Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2020 11:28

Müqəddəslik zirvəsidi Vətən sevgisi

Soyuq bir qış günündə getdiyim dolanbac yollar xatirələrimin şahididir. O xatirələr ki, gözümdə bir-bir canlanır. Bu yolda xatırlaya biləcəyim ən unudulmaz gün 8 il öncə hərbi xidmətə yollandığım gündür. Yaz idi... Təbiətin oyandığı çağlarda bu yoldan keçmək və cərgə ilə düzülən ağacların bir-birini sürətlə əvəz etməsi ömür qatarının dayanmadan irəliləməsi kimi idi.  Qışdır... Ətraf aləm ağ örpəyə bürünüb. Bu gözəlliyi seyr etməyin də bir ayrı könül xoşluğu verdiyini qeyd etmək lazımdır. Gözəl Vətənimin gözoxşayan təbiətini izləyərkən Əşrəf Günaydının sözləri yadıma düşür. "Bu keçib-gedən ömürdə xatirələri yada salmaq yaşamağı uzatmaqdır, yoxsa qısaltmaq?.." Xatirələrimi cuşa gətirən, ilk nizami addımları atdığım hərbi hissədə əsgərlərlə görüş zamanı bu suala cavab tapacağımı düşünürəm.
... Hərbi hissədəyik. Nəzarət-buraxılış məntəqəsindən hərbi hissəyə daxil olar-olmaz səliqə-sahmanı, nizam-intizamı sezməmək mümkün deyil. Bu gün orduda çətin dağlıq şəraitdə yerləşən hərbi hissə və bölmələrimizdə əsgərlərimizin xidməti üçün lazım olan bütün şərait yaradılıb. Hərbi hissəyə çatar-çatmaz vaxt itirmədən səngərə yollanırıq.
Çətin keçilən qarlı dağ yollarına, yolboyu uzanan sıx meşələrə nəzər salıram. Yamacda bir-birinə söykənən iki ağac diqqətimi cəlb edir. Sanki illər boyu bir-birilərinə dayaq ola-ola ucalıb, illərin verdiyi töhfə ilə dostlaşıblar. Ağacların bir-birinə söykənməsini bir azdan görüşəcəyimiz əsgərlərin dostluğu kimi düşünürəm. Bu düşüncələrin ağuşunda ön xətdə yerləşən mövqelərimizə gəlib çatırıq. Güvənc yerimiz, qürurumuz, ön xətdə düşmənin gözünə dik baxan oğullarımızla görüşməyin sevincini yaşayıram. Əsgərlərin Vətən sevgisinin təzahürü olan söhbətlər Azərbaycan Ordusunun hər bir nümayəndəsinin xalqına, millətinə bağlı olduğunun göstəricisidir. Döyüş mövqeyində ilk həmsöhbətimiz baş leytenant Elgün İsmayılov olur. Bir neçə ildir ön xətdə xidmət edən zabit Vətən sevgisinin onun peşə seçimində xüsusi əhəmiyyət kəsb etdiyini bildirir:
- Gördüyünüz kimi, hər yer qardır. Hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, zabit və əsgərlərimiz cəbhə bölgəsində xidmət etməkdən qürur duyurlar. Səngər dedikdə, o dəqiqə çətinlikləri olan xüsusi bir məkan adamın nəzərində canlanır. O məkan ki, orada qəhrəmanlar tarix yazır. Burada xidmət etmək çox məsuliyyətli və şərəflidir. Bütün əsgərlərimiz mərd və qorxmazdır. Onlar anlayırlar ki, əsla qarşı tərəfə görüntü verməməli və düşməni daima müşahidədə saxlamalıdırlar. Çox sevindirici haldır ki, bu gün ordu sıralarına qatılan hər bir əsgər ön xətdə xidmət etmək arzusundadır. Düşünürəm ki, bütün bunlar Vətən sevgisinin, vətənpərvərlik ideyalarının cəmiyyətdə düzgün təbliğ olunmasının nəticəsidir. Mən də öz növbəmdə döyüş postuna yeni təyin olunan əsgərlərlə mənəvi-psixoloji söhbətlər aparır, burada olmağımızın əsas məqsəd və məramını izah edirəm.  Polkovnik Abdulla Qurbaninin müsahibələrindən birində dediyi və yaddaşıma həkk olunan "Cavanlardan ətir yox, barıt, səngər iyi gəlməlidir" ifadəsini deməyim kifayət edir ki, əsgər burada mətin durmağının vacibliyini dərk edir".
