Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2020 10:26

“Qələbəniz bəşərilik qələbəsi olacaq!”

"Açıq qapı" günündə ön xətdə yerləşən hərbi hissədə ataların əsgərlərə xitabən dediklərini vətənsevərlik düşüncələri bilmişdim: "Bu günün əsgəri dünənin əsgərindən daha güclüdü, yəni, sizin hər biriniz atanızdan daha güclüsünüz". "Biz hərbi xidmətə çağırılanda Şəhriyarın "Heydər babaya salam"ını makinada çoxaldılmış nüsxəsindən oxumuşduq. Böyük şairin bu poetik salamını müstəqilliyə verilən salam bilmişdik...", “Biz tələbə olanda Eldar Baxışın Azərbaycan poeziyası adından yazılmış "Zori Balayana məktub"u hamımızın əzbərindəydi. Onu "xırda budaqların üstə oturub böyük budaqları silələyənlərə" xalqın adından deyilən xəbərdarlıq kimi oxumuşduq, belə də dərk etmişdik..."...
"Açıq qapı" günündə atalar mətləbini əsgərlərə ünvanlamışdı, mən - əsgərlərin atala-rına:
- Siz də, biz də tələbə olanda ruhumuz sıxıntılar içindəydi. Siz də, biz də tələbə olma-mışdan çox əvvəllər Bakıda Çəmbərəkənd olub, rus imperiyası onun yerində Dağüstü park salmışdı. Balalarımız tələbə olanda Dağüstü park tarixdən silindi, yerində xalqın müstəqillik abidəsi kimi tarixləşən Şəhidlər xiyabanı yarandı...
Zabit deyilənləri səmimiyyətlə dəyərləndirmişdi, əsgər atalarına "Sizin düşüncələriniz əsgərlərimizin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olacaq", - demişdi. Onda eyni səmimiyyətlə zabitin əlini sıxan əsgər atası fikrini belə ifadə etmişdi: "Ailədə aşılananlar məktəbdə, ailədə və məktəbdə aşılananlar hərbi xidmətdə davam etdirilir, yəni, oğulların əsl vətəndaş kimi formalaşması hərbi xidmətlə tamamlanır". Mükalimələşməni zabitin timsalında ordunun, əsgər atasının timsalında ictimaiyyətin mükalimələşməsi bilmişdim. Zabit də, əsgər atası da məmnunluqla gülümsünmüşdü. Biri digərini tamamlayan bu təbəssümlər şükranlığıydı...
Söhbətə başlanğıc kimi bunları xatırladıram.
Zabit qüruru inam, inamı qürur kimi ifadə edən kəlmələrində qürur da var, inam da:
- Çağırışçı hərbi xidmətə müəyyən fiziki, mənəvi hazırlıqla gəlir. Hərbi xidmət bunları genişləndirir, dərinləşdirir, təkmilləşdirir. "Azərbaycan Ordusu" qəzetində dərc olunmuş bir reportajda yazıldığı kimi, "Əsgər hərbi xidmətə başlayanda nəyi qoruyacağını hərbi xidmətdə öyrənir". Bu proses elmi əsaslarla aparıldığına görə yüksək döyüş hazırlığına malik olan əsgərin mənəvi-psixoloji hazırlığı da yüksəlir. Bu yüksəliş Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa qadir olan yüksəlişdir.
Əsgər ataları, tərxis olunmuş əsgərlərin ataları, çağırışçıların ataları bu yüksəlişi həm duyur, həm də düşüncələrinə hopdurur, ömrünə köçürürlər. Onun fikrini zabit Ruslan Novruzov  tamamlayır: Bu yüksəliş Ali Baş Komandanın döyüş əmriylə qazanılacaq qələbənin başlanğıcıdı...
Ön xətdə zaman anlamında dünənlərə söykənən düşüncələr sabahlara meyilli olur, yəni, səngərli düşüncələrin mahiyyəti "Sabahkı tarixləri bu günün əsgərləri, onların davamçıları olacaq əsgərlər yazacaq..." - inamıdı. Bu inamı yeri göyə dikəltməyə qadir olan əminliyin, mütləqliyin eyni bilirəm.
