Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2020 17:47

Ən gözəl nahar

 

Esse

 


Qışın sazağında insafsızcasına əsən yel ağacların son yarpaqlarını da qopardıb hara gəldi atır, teylədikcə teyləyir. Elə bil əsəbini, qəzəbini tökməyə təklənmiş ağac, təklənmiş ağacda çılpaq budaq, çılpaq budaqda saralmış yarpaq həsrətlisiymiş. Qışın qış günü bu biçim çılğınlıq kimsənin könlünə yatmır; yarpaqlar yeriş gödəldir, addım qısaldır. Yerişi özündən qabağa qaçan yeniyetmə ayağı altına düşən yarpağı görüncə dayanır, onu çığnamağa, əzib keçməyə ürəyi gəlmir. Yarpaq bir nəfəs dərimi vaxt ötüncə uzaqlaşır. Yeniyetməyə elə gəlir ki, bu müddət uzun çəkdi, hərbi hissənin nəzarət-buraxılış məntəqəsi göyqurşağı kimidi, yaxınlaşırsan, çata bilmirsən. Yeniyetmə bu 100-150 addımlıq yolun sonuna çatmağa tələsir. Qardaşını hərbi mundirlilərin arasında görməyə tələsir, onun boynuna sarılmağa tələsir, nəsə soruşmağa, düşüncələrinin nizamına dönəsi könüləyatımlı cavablar almağa tələsir...
Əsən yel çılpaq ağacların budaqlarında nəfəs dərir...
Yeniyetmə atasını tələsdirir:
- Gecikəcəyik...
Atanın mehirli əli ürəyinin yedəyinə düşüb gedən oğlunun çiyninə enir: "Tələsmə, hələ vaxta var..."...
Yeniyetməyə baxıram, atasına baxıram, bir qədər aralıda əsgər oğlunu bağrına basan anaya baxıram. Gördüklərim düşüncələrimin haləsinə dönür...
Günlər ay olur, aylar il, ana arzusuyca oğullar böyüyür...
Ata istəyiycə oğullar böyüyür...
Oğullar böyüyür - arzu böyüyür, istək böyüyür, muraz böyüyür, murad böyüyür. Oğullar böyüyür - bir ad böyüyür: Əsgər!
Oğullar əsgər gedir. Ata-ana dünyasından laylalar əsgər gedir, oxşamalar, bayatılar, nağıllar əsgər gedir; Azərbaycanın folkloru da Vətənin keşiyindədi - düşməni zəbun edən Qaraca Çobanlar Vətənin keşiyindədi, üç eyni boyda, eyni rəngdə almanı bir-birindən fərqləndirən dərzi şagirdi Əhmədlər Vətənin keşiyindədi, qaranlıq dünyadan işıqlı dünyaya çıxmağı bacaran Məlik Məmmədlər Vətənin keşiyindədi,...
Əsgərlərin atası, anası, qardaşı hərbi hissədə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatların nəticələrinin bir hissəsini görür, inzibati binaları, əsgər yataqxanalarını, camaşırxanaları, idman şəhərciyini, yeməkxananı görür. Görür və qürurlanır.
Hərbi andiçmə təkcə gənc əsgərlərin sədaqət andı içməsi deyil, bu tədbir Vətən sevgisinin ucalığına inamın tədbiridi, bu inamdan dikələn duyğuların tədbiridi, ordu-ictimaiyyət münasibətlərinin yaşarılığına zəmanət tədbiridi...
Əsgər oğullar Hərbi and içir, Vətənə sədaqət andıdı bu and. Bir az əvvəl Hərbi and içən əsgər də, ata-anası da belə gözəl bir günün gözəl anlarını yaşayır - görürsən ürəyin dağa dönür.
Və əsgər süfrəsi...
Ata - Bəhmən Novruzov, ana - Oksana Novruzova, oğul - əsgər Vüsal Novruzlu bir aydı beləcə, üz-üzə, diz-dizə oturmurdular, bir aydı üçlükdə, şirin-şirin, ağız dadıynan çörək yemirdilər. Süfrə əsgər süfrəsidi, əlbəttə ki, nahar gözəl nahardı!
Əsgər süfrəsində birlikdə könül xoşluğuyla, ağız dadıyla nahar. Əsgərlərin baxışlarında misralaşmış fikri oxuya bildim:

"Bir anan - mən, biri - Vətən!", - deyərdin,

Vətən boyda ucalıqda, bu öyüd

Ömrümüzün haləsidi, ay ana!

Gözlərintək ürəyin də sevinsin,

Süfrə əsgər süfrəsidi, ay ana!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist