Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

“Hərbçi olmağımla qürur duyuram”

Həyatda hər bir sənətin, peşənin öz yeri və özəlliyi mövcuddur. Sən  sənətinlə o zaman ucala bilərsən ki, öz peşəni ürəkdən sevib onun ustası, sənətkarı olasan. Ona görə də gərək peşə seçimində heç zaman yanılmayasan. Hər hansı peşəni seçmək istəyən zaman düşünmək vacibdir. Mən bu peşəni sevirəm,  ya yox. O insan xoşbəxtdir ki, seçdiyi peşəyə daima ürəyində məhəbbəti, istəyi var.
Ön xətt bölmələrimizdən birində xidmət edən kapitan Elvin Cəfərov da zabit olmaq fikrinə təsadüfdən düşməmişdi. Hələ orta məktəb illərindən onun qəlbində hərbi peşəyə bir bağlılıq yaranmışdı. Daxili bir qüvvə onu bu arzuya, bu istəyə çəkib gətirmişdi. Belə olmasaydı, çətin günlərinin öhdəsindən gəlmək mümkün olmazdı. Elvin isə hərbin çətin yollarında əyilmədi, əksinə, peşəyə xas olan çətinliklər onu daha da mətinləşdirdi.
Bəzən zabitlərimiz haqqında yazı hazırlayanda daha çox onlara belə bir ənənəvi sualla müraciət edirik: "Sizi bu peşəyə gətirib çıxaran həvəs haradan yaranıb?" Gənc zabit söhbət zamanı hərbçi peşəsini sevərək seçdiyini bildirdi. "Hər bir peşəyə istək insanın öz içində doğulmalıdır, yəni, irsi bağlılıq yaranmalıdır. Hərbi peşəni sevməyən şəxs necə zabit ola bilər? İnsanın seçdiyi peşə onun ömrünün mənası olmalıdır. Seçdiyim hərb peşəsi mənim ömrümün mənasıdır. Hər zaman peşəmlə qürur duyuram."
Elvin Heydər Əliyev adına Hərbi Liseyi yüksək göstəricilərlə başa vurub, hərbin yollarında ilk addımlarını uğurla atıb. Sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Hərb elminin sirlərini təcrübəli müəllimlərindən öyrənib. Gələcəkdə təcrübəli zabit kimi formalaşmaqdan ötrü ixtisasını nəzəri-praktiki cəhətdən öyrənməyə üstünlük verib.
Gənc zabit söhbətində onu da vurğuladı ki, valideynləri ona ilk gündən layiqli hərbçi olmağı, müqəddəs zabit peşəsinin şərəfini daima uca tutmağı arzulayıblar. "Onlar hər zaman mənə tövsiyə ediblər ki, əsl mərdlik çətin, dar məqamda peşə şərəfini qorumaqdır. Hərbçi heç nədən çəkinmədən Vətənin, torpağın, xalqın, dövlətin mənafeyini uca tutmalıdır."
Kapitan E.Cəfərov xidmət etdiyi bölmənin döyüş və mənəvi-psixoloji hazırlığından həvəslə danışır, eyni zamanda, ötən ildə keçirilən təlimlərin yekunlarına görə uğurlu nəticələr qazandıqlarını deyir. "Təcrübəli zabitlərin yorulmaz əməyi şəxsi heyətin qazandığı uğurlarda ilkin şərtdir. Biz zabitlər əsgərlərimizə döyüş vərdişlərini böyük həvəslə öyrədirik."
Cəbhə xəttində keçdiyi şərəfli yol Elvinin də zabit peşəsinə vurğunluğunu bir daha təsdiqləyir. İnanırıq ki, hələ bundan sonra da kapitan Elvin Cəfərovun ucalığa gedən yolda uğurlarından çox xəbərlər alacağıq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"