Zabit Ruslan Novruzov bu inama istinadən deyir ki, əsgərlərimizin döyüş əzmi də, qələbə ruhu da bu inama bağlıdı. Bu inamın başlanğıcı 2016-cı ilin Aprel zəfəridi. Əs-gərlərimiz bu zəfəri Böyük Qələbəylə tamamlayacaqlar. Kəlmələr əsgərlərin baxışlarına sarılır. Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa hazırıq. Hər birimiz Qələbənin əsgəri olmaq istəyirik. Qəzetimizdə bir reportaj dərc olunmuşdu: "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!". Bu and bizim də andımızdı. Əsgər İsmayıl Bayramov əsgər yoldaşının dediklərinə qüvvət kimi deyir:
- 2016-cı ilin Aprel döyüşlərində məktəbli idik. İndi əsgərik. Onda qəhrəmanlıqla döyüşənlərin yolunu biz qələbə ruhuyla, qələbəylə davam etdirəcəyik.
Zabit Ruslan Novruzov əsgərlərin fikirlərini gözəl bir niyyətlə ümumiləşdirir.
- Qələbəniz bəşərilik qələbəsi olacaq!
Yadıma düşür ki, ötən il yanvarın əvvəllərində ön xətdə ezamiyyətdəydim. Səngərlərin yan-yörəsində qar yoxuydu. Qara qış torpağa hələ qar səpələməmişdi. Səpələsəydi, gözə də xoş gələrdi, könülə də. Qar qalağı səngərlərdən bir mənzillik uzaqdaydı. Səngərlərin ətəyində adda-budda qar görünürdü. Bir az əvvəl səngərdə söhbətə giriş məqsədilə "Əvvəllər qar üstünə qar yağardı..." - demişdim. Zabitin davamlı baxışları əvvəlcə əsgərlərin baxışlarına sarılmışdı, sonra qarşı tərəfə yönəlmişdi. Bu heysiyyətli baxışların mahiyyətini, mətləbini az qala nəfəs dərmədən gözlərimə, gözlərimdən düşüncələrimə köçürmüşdüm. Hansı duyuma, bəlkə də istəyə görəsə qarsız göylərə baxmışdım. Sanılı saniyələr ötüşüncə zabit əsgərlərə xitabən demişdi:
- Xalqımız dövlətçiliyimizin bərpası naminə 71 il mübarizə apardı. Mücahidlərin sırasında sizin atalarınız da olub. Onların əzmi, iradəsi, qətiyyəti, mübarizliyi dövlətçiliyimizin bərpası ilə nəticələndi. Atalarınızın amalını siz gerçəkləşdirəcəksiniz - Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan siz azad edəcəksiniz...
Əsgərlər qürurlanmışdılar...
Əsgərlər duyğulanmışdılar...
Aylar sonrası qış gününə bənzəməyən bir qış günündə mahiyyəti Vətən olan, Böyük Qələbə olan səngərli söhbətdən qürurlanan, duyğulanan əsgərlərin əhatəsində atalar əsgərlərə ürəyindən keçənləri demişdi. Onda zabit əsgərlərə xitabən ötən il eyni mahiyyətli söhbətdə zabitdən eşitdiklərimin eynini demişdi. Ruhun yaxınlığını, zabitlərin düşüncələrinin təxmini eyniliyini ruhumun mehrabı bilmişdim. Belə bir gözəl ovqatın cazibəsindəykən bir əsgər atasının qürurumuzu coşduran kəlmələrinə könül vermişdim:
- Biz əsgər olanda kazarmamız kazarmanıza bənzəmirdi, hərbi mundirimizin keyfiyyəti hərbi mundirinizin keyfiyyəti qədər deyildi. Ərzaq təminatımız zəif idi, yeməklərin keyfiyyəti də indiki səviyyədə deyildi. Silah-sursatımız bu günlə müqayisəyəgəlməz dərəcədə aşağıydı. Siz çox yüksək təminata malik olan ordunun əsgərisiniz. Xalq sizə güvənir. Xalq inanır ki, siz Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan tamamilə azad edəcəksiniz.
Əsgər atasının orduya bu ehtiramına, bu inamına ictimaiyyətin ehtiramı, inamı demişdim. Onu da duymuşdum ki, hər əsgər atası bütün əsgərləri öz oğlu bilir. Bu sevgini də ictimaiyyətin orduya sevgisinə tən bilmişdim.
