Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2020 10:00

Sağlamlıq həyat rəhnidir!

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlıq məşğələsi ilə yaxından tanış olduq. Hərbi hissənin ərazisində müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançalarından savayı,  beynəlxalq standartlara cavab verən yeni idman qurğuları ilə təchiz olunan idman otağı diqqətimizi cəlb edir. İdmanla məşğul olan əsgərlərin çevik hərəkətlərini izlədikcə zövq alırsan. Hər biri idmançı görkəminə malik, çevik və cəlddir.
Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətlə fiziki hazırlıq məşğələsini keçən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eşqin Qəfərov əsgərlərimizin fiziki cəhətdən yüksək səviyyədə olduqlarını, verilən komandaları cəld və çevik yerinə yetirdiklərini, keçirilən yarış və estafetlərdə bir sıra uğurlara imza atdıqlarını bildirdi. “Qüvvə və sürət, dözümlülük və məharət, zirəklik və qələbə əzmi məhz gərgin mübarizə şəraitində gerçəkləşir. Keçirilən məşğələlərin köməyi ilə əsgərlərimizin sağlamlığı, gücü, iradəsi, silah və döyüş texnikasına yiyələnməsi və ondan döyüşdə səmərəli istifadə etmə qabiliyyəti təkmilləşdirilir. Bu gün yarışlarda gərgin mübarizə şəraitinin nəticəsidir ki, əsgərlərimiz fiziki cəhətdən yüksək səviyyədədirlər. Onların hər biri istənilən an düşməni məhv etmək gücündədir. Beləliklə, dərslərin sayəsində əsgərlərimiz sağlamlığın möhkəmləndirilməsində, mətinlik və müntəzəm fiziki inkişafın əldə olunmasında, dərə-təpəli ərazidə piyada hərəkət zamanı və sıçrama yürüşlərində, təbii və süni maneələrin dəf olunmasında, düşmənlə üz-üzə gəldikdə əlbəyaxa döyüşdə məhv etməkdə köməklik edir.”
- Fiziki hazırlıq ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətlərindən biri olmaqla, onun mühüm və ayrılmaz hissəsidir. Qüvvətli və dözümlü  hərbi qulluqçu istənilən tapşırığı uğurla icra edir. Hər idman növü müəyyən dərəcədə dözümlülüyü artırır. Torpaqlarımızın işğaldan azad edilməsində müasir silah və texnika ilə yanaşı, onları idarə edə bilən fiziki cəhətdən  hazırlıqlı hərbi qulluqçular əvəzedilməzdir. Bunun üçün onlar müxtəlif çalışmaları yerinə yetirməli, hərbi-tətbiqi idman növləri ilə məşğul olmalıdırlar. Müntəzəm idmanla məşğul olan hərbi qulluqçuda fiziki keyfiyyətlər inkişaf edir, yeni hərəkət vərdişləri formalaşır, hərəkətlərin koordinasiyası yaxşılaşır və nəticə etibarilə sağlamlığı möhkəmlənir. Şəxsi heyətin hazırlıq səviyyəsinə biz komandirlər cavabdehik. Hər bir komandir tabeliyində olanların döyüş qabiliyyətinin yüksəldilməsi üçün fiziki çalışmaların bütün forma və vasitələrindən istifadə etməli, səhər və axşam kompleks məşğələlər, kütləvi idman işi təşkil olunmalıdır. Rəhbərliyin göstərdiyi diqqət və qayğı nəticəsində hərbi hissəmizdə fiziki hazırlıq üçün hər cür şərait yaradılıb. Bunu görən əsgərlərimiz əllərindən gələni edirlər ki, özlərini doğrultsunlar. "Kafi" yox, "əla" nəticələr əldə etmələri üçün hər zaman çalışırlar. Onların hər biri ilə qürur duyuram. Fəxr edirəm ki, tabeliyimdə bu cür mərd, cəsur və güclü əsgərlər xidmət edirlər.
Əsgərlərimizin fiziki cəhətdən hazırlıqlı olmaları onların tapşırıqları qısa müddət ərzində yerinə yetirmələrindən hiss olunurdu. Daha fəal olanlar hərəkətlərin düzgün və səlis yerinə yetirilməsi qaydalarını digərlərinə göstərirdi. Lazım olduqda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eşqin Qəfərov da izah edirdi, öyrədirdi.
