Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2020 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 26 Fevral - Xocalı faciəsi

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Xocalı faciəsinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan, həmin faciənin iştirakçılarının xatirələrindən istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.
2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.
3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını Azərbaycan əsgəri almalıdır.

 

Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət


Xocalı şəhəri Azərbaycan tarixinə ən dəhşətli və faciəli şəhərlərdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.
Ermənilərin "Böyük Ermənistan" dövləti yaratmaq məqsədi daşıyan cəfəng planlarını həyata keçirmək üçün XX əsrin axırında azərbaycanlılara qarşı törətdikləri ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımı - Xocalı faciəsidir.
1989-1990-cı illərdə keçmiş Sovet İttifaqının bir çox respublikalarında milli silahlı qüvvələrin yaradılması tələbi ilə mitinqlər keçirilirdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) erməni separatçıları yaranmış vəziyyətdən bacarıqla istifadə edərək, "azərbaycanlılar Qarabağın erməni əhalisinə təhlükə yaradırlar" bəhanəsi altında DQMV-dən hərbi xidmətə çağırılan erməni gənclərinin SSRİ silahlı qüvvələrinin o zaman vilayətdə yerləşən hərbi hissələrində, Stepanakertdəki (indiki Xankəndidə) 366-cı alayda və Martunidəki (indiki Xocavənd) sərhəd dəstəsində xidmət keçmələrinə nail oldular. Beləliklə, Azərbaycan ərazisində (keçmiş DQMV-də) sovet ordusunun bazasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhlükə yaradan erməni silahlı dəstələrinin yaradılmasının ilkin mərhələsi başlandı.
1991-ci ilin noyabrında SSRİ rəhbərliyi daxili qoşunları yerləşdikləri respublikaların rəhbərliyinə tabe etmək haqqında qərar qəbul etdi. Ancaq Azərbaycanda yerləşən daxili qoşun hissələrinə rabitə qurğularını sökmək, rabitə avadanlıqlarını, silah və texnikanı respublikadan çıxarmaq tapşırığı verilmişdi. Buna baxmayaraq, Qarabağın dağlıq hissəsindən 1991-ci ilin dekabrında çıxan daxili qoşun hissələri silahları və texnikanı erməni dəstələrinə qoyub gedirdilər. 1991-ci ildə Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları bir çox yaşayış məntəqələri ermənilər tərəfindən işğal olundu. 1991-ci il hadisələri Dağlıq Qarabağ ətrafında gedən proseslərin mahiyyətini açdı. Azərbaycan Ermənistan tərəfindən gizlədilməyən təcavüz faktı qarşısında qaldı.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan prezidenti Ayaz Mütəllibov respublikanın MDB çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Ordusu tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DİN, MTN, XTMD bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən ibarət idi. Bu şəraitdə erməni silahlı dəstələrinin şəxsi heyəti sayca azərbaycanlılardan çox olmasa da, daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdi.
Artıq 1992-ci ilin fevralında Dağlıq Qarabağda mərkəzin köməyi ilə silahlandırılmış, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Dağlıq Qarabağın tərkibində və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydançaları hazırlayır, Gorus-Stepanakert (indi Xankəndi) və Gorus-Hadrut reysləri təşkil olunurdu. Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Dağlıq Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün Xankəndi ilə Əsgəran arasında yerləşən, azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ermənilər ələ keçirməli idilər.

 

