Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2020 09:44

“Hazırlığımızı dərslərlə də artırırıq”

Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan ən güclü və modern orduya sahibdir. Ordumuzun döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinin daha da artırılması ilə bağlı verilən bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur. Görülən işlərin nəticəsidir ki, əsgərlərimizin döyüş hazırlığı səviyyəsi durmadan yüksəlir, şəxsi heyət müasir silah və texnika ilə təchiz edilir, yeni təlim mərkəzləri inşa edilir, döyüş şəraitinə uyğun təlimlər həyata keçirilir. Vəzifəsindən asılı olmayaraq, bütün hərbi qulluqçular verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Günü-gündən gücünü, qüdrətini və döyüş qabiliyyətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etmək iqtidarındadır.
Ön xətt bölmələrinin birində şəxsi heyətin döyüş hazırlığı məşqlərini izlədik. Top komandiri heyət üzvlərinə müvafiq tapşırıqlar verirdi. Heyət nəfərləri verilən tapşırıqları bacarıqla yerinə yetirirdi. Top komandiri şəxsi heyətin əməli bacarıqlarını yoxlamaq üçün onlara artilleriya qurğusunu "Döyüş" və "Səfər" vəziyyətinə gətirilməsini əmr etdi. Şəxsi heyət qarşıya qoyulan tapşırığı yüksək səviyyədə yerinə yetirdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Hikmət Qaraxanov isə əsgərlərə nəzarət edir, mövzu ilə bağlı fikirlərini bildirirdi. Dərs prosesi bitdikdən sonra Hikmətlə söhbətləşdik.
"Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısını hər gün hiss edirik", - deyə kiçik çavuş söhbətə başladı. - Yuxarı komandanlığın təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq bütün tədbirlər kompleks şəkildə yerinə yetirilir. Günün nizam qaydasına uyğun olaraq döyüş qabiliyyətlərini artırmaq məqsədilə şəxsi heyətlə gecə dərsləri də keçirilir. Əsgərlərimiz toplardan təyinatı üzrə istifadə etməyi bacarırlar. Məlumdur ki, biz təkcə nəzəri dərslərlə kifayətlənmirik. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, artilleriya bölmələrinin əməli təlimləri də yüksək səviyyədə keçirilir. Bunlar bir daha sübut edir ki, ordumuz hər an Ali Baş Komandanın əmri ilə düşmənin istənilən hədəfini dəqiq atəşlə məhv etməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir."
Kiçik çavuş H.Qaraxanov ön xətdə bacarıqlı əsgərlərlə və peşəkar zabitlərlə birgə xidmət etdiyindən qürurlandığını da bildirdi. "Burada kollektivimiz bir-biri ilə çox mehribandır. Şəxsi heyət dərsə yüksək maraq göstərir. Bütün heyət istənilən an "Həyəcan" siqnalı ilə mövqeyini tutmağa, verilən tapşırığa uyğun vəzifəsini icra edərək, topu qısa zamanda "Döyüş" vəziyyətinə gətirməyə, nəzərdə tutulan düşmən hədəflərini məhv etməyə tam hazırdır".
- Azərbaycan Ordusunun əsgəriyəm, vəzifəm Vətəni göz bəbəyi kimi qorumaqdır, - deyə əsgər Aslan Məmmədzadə sözə başladı. - Xidmət müddətim ərzində xeyli təcrübə qazanmışam, hərbi biliklər öyrənmişəm. Komandirlərimizin peşəkarlığı sayəsində keçirilən təlimlərdə və dərslərdə yaxşı nəticələr əldə etmişəm. Döyüş, fiziki və atəş hazırlıqlarımı artırmışam. Hərbi xidmətimi başa vurmağa az qalıb, amma döyüşlər başlayan kimi yenidən komandirimlə çiyin-çiyinə döyüşərək düşmənə gücümüzü göstərəcəyik. Hərbi xidmət həyatımda bir məktəb oldu, həm döyüşçü olmağın, həm də gələcək müstəqil həyatda yaşamağın sirlərini öyrəndim. Arzu edirəm ki, tərxis olmadan öncə düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad edənlərin sıralarında mən də olum. Hər bir Azərbaycan vətəndaşı kimi inanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi altında o günə az qalıb. 
Əsgər İbrahim Paşayev bildirdi ki, bu torpaq bizə babalarımızdan əmanətdir. "Uğrunda neçə-neçə mərd və cəsur həmyerlilərimiz canından keçib. Biz də Vətənin bütövlüyü uğrunda vuruşmağa, torpağımızı qorumağa söz vermişik. O gün təntənəsi ilə yaddaşımda silinməz iz buraxıb. Komandirlərim, valideynlərim qarşısında mən də Vətənimizə şərəflə, məsuliyyətlə xidmət edəcəyimə and içdim. Andımı doğrultmaq üçün hərbi sirləri, döyüş vərdişlərini həvəslə öyrənirəm. Bir sözlə, hazırlığımızı dərslərlə də artırılır. Düşmənlə savaşa atılmağa hər an hazıram. Hər bir əsgər kimi mən də döyüş meydanında qəsbkarlardan qisas alacağımız günü gözləyirəm".
Heyət nəfəri əsgər Sevər Salmanov bildirdi ki, düşmənlə vuruşacağımız günün intizarındayıq. "Valideynlərim mənə hər zaman Vətəni sevməyin, onu qorumağın vacibliyini başa salıb. İzah ediblər ki, hərbçilər ən şərəfli peşənin sahibləridir. Düşmənə cavab verməyə, hər hansı bir təxribatın qarşısını almağa, ən başlıcası, yağılardan qisasımızı alıb, torpaqlarımızdan qovub çıxarmağa hazırıq. Tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan bayrağını işğal altında qalan torpaqlarımızda dalğalandıracağıq. O zaman bütün dünya Azərbaycan Ordusunun gücünü bir daha görəcək".
Əsgərlərdən Təbriz Zeynalov, Ötər Sarxanov və digərləri də hər an döyüşə atılacaqları günün həstərilə xidmət etdiklərini, torpaqlarımızın keşiyində ayıq-sayıq dayandıqlarını və tez bir zamanda xalqımıza Qələbə sevinci yaşadacaqlarını bildirdilər.
Sözümüz başa çatdıqdan sonra topçulara qələbə sevinci və xidmətlərində uğurlar arzulayıb ayrıldıq. Əsgərlərimizlə söhbətdən sonra bir daha əmin olduq ki, torpaqlarımız etibarlı əllərdədir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"