Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2020 10:30

“Vətən mənə oğul desə...”

Uşaqlıq dünyasının könüləyatımlı qəribəliklərinə hamımız yaxşı bələdik. Bu qəribəliklərin nizamlı, məntiqi, bir-birinə bağlı düzümünə kimsə şübhə edə bilməz. Dəfələrlə müşahidə də etmişəm, eşitmişəm də ki, uşaq atasından, müəllimlərindən soruşub: Ermənilər bizdən nə istəyir? Gözlənilməz sual qürurla dinlənilir, qürurla düşündürür, qürurla da cavablandırılır. Bu sual, belə sual, bu çılğınlıqda bunu Vətən sevgisinin təzahürü bilmişəm. Müşahidə edəndə də ürəyim dağa dönüb, eşidəndə də - uşaqların bu ruhda böyüdüyünə görə, bu ruhla cavanlaşacaqlarına, bu ruhla əsl vətəndaş kimi formalaşacaqlarına görə.
Belə sualları atasına, babasına Fariz də verib. Eşitdiyi cavablar onu da uşaqlıq dünyasından yeniyetməliyə, yeniyetməlikdən çağırışçı yaşına çatdırıb.
Fariz hərbi xidmətə çağırılanda bir vaxtlar atasına, babasına verdiyi sualı da xatırlayır, aldığı cavabı da: “Azərbaycan əsgəri ermənilərin murazını gözündə qoyacaq. Sən də əsgər olacaqsan. Sən də torpaqlarımızın keşiyini çəkəcəksən.” Bu dəfə o sualı özü cavablandırıb, cavabı ancaq özü eşidib: “Azərbaycan Ordusu güclüdür, qüdrətlidir. Torpaqlarımız işğaldan azad olunacaq. Mən də döyüşlərdə iştirak edəcəm!..”
Sonuncu sinifdə oxuyanda ədəbiyyat müəllimi soruşmuşdu: Əsl vətəndaş kimdir? Onda müəllimi onun da cavabını bəyənmişdi:
- Əsl vətəndaş ömrünü Vətən üçün yaşayanlardı. Hərbçilər ömrünü Vətən üçün yaşayırlar. Biz də əsgər olacağıq, biz də ömrümüzü Vətən üçün yaşayacağıq.
Fariz İmanov əsgərdi, ömrünü Vətən üçün yaşayanların sırasındadı. O da komandirlərinin, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə, vaxtında yerinə yetirir. Hərbi Nizamnamələri öyrənir də, onların tələblərinə əməl edir də. Bu səbəbdən leytenant Mirhəsən Seyidli nümunəvi əsgərlər sırasında Fariz İmanovu da fərqləndirdi.
- Atamdan da eşitmişəm, müəllimlərimdən də, qəzetdə də oxumuşam ki, Vətən borcu hərbi xidmətlə tamamlanmır. Mən də yaxşı əsgər kimi, torpaqlarımızı işğaldan azad etmiş qalib əsgər kimi tərxis olunmaq istəyirəm. Komandirlərimizin öyrətdiklərini böyük həvəslə, istəklə öyrənirəm. Yaxşı əsgər yüksək hərbi biliklərə də malik olmalıdır, - əsgər Fariz İmanov belə dedi.
Əsgər Fariz İmanovla söhbətləşdik. Aprel döyüşlərindən, Günnüt zəfərindən, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlardan danışdıq. Əsgərin dünyaduyumunu da bəyəndik, düşüncələrini də, vətənsevərliyini də; sözarası Məmməd Arazın bir beytini dedi:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Bu istəklə yaşayır əsgər Fariz İmanov.
Əsgər Fariz İmanovun nümunəvi xidmət edəcəyinə də inandıq, istəyinə çatacağına da - qalib əsgər kimi tərxis olunacağına da...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"