"Açıq qapı" günündə əsgər ataları adından çıxış edən ata əsgərlərə xitabən demişdi:
- Biz əsgər olanda ordumuz ordu kimi formalaşmamışdı. O vaxtlarda Azərbaycanda dövlət çevrilişi təhlükəsi vardı. Xalqın təkidli tələbiylə böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordumuz nizami ordu kimi formalaşmağa başladı. Onda əsgəriydim. Ordumuzun formalaşma prosesini mən də görmüşəm və etiraf edirəm ki, o illərin əsgərləri bu gün sizə həsəd aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu yeni mərhələyə yüksəltdi. İndi ordumuz dünyanın ən güclü orduları sırasındadır. İctimaiyyət bunu 2016-cı ilin aprelində də gördü, 2018-ci ilin yayında, payızında da. İctimaiyyət Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmini də görür, qələbə ruhunu da. Onu da görür ki, Azərbaycan əsgəri qələbə ruhuyla xidmət edir...
"Açıq qapı" günü təkcə valideynlərlə əsgərlərin görüş günü deyil. "Açıq qapı" günündə ictimaiyyət bir hərbi hissənin timsalında ordunu daha yaxından tanıyır. Əsgər atası digər əsgər atalarının nələrdən necə düşündüklərini də bilir. Bir daha əmin olur ki, xalq ordunun, ordu xalqın dayağıdı...
Səngərdə zabitin dediklərini məsləhət, tövsiyə kimi dinləyən əsgərlərlə söhbətləşmişdim. Əvvəllər yazdığım bir reportajı - əsgərlərin baxışlarında gördüyüm, o vaxtdan bəri yaddaşımdan, düşüncələrimdən üzülməyən bir mətləbi xatırlatmışdım: "Səngərləri sərhədlərə köçürəcəyik!". Əsgərlərin əli avtomatın qundağını sıxmışdı, qaşları çatılmışdı, qarşı tərəfdən üzülməyən baxışları tündləşmişdi. Bu qəfillik yaşantılarıma sarılan vəd idi: "Sizi buradan döyüşə uğurlayanların sırasında olmağa niyyətliyəm...", - demişdim. Bunu xatırladaraq:
- Sizi də döyüşə uğurlamaq istərdim. Bilmirəm, həmin anlarda sizin yaxınlığınızda olacam, onlarınmı, - deyirəm. Əsgərlər gülümsünür:
- Həmin gün hamınız, hamımız eyni ruhun - qələbə ruhunun yanında olacağıq!, - əsgər əsgər yoldaşları adından belə deyir...
... Səngərin ətəyində gözucu göy üzünə baxıram - havada qar qoxusu var.
- Bayaq müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrdə iki "Açıq qapı" günündə yaxın (bəlkə də eyni) mahiyyətli iki söhbəti xatırlamışdım. Düşüncələrim bir qürur qədərincə nəfəs dərmişdi. Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığını, döyüş əzmini, qələbə ruhunu ifadə edən həmin mahiyyətli sabahın işığı gözlərimin işığına sarılmışdı, - deyirəm. Əsgərlər məni dönməz əminliklə uğurlayır.
...Səngərə qayıtmaq, əvvəlcə döyüş növbətçiliyi aparanları, sonra digər əsgərləri bağrıma basmaq keçir könlümdən. Onlara deyərdim ki, mənim, mənim timsalımda çağdaş Azərbaycan jurnalistikasının "Sizi buradan döyüşə uğurlamağa da niyyətliyik, izinizcə gəlməyə də, icazə versələr, döyüşməyə də" əhdinin gerçəkləşəcəyi günün ərəfəsindəyik. Onda məmləkət boyunca gen dərələr sellənəcək, çöllər-düzlər başdan-başa güllənəcək, gur bulaqlar dillənəcək:
- Qələbən bəşərilik qələbəsidi, Azərbaycan əsgəri! Sən torpaqlarımızı işğaldan azad etməklə təsdiqlədin ki, Azərbaycan dövlətçiliyi əbədiyyətin cıgırdaşıdı!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar Coşqun CƏFƏROVUNDUR