Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2020 15:00

Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda növbəti qəbul keçirilib

3 fevral 2020-ci il tarixdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursuna növbəti qəbul həyata keçirilib.
Kursa qəbul olan namizədlər ulu öndər Heydər Əliyev guşəsini ziyarət ediblər.
Açılış mərasimində Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev dinləyiciləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayıb və geniş məruzə ilə çıxış edib.
Bildirib ki, bu il Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda 15 dövlət təşkilatının nümayəndələri təhsil alacaqlar.
Son illər ölkəmizin, o cümlədən Silahlı Qüvvələrin həyatında, xüsusən də hərbi təhsil sistemində bir sıra islahatların həyata keçirilməsi ilə yaddaqalan olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən hazırlanmış "Azərbaycan-2020: gələcəyə bir baxış" İnkişaf Konsepsiyası hərbi təhsil sahəsində də bizim qarşımızda yeni vəzifələr qoyub.
Hərbi Akademiyanın əsas vəzifəsi dövlət orqanlarında çalışan vəzifəli şəxslərə respublikanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini, ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etməkdir. Bu vəzifələrin yerinə yetirilməsində Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu xüsusi yer tutur.
Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda tədris prosesi 5 ay müddətində olmaqla, hər ilin fevral-iyun aylarında (21 tədris həftəsi) mühazirələr, seminarlar, qrup çalışmaları və praktiki məşğələlər formasında həyata keçirilir.
Təhsil müddəti ərzində akademik kursun dinləyicilərinə:
- xarici siyasət və milli təhlükəsizliyin əsasları;

- strategiya və müdafiənin planlaşdırılmasının əsasları;

- müdafiə resurslarının idarə edilməsinin əsasları;

- dövlət müdafiəsinin idarə edilməsinin əsasları mövzu blokları üzrə mühazirələr oxunur.
Mövzu bloklarının adlarından göründüyü kimi, akademik kursda tədris olunan mövzular fasiləsiz dəyişən lokal, regional və qlobal təhlükəsizlik mühitindən, milli təhlükəsizliyin müxtəlif istiqamət və səviyyələrindən, iqtisadi təhlükəsizliyi şərtləndirən amillərdən, daim yeniləşən çağırışlardan bəhs etdiyi üçün kursun tədris proqramı müntəzəm olaraq təkmilləşdirilir. Bu istiqamətdə son dəyişikliklər Strateji Əməliyyat Məharəti fakültəsi tərəfindən 2019-cu tədris ilinin sonunda aparılıb və ötən ilin dekabrında akademik kursun yeni tədris proqramı təsdiq edilib. Bu il akademik kursa qəbul edilən dinləyicilər yeni təkmilləşdirilmiş proqram üzrə təhsil alacaqlar.
Akademik kursun tədris proqramı çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisində, müxtəlif nazirlik və təşkilatlarda, ali təhsil müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislər akademik kursda müxtəlif mövzularda mühazirələr oxuyacaqlar.
Eyni zamanda, güc nazirliklərinin mütəxəssisləri kursların tədris proqramına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması və təşəkkül tapması, onların strukturu, qarşısında duran vəzifələr haqqında və digər mövzularda akademik kursun dinləyiciləri qarşısında çıxışlar edəcəklər.
Hərbi Akademiyanın və akademik kursun tədris proqramlarına müvafiq olaraq, Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun və Əməliyyat-taktiki fakültənin dinləyiciləri Hərbi oyunda iştirak edəcəklər.
Hərbi oyun müddətində akademik kursun dinləyiciləri dövlətin rəhbər vəzifələrini, şərti olaraq, böhran və müharibə şəraitində, Əməliyyat-taktiki fakültənin dinləyiciləri isə müxtəlif komandir və qərargah vəzifələrini, şərti olaraq, müxtəlif döyüş əməliyyatlarında icra ediləcək hər iki kursun dinləyiciləri dövlət müdafiəsinin və döyüş əməliyyatlarının idarə edilməsində müəyyən təcrübə əldə edəcəklər.
Akademik kursun tədris proqramı çərçivəsində Milli Məclisin komitə sədrləri tərəfindən kursun dinləyiciləri qarşısında silsilə mühazirələrin oxunması bir ənənə halını alıb. Ötən tədris illərində Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin və Əmək və Sosial Siyasət Komitəsinin sədrləri akademik kursun tədris proqramında nəzərdə tutulmuş müvafiq mövzular üzrə dinləyicilər qarşısında mühazirələrlə çıxışlar ediblər. Bu tədris ilində də bu ənənə davam etdiriləcəkdir.
Akademik kursun tədris proqramı çərçivəsində dinləyicilər Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların və Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri, respublikanın iri yanacaq və energetika kompleksləri, strateji əhəmiyyətli obyektləri və mədəni-tarixi yerləri ilə tanış olacaqlar.
Bu kimi praktiki məşğələlər dinləyicilərin, respublikanın hərbi-sənaye potensialı və Silahlı Qüvvələrin döyüş hazırlığı, mənəvi-psixoloji durumu, məişət şəraiti ilə bağlı təsəvvürlərini daha da genişləndirəcəklər.
Xarici dövlətlərin, o cümlədən Türkiyə Respublikası, Rumıniya, Pakistan İslam Respublikası və Əfqanıstan İslam Respublikası Silahlı Qüvvələrinin zabitlərinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda təhsil alması Hərbi Akademiyanın beynəlxalq əməkdaşlığının göstəricisidir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün müasir tələblərə cavab verən ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, hərb elminin təşkili və inkişaf etdirilməsi, ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrlə mülki dövlət qurumlarının birgə fəaliyyətinin təşkili məsələləri bundan sonra da Hərbi Akademiyanın fəaliyyətinin  əsas istiqamətləri olacaqdır.

Telman ŞAHBAZOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının fakültə rəisi