Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2020 10:27

Azərbaycan Ordusunun zabiti! - qürurla səslənir

Hərbi hissələrdə nümunəvi xidməti ilə seçilən gənc zabitlərimizlə tez-tez rastlaşırıq. Belə zabitlərimizdən biri də leytenant İsmayıl Məmmədzadədir.
Hələ yeniyetmə yaşlarından hərbi mundiri geyinmək arzusunda olan İsmayıl 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Valideynləri onun bu qərarını dəstəkləyib, müvəffəqiyyətlər arzulayıblar. Hərbin sirlərinə yiyələnməyə başlayan İsmayıl hələ bu şərəfli yolun astanasında idi. Məqsədinə doğru mətin addımlarla irəliləyən kursant İsmayıl Məmmədzadə 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. Uşaqlıqdan arzusunda olduğu leytenant hərbi rütbəsiylə gənc zabit düşmənlə təmas xəttində yerləşən bölmələrdən birinə xidmətə yollanır. Hərbi hissədə bilik, bacarıq və nümunəvi davranışı ilə yuxarı komandanlığın rəğbətini qazanan zabit hərb peşəsinə yiyələnməyin qürurverici olduğunu bildirdi.
- Vətəni qorumaq hər birimizin üzərinə düşən müqəddəs borcdur. Hər bir Azərbaycan kişisi hərbi mundiri geyinir, Vətənimizin keşiyində dayanır. Ancaq Vətənə xidmət yalnız əsgəri xidmətlə bitmir. İstənilən sahədə ölkəmizə, millətimizə xidmət edə bilərsən. Yalnız bunun üçün dövlətinin, millətinin mənafeyini özündən üstün tutmalısan. Əsgərlər müddətli xidmətlərini bitirdikdən sonra mülki həyata qayıdırlar. Çalışmalıyıq ki, hərbi xidmətdə olduqları müddətdə onları yüksək əxlaqi keyfiyyətlərə sahib olan layiqli vətəndaş kimi formalaşdıraq. Bir tərəfdən bacarıqlı döyüşçü, digər tərəfdən isə gələcəyin layiqli vətəndaşını yetişdirmək çox məsuliyyətlidir. Tabeliyində xidmət edənlərin taleyi bizə tapşırılır. Ancaq Vətən sevgisi bütün maneələri üstələyir. Məncə bu şərəfli peşəni seçən hər kəs çətinliklərə sinə gərməyə hazır olmalıdır. Torpaqlarımızın bir qisminin düşmən tapdağında olduğu bir zamanda, o yerlər bizdən hünər gözləyir. Qələbəyə gedən yol uzaqda deyil. İnanıram ki, tezliklə Ali Baş Komandanın döyüş əmri ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik. Ermənilərin törətdikləri vəhşiliyin cavabını layiqincə verəcəyik.
Leytenant İsmayıl Məmmədzadə "Zabit olmağa nə vaxt qərar vermisən?" sualına cavab olaraq bildirdi ki, xalası oğlu leytenant Emin Əliyevi özünə örnək götürüb. "Emini hərbi mundirdə görəndə fərəhlənirdim. Ancaq xalam oğlu az bir müddət bu şərəfli peşənin nümayəndəsi oldu. O, düşmənlə təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Bu itki qəlbimdə, ailəmizdə dərin iz qoydu. Ancaq onun yolunu davam etdirdiyim üçün fəxr edirəm. İnanıram ki, Eminin qismində bütün şəhidlərimizin qisasını alacağıq."
Tabeliyində xidmət edənlərə qarşı son dərəcə tələbkar və qayğıkeş olan zabit dedi ki, komandir hər şeydən əvvəl kollektivdə şəxsi nümunə olmağı bacarmalıdır. “Bundan ötrü gərək özünə qarşı ikiqat tələbkar olasan. Mütəmadi olaraq mütaliə etməli, zahiri görünüşünə fikir verməli, şəxsi heyətinin təlim-tərbiyəsi, qayğısı ilə maraqlanmalısan.”
Zabitlə söhbətimiz xoş təəssüratlarla yekunlaşdı. Bu müqəddəs və şərəfli yolda ona uğurlar arzulayırıq.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"