Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

Azərbaycan əsgəri zəfər sorağı ilə xalqımıza sevinc bəxş edəcək!

Soyuq bir qış səhəridi... Bu günün soyuğu, şaxtası, özünəməxsus gözəlliyi və insanlara bəxş etdiyi əhval-ruhiyyəsi nədənsə digər günlərdən seçilir. Yolboyu düşüncəmizə səngər, Azərbaycan əsgəri, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağı... fikri hakim kəsilib. Hava soyuq olsa da, yaxşı bilirik ki, Azərbaycan əsgəri yayın istisindən, qışın sazağından, xidmət etdiyi yerin relyefindən asılı olmayaraq müqəddəs vəzifəni yerinə yetirir, ana Vətənin müdafiəsində dayanır.
Dan yeri sökülməkdədi. Səhər saatları olsa da, nəhayətsiz səma gecənin qaranlığından qurtula bilməyib. Evlərdən ətrafa yayılan işıq qaranlığın bağrını yarmağa çalışır. Bir qədər keçdikdən sonra hava işıqlanmağa başlayır, uzaqdan başı qarlı uca dağlar görünür. Dağlara baxdıqca düşünürəm ki, burada dağ dağa söykənib, dağ vüqarlı oğullarımız başı qarlı dağlardan ilham alıb düşmənə qarşı sipərə çevrilib. Həm də fikirləşirəm ki, əslində, dağları dağ edən onun dağ vüqarlı oğullarıdır.
"N" hərbi hissəsində bizi polkovnik-leytenant Rüstəm Məmmədov qarşılayır. Zabitlə qısa söhbətdən sonra hərbi hissənin ön xətdə yerləşən bölməsinə yola düşürük. Öyrənirik ki, gedəcəyimiz bölmə müasir standartlara uyğun qurularaq şəxsi heyətin istifadəsinə yeni verilib.
Kələ-kötür yollar bitmək bilmir. Təcrübəli sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Kamal Həsənov ilə yolboyu söhbət edə-edə, ətrafa göz gəzdirirəm. Kənd camaatı havanın soyuq olmasına baxmayaraq təsərrüfat işləri ilə məşğuldu. Diqqətimi cəlb edən əsas səhnələrdən biri azyaşlı uşaqların hərbi təyinatlı avtomobillərə əsgəri salam verməsi səhnəsi olur. Bu, ən yadda qalacaq səhnələrdən biri kimi əbədi hafizəmə həkk olundu. Eşq olsun o valideynlərə ki, gələcəyimizin memarı olacaq balalarımızı belə patriot ruhda tərbiyə edirlər! Sürücü Kamal Həsənov isə qeyd edir ki, kənddə uşaqların hərbi qulluqçu və hərbi təyinatlı avtomobil gördükdə hərbi salam verməsi təqdirəlayiqdir və onların bu peşəyə olan sevgisinin təzahür formasıdır. "Bu cür məqamlar insanda xoş təəssüratlar oyadır. Bunlar xalqımızın, millətimizin yaşından asılı olmayaraq ordumuza olan inamının təcəssümüdür. Sabahın əsgərlərinin kiçik yaşlarından vətənpərvər ruhda böyüdülməsi çox mühüm məqamlardan biridir. Bu gün hamımız yaxşı bilirik ki, xalq ordusuna, ordu isə xalqına sonsuz inanır və güvənir. Aprel döyüşləri bunu bir daha təsdiqlədi. Bu gün uşaq yaşlarında hərbçilərimizi görəndə sevinən, ona hörmət edən gənclik özü sabah əsgər olanda uşaqlardan eyni hörməti və izzəti görəcək. Bu ənənə ata-babalarımızdan bizlərə, bizlərdən də gələcək nəsillərə ötürüləcək".
Söhbət edə-edə yaşayış məntəqələrini arxada qoyuruq və zamanın necə ötüb keçdiyinin fərqinə varmadan dayaq məntəqəsinə çatırıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Xəyal Qurbanov şəxsi heyəti təlimatlandırır. Növbəni dəyişdikdən sonra Xəyalla həmsöhbət oluruq. Hərbçi ailəsində göz açdığını deyən müsahibim uşaqlıqdan bu peşəyə marağının yarandığını bildirir. "Atam Akif Qurbanov 2003-cü ildən ehtiyata buraxılıb. Uşaq yaşlarımdan onu hərbi formada görməyim, Vətən torpaqlarını işğaldan azad etmək istəyim məni bu peşəni seçməyə vadar etdi. Xidmətimin əsasını ön xətdə keçirmişəm. Bu gün gələcəyin əsgəri olacaq iki oğul atasıyam. Bölməmizdə olan əsgərlərin hər birini özümə doğma bilirəm. Cəsur oğullarımız ilə birlikdə Vətən keşiyində dayandığım üçün qürurlu və sevincliyəm. Hər biri nizam-intizamlı, vətənpərvər əsgərlərdir. Komandirlərimizlə birlikdə şəxsi heyəti əsl döyüşçü kimi daha da təkmilləşdirmək üçün əlimizdən gələni əsirgəmirik. Döyüş postunda xidmət etmək şərəflidir, məsuliyyətlidir və əsgərlərimiz bunu bilirlər. Döyüş növbətçiliyinin əsas şərti ayıq-sayıq və operativ olmaqdır. Növbətçilik vaxtı düşmən mövqeləri daim nəzarətdə saxlanılır, atəşkəs rejiminin pozulduğu təqdirdə düşmən layiq olduğu cavab atəşi ilə susdurulur".
