Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir

Ümummilli lider Heydər Əliyev: “Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur.”

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yatırım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.
Ölkəmizdə də gənclər siyasəti daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərimizin rolu danılmazdır. Tarixi inkişaf yolumuza nəzər saldıqda, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi oluruq. Bir sözlə, bütün dövrlərdə gənclərin fəaliyyəti dövlətimizin tərəqqisinə öz töhfəsini verib. Hər sahədə olduğu kimi, ordu quruculuğunda da gənclərin rolu əvəzsizdir. Onlar Vətən qarşısında borclarını yerinə yetirmək üçün ləyaqətlə orduda xidmət edir, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.
Müstəqil dövlətimizin banisi ümummilli lider Heydər Əliyev də gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin yüksək bilikli, savadlı, səviyyəli və sağlam ruhlu olması üçün lazımi tədbirlər görən, bu istiqamətdə ilk addımlar atan da elə məhz Ulu Öndər oldu. Gənclər siyasətindən danışarkən, onun gənclər haqqında nitqlərindən sitatlar gətirməmək, ibrətamiz sözlərini xatırlamamaq mümkün deyil. Ümummilli Liderimizin dediyi "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir" sözləri gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir.
Dahi rəhbər ölkədə gedən demokratik islahatlarda, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində baş verən məqsədyönlü proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Rəhbərliyə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görür, bununla yanaşı, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verirdi.
Gənclər Gününün təsis edilməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır. 1997-ci ildən onun sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı. Uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bugünkü gün gəncliyimiz də ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini heç zaman unutmur, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayırlar.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Hazırda ölkə başçısının rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial, iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyən cənab Prezidentimizin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi ilə 2020-ci ili "Könüllülər İli" elan etməsi də gənclərə olan yüksək inamın təcəssümüdür.
Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər zaman hazırdır.

"Azərbaycan Ordusu"