Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2020 10:00

“Vətənini sev, Torpağını qoru”

Səngərlərdə zabit və əsgərlərlə səmimiyyətlə söhbət edirsən. Gördüklərindən, eşitdiklərindən məmnun qalırsan, mövqelərdən xoş ovqatla  ayrılırsan.
Səngərə şərti başlanğıc bildiyimiz yerdə əsgərlərə ünvanlanmış və böyük hərflərlə yazılmış sözlər bizə də könül xoşluğu verdi: "Vətənini sev, Torpağını qoru, Ananı sev. Mərd ol! Sevdiklərinə sahib olmaq üçün, onları qorumaq üçün sərvaxt ol! Gücünü, qüdrətini, döyüş hazırlığını daim artır. Düşməni məhv etməyə, qələbə qazanmağa hazır ol..."
Bir-birini tamamlayan bu sözlər onu oxuyan hər kəsin qəlbini riqqətə gətirir, ona döyüş əzmi, qələbə ruhu aşılayır. Vətənə məhəbbət, düşmənə nifrət hissini artırır.
Mövqedə 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidə də diqqətimizi çəkdi. Həcmcə kiçik olan bu abidədə dünyəvi bir amal, bir məqsəd, bir istək var. Torpaq uğrunda şəhid olanları daim hörmətlə anmaq, xatirələrini ehtiramla yad etmək.
Abidənin qarşısı  çəmənləşdirilib, gül-çiçək əkilib. Əkilmiş güllər şəhidlərin arzuları, istəkləri kimi çiçəkləyib.
16 şəhidin adı həkk olunmuş mərmər lövhəyə baxıram. Onların yaşları, rütbələri müxtəlif olsa da, hamısı bir amal uğrunda - torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. Ön mövqedə belə məzmunlu, gərəkli abidəni inşa edənlərə minnətdarlıq hissi ilə şəhidlərin xatirəsini ehtiramla yad edirik. Səngərdə belə dəyərli bir abidənin qoyulması çox ibrətamizdir, şəhidlərə böyük ehtiramın ifadəsidir. Döyüşə, qələbəyə çağırışdır.  Mövqedə dayanan əsgərlər hər gün abidənin qarşısında ayaq saxlayır, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirlər. Döyüşlərdə qələbə qazanacaqlarına söz verirlər.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"