Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2020 17:41

Nümunəvi xidmət uğurların başlanğıcıdır

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin qərargahında gənc zabitlərimizdən söz düşəndə leytenant Vasif Quluzadənin adını iftixarla çəkdilər. Bir neçə saatlıq yol qət edib onun olduğu bölməyə çatırıq. Burada hiss edilən işgüzar mühit, səliqə-sahman, nizam-intizam komandirin bacarıqlı və səriştəli olmasının təsdiqidir.
Öyrənirəm ki, Vasif Quluzadə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.
- Zabit olmağa qərar verəndə hamıdan çox valideynlərim sevindi, - deyə gənc zabit söhbətə başladı. - Atam dedi ki, Vətəni qorumaq peşəsini seçmək yalnız mərd oğulların işidir. Ailəmizdə hərbçi olmayıb, amma müharibə şəraiti məni bu peşəni seçməyə sövq edib. Fikrimcə, əsl vətəndaş mənsub olduğu dövlətin, üzləşdiyi çətinliklərin cəfakeşi olmalıdır.
- Ali hərbi təhsilini başa vuran kimi cəbhə bölgəsinə xidmətə təyin edildin...
- Hər kəs ürəkdən seçdiyi peşənin çətinliklərinə sinə gərməyi bacarmalıdır. Yaxşı bilirdim ki, məni qarşıda mülki həyatdan fərqli olan çətinliklər gözləyir, amma peşəmə olan sevgim və Vətənimə bağlılığım hər şeyə qalib gəldi. Hər zaman qürur duyuram ki, şərəfli peşəm, müqəddəs vəzifəm var!
Peşəsinə sonsuz sevgisi leytenantın qısa zaman ərzində uğur əldə etməsiylə, komandanlığın etimadını qazanmasıyla nəticələnib. Əlbəttə, başqa amillər də onun bir hərbçi kimi yüksəlməsində əhəmiyyət kəsb edib.
- Bir dəfə hərbi məktəbdən bizi hərbi hissəyə, təcrübə-sınaq aylığına aparmışdılar, - deyə leytenant sözünə davam etdi. - Burada təcrübəli zabitlərlə tanış oldum. Komandirimin şəxsi heyət arasında olan hörməti mənə xoş ovqat aşıladı. O, ali hərbi təhsilini bir neçə il əvvəl başa vurmuşdu. Onu izlədikcə dərk etdim ki,  yaxşı komandir olmaq üçün tabeliyində olan əsgərin hər birinin hörmətini, inamını qazanmalısan. Bu, asan məsələ deyil. Sən bütün bacarığını, idarəçilik qabiliyyətini sübuta yetirməlisən. Əsgərlərinə özün şəxsi nümunə olmalısan. Həm tələbkar olmalı, həm də onlara doğma münasibət bəsləməli, qayğıları ilə yaxından maraqlanmalısan.
Leytenant döyüş növbəsində dayanan əsgərlərin xidmətindən razılığını bildirdi: "Əsgərlərin məsuliyyətli olması biz komandirlərin işini daha da asanlaşdırır. Mən də mütəmadi olaraq döyüş növbəsi aparanları şəxsən yoxlayır, təhlükəli istiqamətləri göstərirəm. Təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi nəzarət edirəm. Vətənə keşik çəkməyin müqəddəsliyini bir daha xatırladıram, xalqımızın, dövlətimizin bizə  güvəndiyini, arxalandığını çatdırıram. İstənilən şəraitdə, istənilən bölgədə torpaqlarımızı göz bəbəyi kimi qorumaq hər birimizin mənəviyyat borcudur. Zabit olaraq əsgərlərin hər birinin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışırıq. Daha doğrusu, bu, biz za-bitlərin vəzifə borcudur. Ali Hərbi Məktəbdə zabitlərdən biri belə demişdi: “Sənin necə zabit olmağın tabeçiliyində olan əsgərlərin döyüş hazırlığının səviyyəsi ilə müəyyənləşdiriləcək.” Bu fikri heç zaman unutmamışam, unutmayacam da, - zabit Vasif Quluzadə belə dedi.
Azərbaycanda zabit hazırlığı daim diqqət mərkəzindədir. Bu gün tanıdığım leytenant Vasif Quluzadənin uğurlu xidməti də bunun bariz nümunəsidir. Bölmədəki nizam-intizam, hər əsgərin simasından hiss edilən məğrurluq, Vətənə, torpağa bağlılıq gənc zabitin peşəkarlığının göstəricisidir. Şərəfli yolun astanasında belə nümunəvi xidmət təşkil edən gənc zabitin uğurları qarşıdadır!
Ezamiyyətlərdə zabitlərin əsgərlərə bu səviyyədə münasıbətini eşidirəm də, görürəm də. Azərbaycan Ordusu həm də ona görə bu səviyyədə güclü, bu səviyyədə qüdrətlidir ki, hər zabit hər əsgərin fərdi xüsusiyyətləri əsasında hərbi hissənin, hərbi hissənin timsalında ordunun döyüş hazırlığının yüksəldilməsinə məsuliyyətlə yanaşır...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"