Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

“İnanıram ki, əsgərlərlə növbəti görüşlərimiz Şuşada olacaq”

Füzuli Dövlət Dram Teatrının yaradıcı kollektivi müntəzəm olaraq həm əlamətdar, həm də bayram günlərində hərbi hissə və birləşmələrə gedir, hərbçilər qarşısında teatrlaşdırılmış maraqlı konsert proqramları ilə çıxış edirlər. Belə maraqlı tədbirlər zabit və əsgərlərimizin ruh yüksəkliyini daha da artırır, onların vətənpərvərlik hisslərini coşdurur. Bu cür səmərəli görüşlərdən həm teatrın kollektivi, həm də hərbçilər məmnun qalırlar. Hərbi hissələrdə Füzuli Dövlət Dram Teatrının ünvanına tez-tez xoş sözlər eşidirik. Bu günlərdə ezamiyyətdə olarkən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevlə görüşüb söhbət etdik, gördükləri işlərdən, hərbi hissə və birləşmələrdə vətənpərvərlik mövzusunda keçirdikləri tədbirlərdən danışdıq. Vaqif müəllim söhbətə cığır salaraq dedi:
- Qarabağ müharibəsi başlanan ilk günlərdən biz daim hərbçilər qarşısında maraqlı konsert proqramları ilə çıxış edir, onları Vətənin müdafiəsinə ruhlandırırıq. Bu gün də həmin ənənəni uğurla davam etdiririk. Teatrımızın kollektivi  tez-tez hərbi hissələrdə olur, zabit və əsgərlər qarşısında müxtəlif səpkili tamaşalarla, həmçinin konsert proqramları ilə çıxış edirlər. 2016-cı ilin uğurlu Aprel döyüşlərində erməni işğalçılarından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Xalq ilə ordunun birliyi" adlı hərbi vətənpərvərlik bayramı da kollektivimiz üçün yaddaqalan oldu. Əməkdaşlarımızın çıxışları hərbçilər tərəfindən hərarətlə qarşılandı. Bütün bayramlarda biz Vətən keşikçilərinin yanına gedirik. Çalışırıq ki, mahnılarımızla, tamaşalarımızla hərbçilərimizin döyüş əzmini daha da yüksəldək. "9 Noyabr - Bayraq Günü" münasibətilə teatr binasının qarşısında əsgərlərlə birlikdə bayram konserti təşkil olunmuşdu. Ön cəbhədə xidmət edən əsgərlərin ad günlərində də teatrın yaradıcı kollektivi sürprizləri ilə onları sevindirməyə çalışır. Müəyyən xeyriyyə tədbirlərində də hərbi hissə və birliklərlə fəal əməkdaşlıq edirik. Ötən ayın son günlərində kollektivimiz hərbi hissənin bir qrup şəxsi heyəti ilə Şəki və Gəncə şəhərlərindəki uşaq evlərinə getdi, tamaşa-konsert proqramı ilə onların kövrək qəlblərini oxşadı. Həmçinin hədiyyələrlə də uşaqları sevindirdik. Yaradıcı kollektiv hərbi hissələrdəki çıxışlarına, repertuarlarına xüsusi diqqət yetirir. Daha çox hərbi vətənpərvərlik, marş və mahnılarına üstünlük veririk. Əsgərlərin asudə vaxtlarını daha səmərəli keçirmələri və hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində yorulmadan çalışırıq. Hərbi hissədəki çıxışlarımız, zəhmətimiz hər zaman hərbçilər tərəfindən yüksək qiymətləndirilib. Dəfələrlə əməkdaşlarımız komandanlıq tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılıb. Göstərilən bu diqqət və qayğı isə bizi daha da həvəsləndirir, yeni görüşlərə sövq edir.
Yeri gəlmişkən, onu da deyim ki, bu günə qədər 100-dən çox dram əsərinə səhnə həyatı vermişik. Teatr bu gün şanlı tarixinə yeni səhifələr yazır. Yaradıcı kollektiv  mütəmadi olaraq hərbi hissələrdə, rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində müxtəlif tamaşa proqramları ilə çıxış edir. Bu  il teatrımız üçün əlamətdar olan hadisələri oxucuların diqqətinə çatdırmaq istərdim. Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun olaraq,  teatrda M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah", S.İbrahimlinin "Sadığın toyu", Əli Səmədlinin "Əhmədin vəfalı xoruzu", Y.Əzimzadənin "Nəsrəddin" tamaşaları  hazırlanıbdır. Həmçinin Yeni il və Novruz bayramı münasibətilə şou-proqramlar, anım günləri ilə əlaqədar poetik xalq tamaşaları ictimaiyyətə təqdim olunub. "Nəsimi İli" çərçivəsində teatrımız "Nəsimi eşqi" adlı poetik xalq tamaşası ilə çıxış edib. Adını çəkdiyim bu tamaşalar hərbi hissələrdə də nümayiş etdirilib və hərbçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Hələ qarşıda bizi hərbi hissələrdə neçə-neçə görüşlər gözləyir. Ordumuzun gücünə, qüdrətinə güvənərək inanıram ki, zabit və əsgərlərlə növbəti görüşlərimiz Şuşada, Xankəndidə və işğaldan azad edəcəyimiz torpaqlarımızda olacaq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"