Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2020 11:25

“Müharibə torpaqlarımız işğaldan azad edildikdən sonra başa çatacaq”

Hər bir insan yaşadığı ömrün tarixini özü yazır. O kəslər ki, ömrünü xalqına, millətinə, yaşadığı cəmiyyətin, onun ordusunun inkişafına həsr edir, bu ömür əbədi yaddaşlara həkk olunur. Sözsüz ki, örnək ola biləcək bir ömür yazmağın özü də fədakarlıq və hünərdir. Bu gün insanlar üçün fədakarlıq göstərərək seçim edə biləcəkləri çoxlu peşələr var. Hərbçi peşəsi bu peşələrin içində xüsusilə seçilir.
Hərbçi peşəsinin yolçularından biri olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vəli Əli oğlu Səfiyev ilə "N" hərbi hissəsində tanış olduq.
Vəli Səfiyev söhbət əsnasında bildirdi ki, hərbçi peşəsi digər peşələrdən yalnız Vətənə xidmət amilinin dərəcəsinə görə fərqlənir, dəyərləndirilir. "Bizim üçün yalnız ali bir ölçü, bir amil, bir dəyər var - Vətən! Vətən naminə yaşamaq və xidmət etmək şərəfdir. Biz hərbi qulluqçular üçün harada çalışmağımızdan asılı olmayaraq başlıca istək Vətəni göz bəbəyimiz kimi qorumaqdır. Bizim üçün Vətən amilindən uca, fəxarətli bir məqam olmayıb.
"Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir", - deyə hərbi qulluqçu sözünə davam etdi. - Bu gün iftixar hissi keçiririk və bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin  müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var. Ordumuz tam yüksək səviyyədə formalaşıb, müasir tələblər əsasında qurulub və həqiqətən, məğlubedilməz olub. Böyük Qələbə qazanmaq üçün indi daha böyük imkanlarımız var. Bunun üçün ordumuzun vətənpərvər, Vətəninə, müstəqil dövlətinə sədaqətli əsgər və zabitləri var.
Vəli Səfiyev onu da qeyd etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti öz torpağında vuruşur, öz torpağını qoruyur və torpaqlarımızın azadlığı uğrunda döyüşür. "Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu Aprel döyüşlərində, Günnüt zəfərində düşmənə yerini göstərdi, ona çox böyük sarsıdıcı zərbələr vurdu. Həmin qələbələr Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanının rəhbərliyi altında qüdrətli ordusunun formalaşdığını və xalq-dövlət birliyinin tamamilə yeni çalarlarını ortaya qoydu. Artıq Azərbaycan dövləti güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan Ordusunun bütün şəxsi heyəti düşməni məhv etməyə, eyni zamanda, lazım gəldiyi anda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır.
"Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirir", - deyə V.Səfiyev bildirdi. - Bu baxımdan düşmənlə təmas xəttində hərbi xidmət keçmək daha məsuliyyətli və şərəflidir. Dövlətimiz ağır təbii şəraitdə gecə-gündüz torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərimizə həmişə diqqət göstərir, onların xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Biz isə öz mövqelərimizdə ayıq-sayıq dayanmışıq. Başa düşürük ki, müharibə şəraitindəyik. Bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Bunun üçün də vətənpərvərlik hissi ilə xidmət edərək özümüzü qəhrəman, cəsur, qüdrətli bir hərbçi kimi formalaşdırmalı və bütün çətinliklərə hazır olmalıyıq.


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"