26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi


Xocalı Qarabağ hadisələri başlamazdan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən bir qəsəbə idi. 1988-ci ilə olan məlumata görə, qəsəbədə 2135 nəfər adam yaşayırdı. Dağlıq Qarabağda yeganə təyyarə meydanı da burada idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Respublika MTN-nin məlumatına və digər sənədlərə əsasən faciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ilə avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlanılırdı. Axırıncı mülki vertolyot yanvarın 28-də gəldi. Son dəfə fevralın 13-də hərbi vertolyot ərzaq və yanacaq gətirdi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi Vətənini tərk etmək istəmirdi. Şəhər mühasirədə yaşayırdı, ancaq təslim olmurdu.
1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri MDB-nin 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsl genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüşdülər və dinc əhalinin şəhərdən çıxa bilməsinə şərait yaratdılar. Şəhərin müdafiəçiləri bu qeyri-bərabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər, onlardan bir çoxu əsl qəhrəman kimi döyüşdə həlak oldu. Təəssüf ki, döyüşçülərimizin qanı bahasına şəhərdən çıxmağa müvəffəq olan dinc əhalinin çox az hissəsi xilas ola bildi. Şəhərdən çıxanlar ermənilərin pusqularına düşərək 1000 nəfərdən çox insan yaralandı, 1275 nəfər əsir düşdü. Bu dəhşətli gecədə 613 nəfər öldürüldü və onların meyitləri də təhqirlərə məruz qaldı.
Bu günlər Xocalı faciəsinin 28-ci ildönümü tamam olur. Xocalı faciəsində həlak olanların xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əziz olmalıdır. Hər il fevralın 26-da bu dəhşətli faciəni yad edən hər bir azərbaycanlı ermənilərin vəhşiliyini unutmamalıdır. Lakin biz Xocalı faciəsini tarixi hadisə kimi yadda saxlamaqla kifayətlənməməliyik. Xocalı faciəsi azərbaycanlıların qəlbinə qorxu, ermənilərin üstünlüyünə inam hissləri səpməməli, əksinə, qisasçılıq hisslərini alovlandırmalıdır. Biz yaddan çıxartmamalıyıq ki, o müdhiş gecədə həlak olan vətəndaşlarımızın, qocaların, qadınların, uşaqların, əsir düşmüş, alçaldıcı təhqirlərə məruz qalmış, namusu tapdalanmış qız-gəlinlərin qisası hələ alınmayıb. Ümummilli lider Heydər Əliyevin dediyi "Azərbaycan milləti aciz millət deyildir. Azərbaycan gənci erməni gəncindən aciz deyil, gücsüz, cəsarətsiz deyil, əksinə, azərbaycanlılar daha qüdrətli, güclü və cəsarətlidirlər. Ancaq bu insanı, bu gənci müharibə etməyə, silahdan istifadə etməyə öyrətmək lazımdır" fikirləri bir daha sübut edir ki, azərbaycanlılar, hər bir Azərbaycan vətəndaşı və hər bir Azərbaycan gənci düşməndən qisas almağa qadirdir.

 

Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını Azərbaycan əsgəri almalıdır


Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra başlanılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına ümumi qiymət verilərək fevralın 26-sı "Xocalı Soyqırımı" günü elan edilmişdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində beynəlxalq ictimaiyyətə çatdırılması nəticəsində planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olublar. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala, Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin "soyqırımı" aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 21 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kompala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsi "müharibənin cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətlənə bilən xüsusilə ağır əməllər" olduğunu müəyyən edib.
"Xocalıya ədalət" kampaniyasının fəaliyyətinin bu il 12 ili tamam olur. Bu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKGF (İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu) müxtəlif səviyyədə geniş iş aparmışdır. Bu baxımdan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciəni beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımı Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd edilmişdir. 2005-2007-ci ilin fevralında  Türkiyə Böyük Millət Məclisinin xüsusi iclasında Xocalı soyqırımı ilə bağlı məsələ müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək Türkiyənin ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.
Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Həmin torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü daxili və xarici siyasət aparılır. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldilib. Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətçiliyimizi qorumaq, torpaqlarımızı düşməndən azad etmək üçün Azərbaycanın güclü ordusu olmalıdır. Ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusu qarşısında hər an torpaqlarımızı azad etmək üçün hazır olmaq vəzifəsini qoymuşdur. Ali Baş Komandanımız Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışarkən demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o, öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır. Xocalı faciəsində, eləcə də ermənilər tərəfindən törədilmiş digər cinayətlərdə həlak olmuş soydaşlarımızın qisasını, ancaq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə almaq olar.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi