Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2020 10:00

“Qələbəmizi şəhidlərimizə həsr edirik”

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı ordu idmanını da əhatə edir. Bu diqqətin nəticəsidir ki, hərbçilər istər respublika, istərsə də beynəlxalq idman arenalarında uğurla çıxış edirlər. Bu, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşıldığının bir daha sübutudur. Əsgərlərin döyüş hazırlığının artırılmasında idmanın rolu əvəzsizdir. Buna görə də ordu quruculuğunda bu sahə daim diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif işlər görülür. Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən, hər il ordu miqyasında müxtəlif idman növləri üzrə yarışlar, birinciliklər, kütləvi idman tədbirləri keçirilir. 2020-ci ildə ilk belə tədbir Xocavənd rayon İdman Mərkəzində keçirildi. 2017-ci ilin fevral ayında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunan daşqaldırma üzrə ordu birinciliyində ayrı-ayrı qoşun növü və birləşmələrində xidmət edən hərbi qulluqçular mübarizə apardılar. Üç gün davam edən birinciliyin sonunda 6 çəki dərəcəsi üzrə 80 idmançı iştirak etdi. Yarışlardan sonra qaliblərlə görüşdü“Qələbəmizi şəhidlərimizə həsr edirik”k.


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şamo Ələsgərov:

