Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2020 10:00

“Vətənə xidmət edirik”

Ordu quruculuğu dövlət üçün prioritetdir. Buna görə də bu istiqamətdə həyata keçirilən tədbirlər  şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edir. İstər gənc əsgərlərin Hərbi andiçmə mərasimləri, istər "Açıq qapı" günləri, istərsə də genişmiqyaslı  təlimlər ordu-ictimaiyyət münasibətlərini daha da möhkəmləndirir.
Ordu miqyasında  keçirilən müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsində müstəsna rol oynayır. Belə təlimlər həm də döyüş əzmini, qələbə ruhunu dönməzləşdirir. Hərbi qulluqçular - zabitlər də, gizirlər də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da, əsgərlər də Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar və ordumuz Böyük Qələbəni qazanmağa qadirdir.
Genişmiqyaslı komanda-qərargah təlimin gedişində Müdafiə naziri general-polkovnik Zakir Həsənov  hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli  hədiyyə təqdim edib. Bu, mənəvi-psixoloji hazırlıq baxımından dəyərləndirilməlidir.
Təltif edilənlərdən biri də gizir Vüqar Məcidovdur.
- Mən hərbi xidmətə Qax rayonundan çağırılmışam. Orta məktəbdə oxuyanda digər həmyaşıdlarım kimi, mən də ordu sıralarında xidmətin nə dərəcədə qürurlu olduğunu bilirdim. Hərbi and içəndə bu qüruru daha duyğusallıqla yaşadım.
Hərbi xidmətimi başa vurduqdan sonra da orduda qalıb xidmət etmək qərarına gəldim və bu gün də Vətənimə şərəflə xidmət edirəm.
2014-cü ildə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidmətdə fərqlənən hərbi qulluqçu kimi məni də təltif  etmişdi. Bu, mənim Müdafiə naziri tərəfindən ikinci təltifimdir. Çox qürurlanıram. Bu qürur məsuliyyətin artırılması deməkdir. Mən bundan sonra da Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcəyəm. Müdafiə nazirinin hədiyyəsi təkcə məni deyil, mənim xidmət yoldaşlarımın da sevincinə səbəb oldu. Əsgər dostluğu belə təltiflərin sevincini hamılıqla yaşatmağa qadirdir. Biz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan tamamilə azad etməyə hazırıq. Ən böyük təltifimiz Böyük Qələbənin sevincini yaşamaq olacaq, - gizir Vüqar Məcidov bildirdi.
Əsgər Murad Əliyev də təltif olunanlar sırasındadır. Onun dediklərindən:
- Hərbi xidmətə Saatlı rayonundan çağırılmışam. Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Döyüşlər haqqında televiziyadan eşidirdik. Sonra qəzetlərdən oxuduq. Sinif yoldaşlarımla söhbət zamanı niyə 5-6 yaş böyük olmadığımıza çox təəssüflənirdik. İndi hərbi xidmətdəyəm. Əsgərəm. Xidmətimin ilk vaxtlarında müəyyən çətinliklərim olub. Ancaq zabitlərimizin, təcrübəli əsgər yoldaşlarımın köməyi, tövsiyələri ilə bu çətinlikləri aradan qaldırmağı bacarmışam.
Mən əsgər olaraq çox qürurluyam. Müdafiə naziri general-polkovnik Zakir Həsənov nümunəvi xidmət edən bir əsgər kimi məni də təltif etdi. Bu təltifə görə Müdafiə nazirinə, hərbi hissəmizin komandanlığına, hərbi biliklərə yiyələnməyimdə zəhməti olan zabitlərimizə və əsgər yoldaşlarıma  təşəkkür edirəm.
Hər birimiz Ali Baş Komandanın döyüş əmrinə hazırıq. Əminik ki, qüdrətli ordumuz tezliklə torpaqlarımızı işğaldan azad edəcək.

"Azərbaycan Ordusu"