"Ön xətdə xidmətə yeni gələn  əsgərləri ilk olaraq necə təlimatlandırırsan?" - sualına gənc komandir cavab verərək bildirir: "Bu çətin və təhlükəli mövqelərdə xidmət etmək, doğrudan da, hər kəsdən cəsarətli və qətiyyətli olmağı tələb edir. Əgər əsgərin ürəyi Vətən sevgisi ilə döyünürsə, onu heç nə sarsıda bilməz. Əsgər də Vətənimizin bir övladıdır, vətəndaş olaraq öz məsuliyyətini dərk edir və yaxşı bilir ki, bu gün ona torpaqlarımızın düşmənlərdən qorunması kimi ən müqəddəs bir vəzifə etibar edilib".
Söhbət etdikcə ətrafa nəzər salıram: hər kəsin geyimi, səliqə-sahmanı göz oxşayır. Dağ-meşə şəraitində, müxtəlif infrastrukturlardan kifayət qədər uzaq bir məsafədə yerləşən döyüş mövqeyində bu qədər səliqəli qalmaq asan iş deyil. Sözün əsl mənasında, döyüş mövqeyində gördüklərimizdən bu qənaətə gəldik ki, şəxsi heyətin sosial ehtiyacları və gündəlik tələbat normaları ilə yanaşı, bütün cəbhə boyu ön xətdə döyüş növbətçiliyinə çıxarılmış silah və döyüş texnikası, nəqliyyat vasitələri qış dövründə fasiləsiz və dayanıqlı istismara hazır vəziyyətə gətirilib.
Kiçik çavuş Hikmət Həsənov müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra taleyini orduya bağlayanlardandır. O da ürəyi Vətən eşqiylə döyünən xalqımızın bir nümayəndəsi kimi Qarabağ həsrətindədir.
- Səngərdə xidmət etmək çətin olsa da, şərəflidir. Köksümüzdə Qarabağ həsrəti, Şuşa nisgili var, - deyə kiçik çavuş söhbətə başlayır. - Bu gün döyüş mövqelərində müvəqqəti müdafiədə dayanmışıq. Vətəni müdafiə edə bilmək üçün birinci özünü, əsgər yoldaşını qorumalısan. Əgər özünü, əsgər yoldaşlarını qoruya bilməsən, onda torpağını necə qoruyarsan? Bu səbəbdən hər an ayıq-sayıq, diqqətli xidmət aparırıq. Düşmənin bütün fəaliyyətini nəzarət altında saxlayırıq. Müşahidə zamanı aşkar olunmuş ən adi bir hərəkəti belə yuxarı komandanlığa məruzə edirik. Hər gün baş leytenant Elgün İsmayılov təlimat keçəndə bütün bunları xatırladır.
Döyüş növbətçiliyindən qayıdan əsgər Sərvan İsrafilovla söhbətimiz isə əsgər həyatı, məişət şəraiti və günün nizam qaydası ilə bağlı olur: "Hərbi xidmətə gələnə qədər əsgər həyatından məlumatım az idi. Əsgərlər üçün yaradılan şəraiti görəndə, həqiqətən də, ordumuzun xüsusi diqqət və qayğı ilə əhatə olunduğuna bir daha əmin oldum. Yaradılan şəraiti daha da gözəlləşdirən  komandirlərimizin isti və səmimi münasibətidir. Dərslər və təlimlər zamanı komandirlər Vətənimizin hərb tarixindən, şəhidlərimizin qəhrəmanlığından söhbətlər edir, Mübariz, Fərid, Çingiz kimi qəhrəmanların örnək həyatından danışırlar. Bununla yanaşı, günün nizam qaydasına uyğun olaraq səhər və axşam fiziki hazırlıq məşğələləri keçirilir. Dərs və təlimlər bizim hər an döyüşə hazır olmağımız üçündür. Necə ki, Aprel döyüşlərində hazırlıqlı ordumuz qətiyyətli qələbə ilə bu inamı doğrultdu. Biz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcəyik".
...Növbəti döyüş mövqeyinə gedirik. Baş leytenant Elgün İsmayılov bir azdan həmsöhbət olacağımız əsgər haqqında söz açır.
- Əsgər Elşən Abdullayev nizam-intizamı, tərbiyəsi və hərb sənətinə olan xüsusi sevgisi ilə diqqəti cəlb edən vətənpərvər əsgərdi. Hər döyüş növbəsinə yollananda ona fikir verirəm. Elə həvəslə hazırlaşır ki, sanki az sonra döyüş əmri veriləcək və Qarabağa üz tutacaq. Sonra düşünürəm ki, Elşənin etdiyini hər bir əsgər etməlidir, çünki döyüş əmri hər an verilə bilər...
Komandirin əsgəri haqqında dediyi bu fikirlər mənə Çingiz Qurbanovun komandiri olan polkovnik-leytenant Rüstəm Məmmədovun Çingiz haqqında dediklərini xatırladır: "Nümunəvi əsgərdi, vətənsevərdi, cəsarətlidi." Bu sözlər qəhrəmanımızın doğum günündə keçirilən tədbirdə deyilmişdi. Bəlkə də bir azdan Azərbaycan tarixinə qəhrəmanlığı ilə iz qoyacaq bir əsgərlə - Elşən Abdullayevlə həmsöhbət olacam deyə düşünürəm....
