Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2020 09:44

“Qalib əsgər kimi tərxis olunmaq istəyirik”

Bu  gün ölkəmizdə aparılan mühüm islahatlar bilikli, geniş dünyagörüşə malik, vətənpərvər gənc nəslin yetişməsinə mühüm zəmin yaradıb.
Gənclər siyasətinin vacibliyini qeyd edən ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə ciddi önəm verirdi. Müasir dönəmdə Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlara əsasən, gənclərin sağlam düşüncəyə, geniş dünyagörüşünə malik vətəndaş kimi hazırlanması fonunda da saysız-hesabsız işlər görülür. Təsadüfi deyil ki, Vətəninə, millətinə sadiq olan gənclik torpaqlarımızı göz bəbəyi kimi qoruyur, bayrağımızı həmişə uca tutur.
Hərbi xidmət dövrü gənclərin həyatında mühüm mərhələlərdən biridir. Onlar hərbi xidmətdə Vətəni qorumağın sirlərinə yiyələnir, torpağa sevgisi, məhəbbəti artır.
Əsgər Cavid Abdullayev gənc əsgərdir. Əslən işğal altında olan Qubadlı rayonundandır. Onun  sözlərindəki səmimiyyət və qətiyyət məni xeyli qürurlandırdı. "Vətənpərvərlik ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgidir, el-obaya bağlılıqdır. Müqəddəs amala xidmət etməkdir vətənpərvərlik. Bu gün Azərbaycan gəncliyinin nümayəndəsi olaraq, güclü ordunun əsgəri adını daşıdığım üçün qürur duyuram. Vətənə müqəddəs borcumu yerinə yetirirəm. Bu hissdən gözəl başqa nə ola bilər ki?".
Həmsöhbətim işğalda olan ata-baba yurdunun azad olunacağı günün arzusu ilə yaşadığını qeyd etdi. "Bu gün hər bir əsgər torpaqlarımızı azad etmək amalı ilə xidmət edir.   Hamımız Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa, xalqımızı qələbə müjdəli xəbərlərlə sevindirməyə hazırıq. Xidmətimizin əsasını bu şüar təşkil edir - "Vətənə sevgi, düşmənə nifrət".
Əsgər C.Abdullayev bildirdi ki, asudə vaxtın səmərəli təşkilinə də ciddi önəm verilir. "Komandirlərimiz tərəfindən keçirilən ictimai-siyasi hazırlıq dərslərində Vətənimizin əlamətdar tarixi, xalqımızın şanlı keçmişi, qəhrəmanlıq nümunələri barədə informasiya bazamızı möhkəmləndiririk. Əsgər Abdullayev "Azərbaycan Ordusu" qəzetinin şeir rubrikasından bir parçanı xatirə dəftərində gəzdirir. "Poeziyaya xüsusi marağım var", - əsgər Abdullayev dedi. - "Azərbaycan Ordusu" qəzetini oxumaq asudə vaxtlarımda ən çox sevdiyim məşğuliyyətlərdən biridir.
Əsgərlərimizlə kəlmələşdikcə qələbəyə inamım daha da kükrəyir... Qətiyyətli sözlər bizi əmin edir ki, Qələbə günü uzaqda deyil. Hər biri qalib əsgər kimi tərxis olunmaq istəyir.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"