Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2020 11:28

“Vəzifə borcumuzu məsuliyyətlə yerinə yetiririk”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidməti ilə komandir və şəxsi heyətin hörmətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Zamin Babayevlə tanış olduq. Söhbət əsnasında hərbi qulluqçunun qardaşının da gizir kimi xidmət etdiyini öyrəndik. Komandirlərinin sözlərinə görə, o da vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır. Orta məktəbdə oxuyarkən hərb peşəsi ilə maraqlanan, yalnız dəqiq qərar verə bilməyən Zamin bir müddət sonra hərbi xidmətə çağırıldı. Xidməti dövründə hərb peşəsinin müqəddəsliyini daha yaxşı anladı. Hərbi qulluqçu dedi ki, komandir heyətinin davranışı, rəftarı, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə bağlılıqları hərb peşəsinə olan sevgisini daha da artırıb. Tərxis olunduqdan sonra Zaminin vətənpərvərliyi, hərb peşəsinə olan sevgisi onu yenidən ordu sıralarına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi gətirib.
Kiçik çavuş Z.Babayev dedi ki, mən Vətənimi hədsiz məhəbbətlə sevirəm. “Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Xüsusən indiki vaxtda, torpaqlarımızın 20 faizi işğal altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünər gözləyir və mən bunun üçün əlimdən gələni etməyə hazıram. Vətəni qorumaq, onu inkişaf etdirmək hamımızın şərəf və vətəndaşlıq borcudur. Düşmənlə üz-üzə mövqelərdə xidmət etdiyim üçün qürurluyam. Düzdür, çətindir, amma şərəflidir. Mərd və cəsur əsgərlərimizlə xidmət etdiyimiz üçün bu çətinlikləri hiss etmirik. Ön xətdə xidmət etmək hər bir hərbi qulluqçuya vacib xüsusiyyətlər aşılayır, hansı ki, qəhrəmanlığa  səbəb olur. Şübhəsiz, ön xətdə çətin şəraitdə Vətənə övladlıq borcunu yerinə yetirən əsgərin bacarıqlı döyüşçü kimi formalaşmasının əsas məsuliyyəti biz komandir heyətinin üzərinə düşür. Komandir əsgərin güvənc yeridir. Əsgər hər addımda komandirinə inanmalıdır. Əslində, bu mövqelərdə döyüş tapşırığını yerinə yetirmək vəzifəsi komandirlə əsgəri bir amal ətrafında birləşdirir - Vətəni qorumaq, müdafiə etmək və işğal altında olan torpaqlarımızı azad etmək. Bu amal əsgər-komandir münasibətlərini daha da gücləndirir. Hər zaman çalışıram ki, əsgərlər öz problemlərini mənə çəkinmədən desin. Problemi olan əsgərlə fərdi söhbət aparıram, lazım olan tədbirləri görürəm. Lazım gəldikdə yuxarı komandirlərə məruzə edirəm. Onlar da öz köməkliklərini heç zaman əsirgəmirlər. Belə münasibət şəxsi heyətdə inam və etibar hissini gücləndirir. Ali Baş Komandanımızın əmri ilə belə igid əsgərlərimizlə istənilən an erməniləri yurdlarımızdan qovub çıxarmağa qadir olan yenilməz ordumuz var. Aprel döyüşləri bunun bariz nümunəsidir. Silahlarımız daha yeni silahlarla əvəz edilib, texnikalarımız daha sürətli, daha çevikləri ilə əvəz edilib. Ordumuzun arsenalına ən yeni silahlar daxil edilib. Hərbi hissələr ən müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunub. Ali Baş Komandanımızın həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.”
Ordumuzun gücü həm də şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu ilə ölçüldüyünü deyən kiçik çavuş Z.Babayev sözlərinə davam edərək dedi: "Ordumuz bu sahədə əsl nümunə ortaya qoyur. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov, Raquf Orucov kimi qəhrəmanlarımız var. Onlar Azərbaycan əsgərinin mərdlik, cəsarət, qorxmazlıq, igidlik simvoluna çevriliblər. Bunun səbəblərindən biri Vətən sevgisidirsə, digər mühüm səbəb Ali Baş Komandanımızın nümayiş etdirdiyi vətənpərvərlik örnəyidir".
Zamin bildirdi ki, üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşürəm. - Bu vəzifələri həm də mənəvi borc bilirəm. Hamımız bir amal altında birləşmişik: düşmən qarşısında keçilməz sədd qurub, onları ata-baba yurdumuzdan qovmağa hər an hazır olmaq. Bunun üçün də hər birimiz uğurla xidmət edir, vəzifələrimizin öhdəsindən layiqincə gəlirik. Qarşıdakı mövqeləri daim nəzarətdə saxlayır, düşmən atəşkəsi pozduqda və ya hər hansı bir təxribata əl atdıqda vaxtında qarşısını alırıq. Bütün təminatlarımız da yüksək səviyyədədir. Ölkə rəhbərliyi uğurlu xidmətimiz üçün hər cür şərait yaradıb. Belə diqqət və qayğı hər birimizə yüksək döyüş ruhu aşılayır, xidməti düzgün təşkil etməyimizə zəmin yaradır.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"