Əsgər Zöhrab Kərimov söhbət zamanı bildirdi ki, fiziki hazırlıq bir sıra tədbirlərlə yanaşı, xəstəliklərin azalmasına da səbəb olur. "Təbii amillərdən istifadə edib müntəzəm surətdə keçirilən idman təlimi bədənimizin hərtərəfli inkişaf etməsinə müsbət təsir edir. Nəticədə orqanizmimizdə gedən bütün fizioloji proseslər təkmilləşir, əhval-ruhiyyəmiz yaxşılaşır, cəsarət, güc, özünəinam keyfiyyətlərimiz artır. Belə bir məşğələni bizlərə keçən komandirlərimizə minnətdaram. Onların nəzarəti altında biz bütün idman hərəkətlərini düzgün yerinə yetirərək, sağlamlığımızı qoruyur, hər gün daha güclü, qüvvətli, iradəli və dözümlü oluruq".
Zöhrabla söhbətimiz zamanı öyrəndim ki, o altı il idmanın cüdo növü ilə məşğul olub. Bir çox uğurlara imza atıb. 2012-ci ildə keçirilən Bakı çempionatının qalibi olub. 2016-cı ildə isə respublika çempionu adına layiq görülüb. Əsgər onu da qeyd etdi ki, hərbi xidmətdən tərxis olduqdan sonra idmanla mütəmadi olaraq məşğul olacaq, bayrağımızı hər zaman yüksəklərdə dalğalandıracaq.
Əsgər Əli Məmmədov da Zöhrab kimi idmanın cüdo növü ilə bir neçə il məşğul olub. 2012-ci ildə keçirilən respublika çempionatını gümüş medalla başa vurub. Əlinin arzusu işğal altında olan torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edib, düşməndən qisas almaqdır. Sonra isə cüdo idman növü üzrə dünya və Avropa çempionatının qalibi olub, Azərbaycanımızın üçrəngli bayrağını ən yüksəklərdə dalğalandırmaq, Dövlət himnimizi səsləndirməkdir. Biz də Əli kimi onun bu iki arzusunun tez bir zamanda həyata keçəcəyinə inanırıq. Əsgər bildirdi ki, xidmətdə hərbi biliklər, döyüş və atəş hazırlığı ilə yanaşı, dözümlülüyü, möhkəmliyi, vətənpərvərliyi öyrənirsən. Keçirilən ictimai-siyasi hazırlıq dərslərində tariximizi, ədəbiyyatımızı, folklorumuzu öyrənirik. Biliklərimiz daha da zənginləşir. Daha təcrübəli və peşəkar əsgər oluruq. "Əsgərlik dövründə hər gün səhər və axşam bizlərə fiziki hazırlıq məşğələsi keçirilir. Bunun sayəsində dözümlü, inamlı, çevik, güclü oluruq. Hərbi xidmətdən əvvəl idmanla az məşğul olurdum. Bir çox hərəkətləri etməkdə çətinlik çəkirdim.  Komandirimin və əsgər yoldaşlarımın dəstəyi ilə hər gün idmanla ciddi məşğul olmağa başladım. İndi normativləri və tapşırıqları sərbəst və vaxtında icra edirəm. Əminliklə deyə bilərəm ki, ordu sıralarından tərxis olduqdan sonra belə fiziki hazırlığıma diqqət yetirəcəm".
Əsgərlər İlkin Abbasov, Rəhman Məmmədzadə, Murad Əliyev və digərləri də fiziki hazırlığın əhəmiyyətindən danışdılar, komandirlərin onlara hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını da dedilər.
Bir daha əmin olduq ki, əsgərlərimiz yüksək fiziki hazırlığa malikdirlər. Bu amil torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımızı daha da artırır. İnanırıq ki, mərd oğullarımız Azərbaycan xalqına Qələbə sevincini yaşadacaqlar. Xankəndidə, Laçında, Kəlbəcərdə... üçrəngli bayrağımızı dalğalandıracaqlar.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"