə qızıl hərflərlə yazılan, qürur mənbəyimiz olan Aprel döyüşlərindən söz açdı. "Aprel döyüşləri Azərbaycana döyüş əzmi gətirdi. Qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altında olan mühüm əhəmiyyətli yüksəklikləri və əraziləri işğaldan azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir qismi tarixi sahibinə qovuşdu. Azad olunan ərazilərdə üçrəngli bayrağımız dalğalandı".
"Aprel döyüşünə qatılan hər bir Azərbaycan əsgəri və zabiti yalnız bir amal uğrunda vuruşurdu - irəli getmək və qələbə qazanmaq", - deyə gənc zabit sözünə davam etdi. - İşğal altında olan digər rayonlarımızda da bayrağımızı dalğalandırmaq istəyi bizi döyüşə ruhlandırırdı. Aprel döyüşlərinin nəticəsi göstərdi ki, Azərbaycan zabiti və əsgəri qürurlu, cəsarətli, əyilməzdir. Bu döyüşlər Azərbaycan əsgərinin yenilməzliyini, eyni zamanda, Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu sübut etdi.
Kapitan Elvin Əhədov Müdafiə naziri general-polkovnik Zakir Həsənovdan "İgidliyə görə" medalını almasının sevincini də bölüşməyi yaddan çıxarmadı. "Azərbaycan Ordusunun zabiti olmağımla hər zaman qürur duymuşam. Aprel döyüşlərinə və bu döyüşlərin nəticəsi olaraq təltif olunduğum "İgidliyə görə" medalına görə keçirdiyim qürur hissi isə başqa bir söhbətin mövzusudur. Müdafiə naziri medalı təqdim edərkən dedi: “Azərbaycan Ordusu bu gün yüksək inkişaf dövrünü yaşayır. Aprel döyüşləri də bunu sübut etdi. Bu inkişafın sabahkı taleyi sizin - gənc zabitlərimizin əlindədir. Dövlətimiz sizə hər cür qayğı göstərməkdədir. Mən sizdən - sabahın qalib əsgərlərini yetişdirənlərdən Vətənimizə yorulmaz xidmət gözləyirəm. Aprel döyüşlərində göstərdiyiniz rəşadət ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bu gün Sizə təqdim edilən "İgidliyə görə" medalını Azərbaycan Ordusunun bütün şəxsi heyətinə verilən medal hesab edirəm".
Gənc zabit onu da qeyd etdi ki, ünvanına Müdafiə nazirinin dediyi xoş sözləri özünə təqdim edilən medal qədər dəyərli hesab edir. "Bu gün dövlət və ordu rəhbərliyinin bizlərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Ordusunun şəxsi heyətində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hərbi qulluqçular da öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan ordumuz bütöv və müstəqil Azərbaycan naminə bütün gücünü səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, Prezidentinə, Ali Baş Komandanına arxalanır. İnanırıq ki, bu etimaddan güc alan Azərbaycan Ordusu tezliklə Azərbaycan xalqını işıqlı sabahlara aparacaq. Qələbəyə az qalıb!..

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"