- Uşaqlığım dağlıq ərazilərdə keçib. Gündəlik fəaliyyətimiz fiziki cəhətdən daha yaxşı formalaşmağıma zəmin yaradıb. 7-8 yaşımdan idmanla da məşğul olmağa başladım. Hər gün kənddən rayon mərkəzinə idman zalına məşqlərə gedirdim. Əvvəl güləşlə, sonra karate ilə məşğul oldum. Məktəbi bitirdikdən sonra daşqaldırma ilə məşğul olmağa başladım.
- Peşəkar idmançı olmaq istəyini hərbçi olmaq istəyi tamamladı.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şamo Ələsgərov:
- Bəli. Xidmətimlə bərabər, idman fəaliyyətimi də davam etdirirəm. Xidmət etdiyim bölmədə bunun üçün bütün növ idman avadanlıqları ilə təchiz olunan idman şəhərciyi var. Bununla yanaşı, mütəmadi olaraq keçirilən birinciliklər, yarışlar idmana olan həvəsimizi daha da artırır. Onu da deyim ki, döyüş hazırlığı fiziki hazırlıqdan birbaşa asılıdır. Biz daim döyüş əmrinə hazır olan əsgərlərik. Nə qədər güclü və dözümlü olsaq, döyüş tapşırıqlarını o qədər çevik və dəqiq yerinə yetirə bilərik.
- Həvəs, maraq həyat yolunu müəyyənləşdirirsə, bu, artıq fəaliyyətdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Marat Şeydabəyov:
- Həvəs, maraq real imkanlara söykənməyəndə nəticə verə bilməz. Mən də idmana adi maraq kimi baxmamışam. Ona görə də yarışlarda uğurlar qazana bilirəm. Hərbi xidmətdə də fiziki hazırlığıma daim diqqət edir, mütəmadi olaraq idmanla məşğul oluram. İkinci dəfədir ordu birincisi oluram. Bu birinciliyin şəhidlərimizin xatirəsinə həsr olunması qalib olmaq istəyimi daha da artırdı. Daha əzmkar və iradəli mübarizə apardım. Sevincimin və həyəcanımın həddi-hüdudu yoxdu. Şəhidlərimizin xatirəsinə həsr olunan birincilikdə iştirakçı olmaq da qürurvericidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Taleh Şıxəliyev:
- Belə yarışlarda qalib gəlməkdən daha əsas olan odur ki, bütün iştirakçılar yüksək fiziki hazırlıq, dözümlülük və iradə nümayiş etdirdilər.
- Yəni, bu yarışda iştirakçılar qalib gəlməyi digər yarışlarla müqayisədə daha çılğınlıqla arzulayırdılar, eləmi?
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şamo Ələsgərov:
- Bəli.  Belə yarışların bu cür yüksək səviyyədə təşkil olunması bizə göstərilən diqqət və qayğının bir daha təzahürüdür. Bu gün cüzi fərqlə həmkarlarımdan üstün ola bilərəm, lakin qələbə hamımızın, ordu idmanınındır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Marat Şeydabəyov:
- Mən də hərbçi olmağı qərara almışdım. İndi hərbi xidmətdəyəm. Hərbçi olmağım həm də mənim fiziki cəhətdən möhkəm olmağımı tələb edir. Yəni, adi məşqlər buna nail olmağa şərait yarada bilməz. Ciddi, müntəzəm məşqlər lazımdır və biz də belə edirik.
Əsgər İmar Qarayev:
- Hərbi xidmətə çağırılmazdan əvvəl də bu idman növü ilə məşğul olmuşam. Bir neçə nailiyyətim də olub. Lakin heç biri bu qədər sevindirici olmamışdı. Çünki bu birincilik öz qəhrəmanlıqları ilə yaddaşlarımıza əbədi həkk olunan igid qardaşlarımızın xatirəsinə həsr olunmuşdu.
- Hər yarış istər iştirakçıları, istərsə də tamaşaçıları bunca duyğulandıra bilmir.
- Əlbəttə. Bu yarış mahiyyət etibarilə vətənsevərliyin, şəhidlərin ruhuna ehtiramın təzahürüydü.
Əsgər Elsevər Zeynalov:
- Birincilik çox maraqlı keçdi. Sevinirəm ki, mən də qalib gəldim. İdman ən çox sevdiyim məşğuliyyətdir. Güləş üzrə bir neçə dəfə rayon birincisi olmuşam. İdmançı qələbə qazanmaq üçün yaxşı məşq etməlidir. Fiziki hazırlığını daim yüksəltməlidir. Bunun üçün də hərbi hissəmizdə mütəmadi olaraq idmanla məşğul oluruq. Hər cür idman avadanlığımız da var.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Marat Şeydabəyov:
- Mükafatlandırılmaq üçün kürsüyə dəvət olundum. Dövlət himnimiz səsləndiriləndə şəhidlərimizə xitabən demək istədim ki, biz sizin döyüş yolunuzu davam etdirəcəyik, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Taleh Şıxəliyev:
- Bu birincilikdə iştirak etməyin sevincini mən də yaşayıram. Təkcə iştirakçı kimi deyil, həm də qalib kimi. Belə yarışlarda qalib gəlməkdən daha əsas olan odur ki, bütün iştirakçılar yüksək fiziki hazırlıq, dözümlülük və iradə nümayiş etdirdilər. Bu da bir daha sübut edir ki, istənilən hərbi əməliyyatı yerinə yetirməyə bizim həm döyüş hazırlığımız, həm də fiziki gücümüz çatır. Xatirələri anılan şəhidlərimizin də ruhu qarşısında baş əyirəm. Nə böyük xoşbəxtlikdir ki, belə qəhrəman oğullara sahib bir xalqın nümayəndəsi, Vətəni uğrunda son damla qanına qədər şücaət göstərən igidlərin xidmət etdiyi ordunun hərbçisiyəm.
Seçdiyim bu şərəfli peşədə nümunəvi xidmət edib, qəhrəman oğullarımızın yolunu davam etdirməyi özümə mənəvi borc bilirəm. Bu qəhrəmanlıq, mübarizlik bizə atalarımızdan gəlir. Xalqımız tarix boyu torpaqlarımıza tamahlananlarla vuruşub. Bu gün də hər birimiz xalqımızın vətənsevərliyinin, torpaqsevərliyinin daşıyıcısıyıq. Vətən üçün, torpaq üçün döyüşənlərin qəhrəmanlıq yolunu davam etdiririk. İştirakçısı olduğum bu birinciliyin də əsas məğzi şəhidlərimizin anılması və əziz xatirələrinin daim yaşadılmasıdır. Qələbəmizi şəhidlərimizə həsr etmişik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Marat Şeydabəyov:
- Torpaqlarımız işğaldan azad ediləndə şəhidlərimizin ruhuna deyəcəm ki, biz sizin adınıza layiqli əsgər olduq.
Əsgər İmar Qarayev:
- Hərbi xidmətdə bizə yüksək təminatla yanaşı, idman etməyimiz üçün də yaxşı şərait yaradılıb. Hərbi xidmətdə biz həm döyüş, həm də fiziki hazırlığımızı artırırıq. İdmanla daimi məşğul oluruq ki, sağlam və dözümlü olaq. Çünki bizim qarşımızda  müqəddəs vəzifə durur: torpaqlarımızı işğaldan azad etmək. Bu yarış qaliblərin də, iştirakçıların da xatirəsində illərlə yaşayacaq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Mübariz Balakişizadə:
- Bu idman növü üzrə artıq beşinci dəfədir ordu birinciliyinin qalibi oluram. Qazandığım qələbələr məndə arxayınlıq yaratmır. Məşqlərə ara vermədən və əzmkarlıqla davam edirəm. Çünki fiziki cəhətdən güclü və hazırlıqlı olmaq bizim üçün olduqca əhəmiyyətlidir. Fiziki hazırlıq həm döyüş qabiliyyətini artırır, həm də sağlamlığı möhkəmləndirir. Birincilik idman yarışı ilə yanaşı, həm də hərbi vətənpərvərlik tədbiri kimi də yaddaşlarımızda qaldı.
 
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"