Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Fevral 2020 10:30

Binə qəsəbəsində şəhidin anım mərasimi keçirildi

Binə qəsəbəsində Xocalı faciəsində şəhid olan Xəqani Aslanovun anım mərasimi keçirildi. Mərasimdə Müdafiə Nazirliyinin, Xəzər və Ağdam rayonları İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Adil Əliyev, şəhid ailələri, qazilər və şagirdlər iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Ermənistanın Azərbaycana qarşı elan olunmadan başladığı müharibədən, müharibənin ağrı-acılarından, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi faciədən danışıldı.
Şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilərək bildirildi ki, ailədə dörd qardaşdan üçü şəhid olub. Qardaşlar Vətəni məhəbbətlə seviblər. Xəqani Aslanov da qardaşları kimi qorxmaz və cəsarətli idi.
Millət vəkili Adil Əliyev çıxışında dedi ki, şəhidlik bir çox dəyərləri özündə cəmləşdirən uca zirvədir. “Azərbaycan naminə şəhid olanlar xalqımıza məxsus olan uca dəyərləri əbədiləşdirirlər. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırıq. Şəhidlərin xatirəsini yad etmək hər bir vətəndaş üçün vacibdir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.”
Ali Baş Komandanımızın şəhidlər haqqında fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Adil Əliyev gənclərimizin şəhidlərimizi daha yaxından tanıması və onları örnək bilməsi üçün daha əhatəli tədbirlər keçiriləcəyinə  inandığını dedi. Hər birimizin torpaqlarımızın işğaldan azad olunacağına, şəhidlərimizin ruhunun o zaman təsəlli tapacağına əminliyini bildirdi.
Şəhidin oğlu Cəsarət Aslanov çıxış edərək bildirdi ki, atam Xəqani Aslanov Xocalı faciəsi zamanı Xocalıda dinc sakinlərə kömək edib. “O, müxtəlif yollarla çox sayda insanı mühasirədən çıxararaq, Ağdama aparıb. Bir müddət sonra o, yenidən Xocalıya qayıdaraq mühasirədə olan insanları çıxarmağa çalışıb. Döyüşdə həlak olub.” Cəsarət Aslanov tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edənlər Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsinin mənəvi borc olduğunu diqqətə çatdırdılar.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"