Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2020 17:43

“Ən ağır döyüşlərdə də qələbə çalacağımıza inanırdıq”

Faşizm üzərində qələbənin 75-ci ildönümü qeyd edilir. İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı Qələbənin yükünü çiyinlərində daşıyan veteranlardır.
Böyük Vətən müharibəsi veteranı, Kəngərlilər nəslinin tanınmış nümayəndələrindən biri Ulduz Səttar oğlu Kəngərli 1924-cü il sentyabrın 28-də İrəvanda anadan olub, ilk təhsilini İrəvan şəhərində alıb.
Ulduz müəllim xatırlayır: “1941-ci ildə, müharibə başlayanda mən hələ 9-cu sinfi bitirməmişdim. Komsomol idim, vətənpərvərlik hissi bizdə çox yüksək idi. Mən və iki yaxın yoldaşım hərbi komissarlığa getdik və xahiş etdik ki, bizi cəbhəyə yollasınlar. Ancaq bizə dedilər ki, sizin yaşınız çatmır. 17 yaşımız tamam olmamışdı. Sonra məni hərbi məktəbə yolladılar. Bu səbəbdən 10-cu sinfi oxumadım. Bundan sonra mən artilleriya məktəbində təhsilimi davam etdirdim. Təhsil ocağında dərslər rus dilində keçirilirdi. Məktəbi bitirdikdən sonra isə... O zaman almanlar Qafqaza yaxınlaşanda dağ şəraitində artilleriya zabitləri tələb olunurdu. Ona görə də məni Tiflisə - Dağ Artilleriya Məktəbində təhsil almağa yolladılar. Orada 8 ay təhsil aldım. Kiçik leytenant rütbəsi ilə 1943-cü ildə 3-cü Ukrayna cəbhəsinə göndərildim. Mən Baş Komandanın, yəni, Stalinin himayəsində olan briqadada - Əlahiddə Tank Əleyhinə Qırıcı Artilleriya Briqadasında taqım komandiri kimi xidmətə başladım".
O zaman Ulduz müəllimin özündən 3 yaş böyük qardaşı Nurəddin Kəngərli Leninqrad cəbhəsində döyüşürmüş. Leninqrad blokadada olanda Nurəddin serjant olub. Veteranın qardaşı aldığı ağır yaralara görə  uzun müddət hospitalda müalicə olunub. Müalicələr müsbət nəticə verməyib, Nurəddin dünyasını dəyişib...
Cəbhədən, döyüşlərdən söz düşəndə müharibə veteranı qeyd etdi ki, döyüşdüyü alayın nömrəsi 1172 idi. "Döyüşlərə Qərbi Ukraynadan başladıq, Rumıniyaya, Macarıstana və Avstriyaya keçdik... Deyirlər ki, ümid ən sonda ölür. Mən isə düşünürəm ki, döyüş meydanında ümid heç zaman ölmür. Biz ən ağır döyüşlərdə də qələbə çalacağımıza  inanırdıq".
Veteran Macarıstandakı Balaton gölünün yaxınlığında yerləşən Sitişvehervar şəhəri uğrunda gedən döyüşləri də xatırladı. "O şəhər dəfələrlə əldən-ələ keçmişdi. Mən onun uğrunda bütün döyüşlərdə iştirak etdim, axırda onu azad etdik...".
Müharibənin bitməsini, Qələbə xəbərini aldığı günü belə xatırladı:
- Biz Macarıstandan Avstriyaya keçdik. Obervart şəhərini azad edəndə may ayı idi. Xəbər gəldi ki, müharibə qurtardı. Son günlər atışmalar da səngimişdi. Mayın 1-də zabitlər üçün çox böyük bayram təşkil etdilər. Biz bayram keçirdik. Səngərlərdən çıxmışdıq və evlərdə məskunlaşmağa icazə verilmişdi. Çox möhtəşəm bir banket düzəldildi. Bayram tədbiri səhərdən gecə yarısına qədər davam etdi. 1945-ci il mayın 2-də gecə yarısı bir polkovnik gəlib elan etdi ki, Berlin alındı. İndi təsəvvür edin... O gün bizim ən möhtəşəm bayramımız oldu...
Ulduz Kəngərli 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə həmin institutun Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturasını bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
Ulduz Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Ulduz müəllim dövlət başçısının müharibə veteranlarına diqqət və qayğısından danışdı və ölkə başçısına minnətdarlığını bildirdi. Bu gün Azərbaycanın güclü orduya malik olmasıyla qürurlanan müharibə veteranı vurğuladı ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu quruculuğu strategiyasının nəticəsi olaraq Azərbaycanda qüdrətli ordu formalaşıb. "İnanıram ki, çox yaxında biz Qarabağın azadlığını da qələbə paradı ilə qeyd edəcəyik".

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"