Şəxsi heyətin məişət şəraiti ilə tanış olmaq üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Əliyevlə söhbətləşirik. Elvin son zamanlar ordumuzda aparılan islahatlardan, bölmələrində yaradılan şəraitdən danışır. Məişət şəraiti ilə tanış olmaq üçün müsahibimlə birlikdə əsgər yataqxanasına daxil oluruq. Yataqxanada səliqə-sahman göz oxşayır. Şəxsi heyətin isti su təchizatından tutmuş, otaqların temperaturuna qədər hər şey qış mövsümünə uyğun qurulub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu E.Əliyev bildirir ki, Ali Baş Komandanın göstərişlərinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yeni hərbi hissələr tikilir, eyni zamanda, bir çox hərbi hissələrdə təmir və yenidənqurma işləri aparılır. "Rəhbərlik tərəfindən ordumuza olan diqqət və qayğı yüksək səviyyədədir. Hərbi hissəmizdə şəxsi heyətin gündəlik fəaliyyətinin düzgün təşkil edilməsi üçün istənilən şərait yaradılıb. Kitab guşəsi, trenajor zalı əsgərlərin istifadəsinə verilib, onlar asudə vaxtlarını burada keçirirlər".
Füzuli rayonundan olan əsgər Elçin Cəfərov qeyd edir ki, atası Əfrail Cəfərov və dayısı Maxsud Qarayev Qarabağ müharibəsi zamanı Horadiz istiqamətində gedən döyüşlərdə iştirak ediblər. "Atam və dayım müharibənin qanlı dövrünü görüblər. Onların hər birinin keçdiyi döyüş yolu mənim üçün nümunədir. Döyüş növbəsinə çıxarkən onların və komandirlərimin dediklərini daim xatırlayıram. Xalqımız bizə arxayındır, həmişə ayıq-sayıq olmalıyıq ki, onlar firavan yaşasınlar. Vətənə xidmət hər birimizin övladlıq borcudur. Bu müqəddəs borcu düşmənlə təmas xəttində yerinə yetirdiyim üçün fəxr edirəm".
Əsgər Musa Musayev əslən Laçın rayonundan olsa da, oraları canlı görməyib, ancaq qohum-əqrəbalarının danışdıqları qədər məlumata sahibdir. "Ata-baba ocaqlarından zorla didərgin salınmış həmyerlilərimizin taleyini düşünəndə mənim düşmənə olan nifrətim daha da artır. Yurdlarından didərgin düşənlərin, övladı şəhid olan ata-anaların gözlərindən süzülən hər damla göz yaşının qisasını alacağımız döyüşün iştirakçısı olmaq arzusundayam". Musa, həmçinin qeyd edir ki, dayısı Afan Bağırov Qarabağ müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə tankçı olaraq iştirak edib.
Döyüş növbətçiliyi aparan əsgər Şəhriyar Məmmədli düşmən mövqelərindən gözlərini çəkmədən verdiyim “Vətən keşiyində dayananda hansı hissləri keçirirsən?” - sualımı cavablandıraraq qeyd edir ki, hərbi xidmətə gəlməsindən hazırkı dövrə qədər keçən günlərin onun ömür səhifəsində özünəməxsus yeri var. "Səngər igidlərin ünvanıdır. Bu səngərlərdə Mübarizlər, Çingizlər,... dayanıblar. Fəxr edirəm ki, bu gün Vətən müdafiəçisi adını daşıyıram. Xidmətimin əsas hissəsi hələ qarşıdadı, çalışacağam ki, komandirlərimin təcrübələrindən faydalanaraq bilik və bacarıqlarımı daha da təkmilləşdirim.”
Əsgər Kamal Abdulrahmanovun xidmətinin bitməsinə az bir müddət qalmasına baxmayaraq, torpaqlarımızın işğaldan azad olunacağı günə qədər Vətəninə xidmət edəcəyini bildirir: “Xidmətimin çox hissəsi ön xətdə keçib. Kənardan bu çətin görünə bilər, lakin yaradılan şəraiti özünüz də gördünüz. Təminatımız və təchizatımız yüksək səviyyədədir. Burada olduğum müddətdə Müdafiə Nazirliyinin rəhbərliyinin bizi görməyə gəlməsi, qayğı və problemlərimizlə maraqlanması hər birimizdə ruh yüksəkliyi yaradır”.
Əsgərlər Məhəmməd Məmmədov və Bəhruz Fərəcli də düşmənlə üzbəüz mövqedə xidmət etməkdən qürur duyduqlarını söyləyirlər. Onların hər birinin sözlərində patriotizm hiss edilir. "Vətənpərvərlik və döyüş ruhu yüksək olan əsgər məğlubedilməzdir", - deyə hər iki əsgər bildirir.
Hər gün bir az daha qələbəyə yaxınlaşırıq. İllərdir beynəlxalq qurumların bərpa edə bilmədiyi ədaləti Azərbaycan əsgəri edəcək. Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan əsgəri zəfər sorağı ilə xalqımıza sevinc bəxş edəcək!
Sözsüz ki, ürəyi Vətən eşqi, xalq sevgisi ilə döyünən Azərbaycan əsgəri Ali Baş Komandanımızın döyüş əmri ilə işğal altında olan torpaqlarımızı geri qaytarmaq gücündədir.
 
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"