Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2020 10:00

Vətənə əsgər olmaqdan qürurluyuq!

Şahidi olduğumuz Aprel döyüşlərindən artıq dörd il ötür. Vətənimizin mərd oğulları həmin döyüşlərdə təkcə Azərbaycan cəmiyyətinə deyil, dünya ictimaiyyətinə bütün aydınlığıyla sübut etdi ki, torpaqlarımızın hər qarışı uğrunda can əsirgəməyən mübariz ruhlu bir nəsil formalaşıb. Vətən müqəddəsdir, ona görə ki, onu qorumağı qarşısına məqsəd qoyan oğullar ölümdən çəkinmədən döyüşə atılırlar.
Vətəni sadəcə sevmək yetərli deyil. Onu canından artıq sevməlisən. Daşını, qayasını sevməlisən, gülünü-çiçəyini sevməlisən. Üstündə gəzdiyin, suyunu içdiyin, çörəyini yediyin, havasını udduğun torpaq seviləndə Vətən olur. Ölməz şairimiz Məmməd Araz əbəs yerə demirdi: "Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim".
Aprel döyüşlərindən sonra ezamiyyətdə olduğum hərbi hissələrdə söhbətləşdiyim bütün əsgərlər bir ağızdan deyirlər ki, bizlər də kaş həmin döyüşlərin iştirakçıları olardıq. Düşmənə gücümüzü sübut edən Aprel döyüşləri bir həqiqəti aydınlaşdırdı: Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrinin intizarındadır. Prezident, Ali Baş Komandan İlham Əliyev də bütün tədbirlərdə bəyan edir ki, üzləşdiyimiz Qarabağ münaqişəsinin sülh yolu ilə həlli baş tutmayacaqsa, Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə hazırdır.
Bu gün hər kəs əminliklə deyə bilər ki, müharibə baş tutarsa, qalibiyyət bizimdir. Çünki son illərdə Azərbaycanın həm güclü hərbi potensialı yaranıb, həm də ordusunun yüksək döyüş əhval-ruhiyyəsi formalaşıb. Bir-birinin ardınca davam edən genişmiqyaslı təlimlər ordunun şəxsi heyətinin döyüş vərdişlərini möhkəmləndirib. Təlimi ordunun akademiyası hesab edən sərkərdələr qətiyyən yanılmırlar, axı döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən təlimlər şəxsi heyətin bütün bacarıqlarını üzə çıxarır. Hər təlimdən uğurla çıxan əsgər və zabitlərimiz qazandıqları vərdişləri sübuta yetirmək üçün fürsət axtarırlar. Əlbəttə, belə yüksək əhval-ruhiyyədə olan döyüşçülərin qarşısında düşmən heç vaxt tab gətirə bilməz.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin şəxsi heyəti də dövlətimizin orduya göstərdiyi qayğıya cavab olaraq döyüş hazırlığını gündən-günə artırır. Cavabdeh zabitlə birgə səngərlərə üz tuturuq. Hər addımda qürurlu görkəmləri ilə diqqətimizi çəkən Vətən oğulları ilə görüşürük. "Vətənimi qorumaqdan qürurluyam!" kəlməsini özünü təqdim edən əsgər səsləndirəndə, doğrudan da, bu gün torpaqlarımızın vətənpərvər gənclər tərəfindən etibarlı qorunduğuna əmin olursan.
Vətənimizin keşiyində dayanan əsgərlərimizin hamısını iqlim şəraitindən asılı olmayaraq xoş əhval-ruhiyyədə görməkdən də qürur duyuram. Gənc zabit Vasif Quluzadə söhbət zamanı bildirir ki, bölmələrə təyin edilən əsgərlər qısa vaxtda xidməti şəraitə uyğunlaşırlar.  "Gənclərin yüksək fiziki və mənəvi-psixoloji hazırlığı onlara sərt iqlim şəraitində belə  xidmət etməyə imkan verir. Çətin, təhlükəli mövqelərdə xidmət etmək onlara cəsurluq, mərdlik, dostluq kimi mənəvi keyfiyyətlər aşılayır. Ən başlıcası isə əsgər üzərinə düşən vəzifənin müqəddəsliyini dərk edir və məsuliyyət hissi ilə xidmət edir. Azərbaycan əsgəri Vətən qarşısındakı vəzifə borcunun nə qədər şərəfli olduğunu yaxşı bilir".
Zabit haqlıdır, bu gün yüksək mənəvi dəyərlər ruhunda yetişən gənclərimiz Vətənə sədaqətlə xidmət edir, Vətən sevgisini hər şeydən uca tuturlar. Söhbətinə davam edən zabit deyir ki, döyüş növbəsindən sonra asudə vaxtlarda əsgərlərlə xalqımızın tarixi barədə geniş söhbətlərimiz olur. Azərbaycanda dövlətçilik tarixinin müxtəlif dövrləri barədə söhbətlərə əsgərlərin maraqla diqqət yetirdiklərini deyən zabit qeyd edir ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ordunun döyüş qabiliyyətinin yüksəlməsində əhəmiyyətli amillərdən biridir. "Əsgərlər nəyin, hansı məqsədin uğrunda mübarizə apardıqlarını çox yaxşı bilirlər. Onlar başa düşürlər ki, özgənin bir qarış torpağında gözümüz yoxdur, yalnız doğma ərazilərimizi işğaldan azad etmək uğrunda səfərbər olunmuşuq".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş İlkin Hüseynovla həmsöhbət oluruq. Döyüş növbəsinə gedəcək şəxsi heyətə təlimat verən hərbi qulluqçunun işində məsuliyyətli olduğu və vəzifələrinin öhdəsindən uğurla gəldiyi sezilir. Hərbi qulluqçu peşəsinə ürəkdən bağlı olduğunu deyir:
"Hələ əsgər kimi xidmətə başlayanda qəti qərara gəlmişdim ki, könüllü olaraq xidmətimi davam etdirəcəyəm. Hərbçi sənətini seçmək müqəddəs peşə sahibi olmaq deməkdir, axı Vətənə xidmətdən şərəfli heç nə yoxdur. Fikrimi ailəmə bildirəndə sevinmişdilər, "səninlə fəxr edirik" demişdilər. Artıq neçə illərdir ordu sıralarında qulluq edən hərbçi kimi cəbhə xəttində xidmətin bütün xüsusiyyətlərini bölmənin şəxsi heyətinə böyük həvəslə aşılayıram. Əsgərlərin də Vətənə bağlılığı, mənəvi dəyərləri bizi sevindirir, ruhlandırır. Hər biri verilən tapşırığı bacarıqla yerinə yetirir, nümunəvi xidməti ilə seçilir. Hiss edirsən ki, hər birinin ürəyi Vətən sevgisi ilə döyünür."
İndi gənclərimiz hərbi peşələrə böyük maraq göstərir, qəhrəmanlıq, kişilik peşəsini seçmələri ilə fəxr hissi duyurlar. Bununla da böyüməkdə olan nəsil Ulu Öndərimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin irsinə, ideyalarına sadiq olduqlarını sübut edirlər.
Döyüş növbəsindən qayıdan əsgər Fərid Nuruzadə ilə söhbət etmək imkanı qazanırıq. Əsgərə belə bir sual ünvanlayırıq.
“Biləsuvarlı qəhrəmanlarımızdan kimi tanıyırsan?”. Əsgər tərəddüd etmədən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını iftixarla çəkir. Mübariz kimi qəhrəman oğulların onun qəlbində daim yaşadığını və onların şərəfli ömür yolunu, qəhrəmanlıqlarını öz həyat yoluna nümunə bildiyini deyir. "Orta məktəbə qədəm basdığımız ilk gündən müəllimlərimiz bizə vətənpərvərliyi, Vətəni sevməyi aşılayıb. Qəhrəmanlardan söz düşəndə Mübariz İbrahimovun adını çəkiblər və onun həyatından nümunə götürməyi öyrədiblər. Aprel döyüşləri də göstərdi ki, bu gün cəmiyyətimizdə qəhrəmanlıq, fədakarlıq göstərən gənclərimizin sayı çoxdur. Biz də onların davamçıları olaraq döyüş meydanında şücaət göstərmək üçün Ali Baş Komandanın döyüş əmrini gözləyirik".
Əsgər Murad Bayramov deyir ki, üzərində boy atdığımız Vətənə övladlıq borcunu şərəf və məsuliyyətlə yerinə yetirmək hər kəsin borcudur. "Bu gün Vətənimizin bacarıqlı əsgəri kimi formalaşdığım üçün öncə vətənpərvər komandirlərimə və aylar, həftələr, günlər ərzində torpaqlarımızın keşiyində çiyin-çiyinə dayandığım silahdaşlarıma borcluyam. Ordu həyatı, sözün həqiqi mənasında, bir kişilik məktəbidir və bu yolda sınaqlarda bərkidiyim üçün özümü xoşbəxt sanıram".
Əsgəri xidmət dövründə gənclərə hərbi biliklərlə yanaşı, bir çox müsbət keyfiyyətlər aşılanır. Gənclər həm bacarıqlı əsgərlər kimi, həm də cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşırlar. Onlara tapşırılan vəzifələrin əhəmiyyətini dərindən dərk edərək məsuliyyətlə xidmət edirlər. Belə gənclərdən biri - əsgər Səlim Əzizov “Vətənə əsgər olmaqdan qürurluyam”, - deyir. "Səngərdə dayanmaq isə ikiqat qürurludur. Burada torpaqlarımıza keşik çəkirik. Mənim üçün bundan şərəfli və müqəddəs tapşırıq yoxdur. Vətən qoruyucusu olmağın sevincini və qürurunu daim hiss edirəm. Hər an üzərimə düşən vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışıram. Düşmən qarşısında mətin dayanmışıq və əsgər dostlarımla birgə onlara qan uddurmağa hər an hazırıq".
...Səngər boyu başqa əsgərlərlə də görüşüb arzu və istəklərini qələmə alırıq. Bu yerlərdən, qüdrətli ordumuzun mətin keşikçilərindən ayrılmaq istəmirik. Onlarla söhbətlərimiz xoş ovqat yaradır. Əgər düşmən tərəfi sülh yolu ilə yurd yerlərimizdən çıxmasa, Vətənimizi qoruyan belə oğulların hesabına torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımız daha da artır. Elə bu inam hissi ilə onlardan ayrılırıq...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"