Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

Qələbəyə gedən yolun uğurlu olsun, Azərbaycan əsgəri!

Geniş meydanda döyüş hazırlığı məşğələsi keçən şəxsi heyətin cəld və çevik hərəkətləri hələ uzaqdan diqqətimizi özünə çəkdi. Asta addımlarla onlara yaxınlaşıb məşğələnin gedişini izləməyə başladıq. Sıranın qarşısında dayanan zabit dərsin mövzusunu əsgərlərə ətraflı izah edirdi. Silahın sökülüb-yığılma qaydalarını əyani surətdə şəxsi heyətə göstərirdi. Əsgərlər isə zabitə qulaq asır, bütün diqqətlərini dərsin gedişinə yönəltmişdilər.
Çox keçmir ki, zabit sırada dayanan əsgərlərdən birini yanına çağırıb, ona avtomat silahını söküb-yığmağı tapşırdı. Əsgər cəld hərəkətlə tapşırığı yerinə yetirməyə başladı. Silahı tutmağından, əl hərəkətlərindən hiss olunurdu ki, onun kifayət qədər təcrübəsi və səriştəsi var. Məhz elə buna görə də o, tələb olunan vaxt çərçivəsində silahı söküb-yığdı və bu barədə komandirə məruzə etdi. Beləcə, əsgərlər növbə ilə irəli çıxıb bacarıqlarını, bu günə qədər öyrəndiklərini şəxsi heyət qarşısında nümayiş etdirdilər. Onların cəld hərəkətləri, silahla davranmaları bir daha göstərir ki, gənc əsgərlər arxada qalan müddət ərzində hərbi biliklərini və döyüş hazırlığı vərdişlərini yüksək səviyyədə mənimsəyiblər. Deməli, nəzəri dərslər, əməli məşğələlər səmərəli keçib. Zabitlər məşğələlərin hər dəqiqəsindən bacarıqla istifadə ediblər.
Bir azdan məşğələdə fasilə elan olundu. Arada yaranmış vaxtdan istifadə edib zabit və əsgərlərlə həmsöhbət olduq. Gənc zabit Yəhya Quluyev söhbətə cığır açaraq dedi ki, əsgərlərə hərbi bilikləri öyrətmək, döyüş vərdişlərini aşılamaq üzərimizə düşən ən başlıca vəzifələrdən biridir. “Bir qayda olaraq, xidmətimizə məsuliyyətlə yanaşaraq hərbi bilikləri ordu sıralarında ilk addımlarını atan gənc əsgərlərə həvəslə öyrədirik. Çalışırıq ki, əsgərlərimiz yüksək hazırlıqlı olsunlar. Döyüş vərdişlərini mükəmməl şəkildə mənimsəsinlər, hərbi bilikləri dərindən öyrənsinlər. Əsgərlər hərbi bilikləri öyrənməyə böyük həvəs və maraq göstərirlər. Bu həvəs və maraq onları gündən-günə arzularına qovuşdurur. Əsgərlərin ən böyük arzusu hərbi bilikləri öyrənmək və müxtəlif silahlardan hədəflərə dəqiq atəş açmaq, torpaqlarımızı erməni işğalçılarından azad etməkdır. Səmərəli keçən məşğələlərdə əsgərlərimiz məqsədlərinə asanlıqla nail olurlar. Gənc əsgərlərə məşğələ keçmək üçün hərbi hissədə hərtərəfli şərait yaradılıb. Zabit heyəti bu şəraitdən bacarıqla istifadə edərək gənc əsgərləri qarşıdakı xidmətə hazırlayırlar. Hərbi bilikləri mənimsədikcə onlar daha da həvəslə xidmət edirlər. Bu gün sırada dayanan əsgərlərin ordu sıralarına çağırıldıqları gündən çox zaman keçməyib. Amma özünüz də gördünüz ki, onlar hərbi bilikləri, döyüş vərdişlərini necə də mükəmməl mənimsəyiblər. Bu onların xidmətdə qazandıqları ilk uğurlarıdır. Əminəm ki, bu uğurların üstünə gələcəkdə yeniləri də əlavə olunacaq.”
Gənc əsgərlərlə söhbətimiz olduqca maraqlı keçdi. İlk həmsöhbətim əsgər Nahid Həsənovun valideynləri işğala qədər Ağdam rayonunda yaşayıb. Əsgər Nahid Həsənov Ağdamı görmədiyinə görə çox təəssüflənir. Onun gözəlliyi, füsunkarlığı haqqında yalnız valideynlərindən eşidib. “Erməni qəsbkarlarının tapdağı altında olan Ağdamı, Şuşanı, başqa rayon və qəsəbələrimizi də azad etmək biz əsgərlərin üzərinə düşür. Bu, hərbçi kimi bizim ən müqəddəs borcumuzdur. Necə olursa-olsun, biz bu borcu yerinə yetirməliyik. Düşməni üstələmək üçün hər şeydən əvvəl hərbi biliklərə, döyüş vərdişlərinə yiyələnməliyik. Döyüş hazırlığımızı daim artırmalıyıq ki, peşəkarlığımız yüksək olsun. Xidmətə çağırıldığım ilk gündən dərs və məşğələlərdə fəal iştirak edərək hərbi biliklərə yiyələnirəm, döyüş hazırlığımı artırıram. Döyüş hazırlığımız nə qədər yüksək olsa, düşmən üzərində daha tez və itkisiz qələbə qazanarıq. Böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürk deyirdi: "Təlimdə tər, döyüşdə zəfər!" Deməli, gələcək döyüşlərdə zəfər qazanmaq üçün bu gün təlimlərdə tər tökməliyik, döyüş təcrübəmizi artırmalıyıq. Məşğələdən-məşğələyə hazırlığımızın yüksəldiyi, biliyimizin artdığı aydın hiss olunur. Zabitlər bizi həvəslə öyrədir, getdikcə bizdə hərbi biliklərə böyük maraq oyadırlar. Məhz buna görə də gündən-günə təcrübəmiz artır. Gələcək uğurlara gedən yollarımız bugünkü məşğələlərdən başlanır. Hərbi xidmət mənim üçün çox müqəddəsdir. Buna görə də Azərbaycan əsgəri adını daşımaqdan qürur duyuram.”
Gənc əsgərlərdən Elşad Hüseynov, Kənan Əlizadə, Nihad Quluyev, Elsevər Abdullazadə, Ağaşərif Əliyev və başqaları da hərbi biliklərə dərindən yiyələnəcəklərindən, yurdumuzun keşiyində həmişə ayıq-sayıq dayanacaqlarından, erməni qəsbkarlarının tapdağı altında olan torpaqlarımızı azad edərkən qəhrəmanlıq və igidlik göstərəcəklərindən ürəkdolusu danışdılar.
Fasilə başa çatdı və məşğələ yenidən başlandı. Budur, gənc əsgərlər yenə də həvəslə hərbi bilikləri öyrənir, döyüş təcrübələrini artırırlar. Sabahkı böyük uğurlarının yollarında ilk addımlarını atırlar. Təbiidir ki, bu kövrək addımlar getdikcə möhkəmlənib bərkiyəcək, bu yollar onları sonda qələbəyə qovuşduracaq. Bu anlarda xoş duyğular keçirə-keçirə deyirəm: "Qələbəyə gedən yolun uğurlu olsun, Azərbaycan əsgəri!"

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"