...Döyüş mövqeyindəyik... Əsgər Elşən Abdullayevlə salamlaşırıq. Elşənə komandirinin onun haqqında dediklərindən söz açıram. Gülümsəyir, qürrələnir, fərəhlənir...
- Xidmətə gələn gündən məsuliyyətli olmağı, üzərimə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlməyi özümə söz vermişəm. Cəbhə xəttində xidmət etmək arzum olub. Çətin təbii şəraitdə və təhlükəli mövqelərdə döyüş növbətçiliyini həyata keçirmək son dərəcə məsuliyyətli olmağı tələb edir. Üzərimə düşən məsuliyyətin ağırlığını yaxşı dərk edirəm. Döyüş növbəsində sayıqlığımı itirmədən xidmət aparıram. Düşmən mövqelərini bir an belə nəzarətsiz qoymuram. Bilirəm ki, düşmən xaindir, hər an təxribat törətməyə məqam gözləyir. Düzdür, düşmənə daim nəzarət edirik, lakin onlardan da qorxmuruq, istənilən təxribatın qarşısını almağa, torpaqlarımızı yağılardan təmizləməyə hər an hazırıq.
Elşənin fikirləri komandirinin sözlərinin təsdiqiydi. Onun timsalında Vətəndə doğulub, Vətən üçün yaşayan bütün oğullarımızı, o cümlədən Azərbaycanımızı düşünürəm. Fikirlərim gah Qarabağa, gah Kəlbəcərə, gah da Şuşaya yollanır... Həsrət çəkən Qarabağım bu qarlı dağlardan cığır açaraq sənə qovuşacaq, o zaman bütövləşəcəyik... Elşənlər, Elgünlər, Hikmətlər qovuşduracaq bizi... Düşüncələr burulğanında əsgər Bəybala İsrafilovun yanına çatırıq.
Bəybala da əsgər yoldaşları kimi düşmən üzərinə atılmaq üçün əmr gözləyir. Söhbətimizin əsas məğzi də elə bu çərçivədə oldu.
- Bir gənc kimi düşmənlə üz-üzə mövqelərdə xidmət aparmaq mənim üçün qürurvericidir. Vətən bizim anamızdır. Vətənimizi anamız tək sevməli və qorumalıyıq.  Mən də əsgər dostlarım kimi ön xətdə xidmət etməyimlə fəxr edirəm. Bununla yanaşı, məni üzən, incidən məqamlar da var. Hər dəfə döyüş növbətçiliyinə çıxanda silahın nişangahından işğalda olan torpaqlarımıza baxıram. Torpağımıza, ata-baba yurdumuza düşmənin ayaq basması məni özümdən çıxarır. Çox istərdim ki, tezliklə Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı düşmənlərdən azad edək. Bu qələbədə mənim də kiçik payım olsun, - deyə əsgər Bəybala İsrafilov deyir.
Əsgərlərimizi dinlədikcə qürurlanıram, fərəhlənirəm. Çox böyük sevincdir azərbaycanlıyam demək, dövlətinlə, ordunla fəxr etmək. Əbəs yerə deməyiblər ki, torpaq qanla qarışanda Vətən olur. Biz bu şücaəti, qəhrəmanlığı tarix boyu göstərmişik. Qədimdən azadlıq, müstəqillik uğrunda savaşlar aparmış, heç zaman döyüş meydanından qaçmamışıq. Ərazi bütövlüyümüz uğrunda şəhidlər vermişik, zəfərlər qazanmışıq. Düşmən yaxşı bilir ki, Azərbaycan əsgərinin ən güclü silahı Vətən sevgisidir.
Dağ boyu uzanan qarlı yolları geri qayıdırıq. Yenə də bir-birinə söykənən iki ağacı görürəm. Bu zaman ağlıma Hikmət, Elşən və digər əsgərlər gəlir. Onlar da bir-birilərinə dayaqdı. İllər keçəcək, onlar da bir-birilərini xatırlayacaq, çiyin-çiyinə düşmənlə üz-üzə dayandıqları bugünkü inamı, dostluğu ürəklərində bir daha hiss edəcəklər. Bəlkə də mənim kimi Əşrəf Günaydının xatirələrlə bağlı dediklərini düşünəcəklər. "Bu keçib-gedən ömürdə xatirələri yada salmaq yaşamağı uzatmaqdır, yoxsa qısaltmaq?.." Ürəklərində hiss etdikləri inam və dostluqla bu keçib-gedən ömürdə xatirələri yada salmaq, yaşamağı uzatmaqdır deyəcəklər.


Ceyhun CƏFƏRLİ,  Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"