Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2020 10:28

Varlığımızla Vətənə bağlıyıq

Vətənin hər bir insanın həyatında müqəddəs yeri var. İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq "ana Vətən" kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyur, hiss edir.
Hələ kiçik yaşlarımızdan valideynlərimizin dilindən "Vətən anadır" - kəlməsini eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq.
Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün səylə çalışmalıdır. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmaq uğrunda mübarizə aparmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun qəhrəmanlıq keçmişi, sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır.
Gənclik və yeniyetməlik illərində təhsil aldığım məktəbdə  keçirilən bir çox yarışlarda, hərbi idman oyunlarında fəal iştirak edirdim. "Üfüqdə parıltı", "Şahin" və başqa hərbi vətənpərvərlik oyunları bizim fiziki hazırlığımızı gündən-günə artırırdı. İbtidai hərbi hazırlıq fənnini tədris edən müəllimdən eşitdiyim sözlər heç yadımdan çıxmır. Müəllimimiz deyirdi: "Demə Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm?". Həqiqətən, çox gözəl və dəyərli sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da biz Vətən övladlarıyıq. Vətən torpağı bizim üçün toxunulmaz və müqəddəsdir.
Əsl vətəndaş odur ki, öz Vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevsin, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an döyüşə, vuruşa hazır olsun.

Mayisə ƏSƏDULLAQIZI, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü