Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2020 09:52

Torpaqlarımız bizi gözləyir!

Yenə də düşmənlə təmas xəttində yerləşən bölmələrdən birindəyik. Hərbi hissədə yaradılan şərait, səliqə-sahman, şəxsi heyətin isti qış geyimi ilə təminatı ordumuzun inkişafından xəbər verir. Burada ləngiməyərək, səngərə üz tuturuq. Bizi qarşılayan kapitan Fuad Rəhimov ordu quruculuğundan, şəxsi heyətin peşəkarlığından, döyüş qabiliyyətindən söz açır, ordunun inkişafının daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirir. "Ali Baş Komandan cənab İlham Əliyevin cəbhə bölgəsinə səfərləri, ölkə rəhbərliyinin ordumuza inamının və etimadının bariz nümunəsidir. Digər tərəfdən isə belə səfərlər dövlətimizin hərb sahəsinə nə qədər önəm verdiyini göstərir. Mütəmadi olaraq səngərdə yuxarı komandanlığı görən şəxsi heyətin döyüş ruhu yüksəlir, qələbəyə olan inam hissi artır. Səngərdə dayanan əsgər Vətən sevgisinin ülvi hiss olduğunu anlayır, onun müdafiəsi üçün əlindən gələni əsirgəmir. Keçirilən genişmiqyaslı təlimlər də bunu dünya ictimaiyyətinə aydın nümayiş etdirir. Biz də komandir olaraq, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Hər bir Azərbaycan vətəndaşının bir arzusu var - Ali Baş Komandanın döyüş əmri ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək."
Döyüş mövqeyində bizi qarşılayan gizir Əzizağa Kazımov gün ərzində heç bir hadisənin baş vermədiyini diqqətə çatdırır. O, döyüş hazırlığı planına uyğun olaraq, döyüş növbətçiliyinin tərtib edildiyini, şəxsi heyətin istirahətinin təmin olunduğunu qeyd edir. Ərazi ilə bizi tanış edən hərbi qulluqçunun qarşı tərəfə - dədə-baba torpaqlarımıza baxaraq köks ötürməsi nəzərimizi cəlb edir. "Gördüyünüz o yerlər bizim doğma el-obamızdır. Əgər bu gün o yerlərə ayaq basa bilmiriksə, o demək deyil ki, oralar bizim deyil. Tarixə nəzər salsaq görərik ki, nankor qonşumuz xalqımızın sülhsevərliyindən namərdcəsinə istifadə edib. Ermənilər bir zaman ona qucaq açanları "arxadan bıçaqlayıb". Düşmən öz çirkin əməlləri ilə bütün dünyaya erməni faşizminin nəyə qadir olduğunu nümayiş etdirib. Hər kəsə məlumdur ki, Azərbaycan Ordusu güclü ordudur. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz dünya arenasında öz layiqli yerini tutub. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri bunun bariz nümunəsidir. Bütün xalq işğalda olan torpaqlarımızın azadlığı uğrunda birləşib, döyüş əmrini gözləyir. İnanırıq ki, Azərbaycan əsgəri xalqımızın ordusuna olan güvənini tezliklə doğruldacaq. Keçmişdə olduğu kimi yenə də tarixi torpaqlarımızda toy-büsat sədaları eşidiləcək!"
Əsgər yataqxanasında olan əsgərlərlə də söhbət etmək qərarına gəlirik. Onların hər birinin gözlərində işğalda olan torpaqlarımızın həsrəti sezilir, dillərində Vətənimiz uğrunda şəhid olanların qisasının alınacağı kəlməsi eşidilir. Hər biri döyüşlərdə payının olmasını istəyir.
- Düşmənlə təmas xəttində xidmət etdiyimə görə fəxr edirəm, - deyə əsgər Adıgözəl Niftinov söhbətə başlayır. - Ön xətdə xidmət etməyin özü böyük məktəbdir. Burada hər şeyi daha yaxşı dərk edirsən. Stasionar hərbi hissədən sonra bura mənə həm maraqlı, həm də çətin gəlirdi. Hesab edirdim ki, bura uyğunlaşmağım çətin olacaq. Düzdür, burada xidmət ilə bağlı komandirlərimiz bizi məlumatlandırmışdı. Buna baxmayaraq, hər şey ilk vaxtlar çətin olur. Bir müddətdən sonra səngər bizə evimiz qədər əziz və doğma oldu. İndi elə bilirəm ki, burada böyüyüb, boya-başa çatmışam. Komandirlərimiz bizə ön xətdə davranış qaydalarını, lazımi siqnalları başa saldılar. Biz də üzərimizə düşən vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni edirik. Vətənin keşiyində dayananda keçirdiyim hissləri heç nə ilə dəyişmərəm. Döyüş növbətçiliyi zamanı yanında silahından və əsgər yoldaşından başqa heç kim olmur. Həmin an başa düşürsən ki, döyüş meydanında yalnız şəxsi hazırlığına və silah yoldaşına güvənə bilərsən. Həm də komandirlərimizin əmrlərini dəqiq yerinə yetirməliyik. Danılmazdır ki, komandirin nə qədər savadlı olsa da, savadsız əsgər döyüşü məğlubiyyətə düçar edə bilər. Bu səbəbdən keçirilən dərslərdə məşğələləri dərindən mənimsəyirik. Xüsusilə atəş hazırlığımıza diqqət yetiririk. Təlim atış çalışmaları zamanı cansız hədəfi düşmənimiz təsəvvür edirik. Düşmən tərəfindən ani basqın olarsa, atəş sektorundan hər erməni əsgərinə bir güllə sərf etməliyik. Qoy düşmən bilsin ki, qarşısında Vətən müdafiəçisi, peşəkar əsgərlər dayanıblar. O əsgərlər ki, düşmənin ehtiyatsız davranışlarını ölümlə mükafatlandıracaq.
Əsgər Saleh Babazadəyə "Hərbi xidmət sənə nə öyrədib?" sualı ilə müraciət edirəm. Vətənimizin müdafiəsində mətinliklə dayanan əsgər Saleh Babazadə bildirir: "Hər bir vətənpərvər gənc Vətəni qarşısında mənəvi borcunu yerinə yetirməlidir. Əsgəri xidmətdə sevdiklərimizdən uzaqda oluruq. Yalnız Vətənimizin keşiyində dayanmağımız bizə təsəlli verir. Vətəni qorumaqdan şərəfli nə ola bilər? Vətənimizin, xalqımızın azadlığı uğrunda düşmənə qan uddurmağa hər an hazırıq. Komandirlərimiz əsgərlərin fərdi hazırlıqlarına xüsusi diqqət yetiririk. Nəzəri biliklərimizi praktiki məşğələlərin keçirilməsi ilə möhkəmləndirir, dərinləşdiririk. Biz də dərslərdə öyrədilənləri mənimsəyir, mütəmadi olaraq təkrarlayırıq. Bunun üçün hərbi hissədə hər cür şərait yaradılıb. Səhər və axşam idman etməyimiz üçün şəhərciklər, asudə vaxtımızdan səmərəli istifadə etməyimiz üçün ideoloji otaqlar var. Bir sözlə, hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşuq. İnanırıq ki, tezliklə Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmri ilə xalqımıza Qələbə sevincini yaşadacağıq."
Hərbi hissədə şəxsi heyətin asudə vaxtından danışan əsgər Tacir Baxşəliyev bildirir ki, xidmət müddəti ərzində həyata başqa bucaq altından baxmağı öyrənib. "Vətənimizin müdafiəsində keçən günlərin dəyəri böyükdür. Burada günün nizam qaydasına uyğun olaraq idmanla məşğul olur, vaxtlı-vaxtında qidalanır, asudə vaxtımızdan səmərəli istifadə edir və ən əsası məşğələlərdə Vətənimizin hərb tarixini öyrənirik. Asudə vaxtlarımızda kinofilmləri seyr edir, Heydər Əliyev mərkəzini, parkları gəzirik. Ümummilli Liderimizin həyat və fəaliyyəti, xalqımızın azadlığı uğrunda canından keçən oğullarımız haqqında geniş məlumat əldə edirik. Mütəmadi olaraq bölmələr arasında müxtəlif yarışlar keçirilir. Sonuncu dəfə bizim bölmənin şəxsi heyəti futbol yarışında birinci oldu. Yarışın qalibi olmaq çox sevindirici və qürurvericidir. Dərslərdə döyüş, asudə vaxtlarda isə mənəvi-psixoloji hazırlığımızı artırırıq. Bütün bunlar düşmənə gücümüzü sübut edəcək döyüşçü kimi formalaşmağımızda və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyimizdə müstəsna rol oynayır. Biz də yaradılmış şəraitdən səmərəli istifadə edirik ki, döyüş meydanında komandirlərimizin etimadını doğruldaq.”
- Ürəyi Vətən eşqi ilə döyünən oğulların sıralarında xidmət etməyimlə qürurlanıram, - deyə əsgər Kamal Fərəcov söhbətə qoşulur. - Uşaq vaxtlarından ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən video-foto materiallara baxırdım. Hər dəfə düşmənə olan nifrətim daha da artırdı. Hərbi formanı geyindiyim gün sevincim yerə-göyə sığmırdı. İlk sıra addımları nizami ordunun əsgəri olduğumuzu göstərdi. Mütəmadi olaraq döyüş və mənəvi-psixoloji hazırlığımızı artırırıq. Formalaşmağımızda keçirilən dərslərin rolu böyükdür. Bu gün əminliklə deyə bilərik ki, Böyük Qələbə uğrunda gedəcək döyüşlərə hazırıq. Hər bir Azərbaycan əsgərinin səbirsizliklə gözlədiyi o gün uzaqda deyil. Xalqımızın başına açılan oyunların qisası tezliklə alınacaq. Həmin döyüşlərdə mən də olacam. Əsgəri xidmətim bitsə də, yenidən ordu sıralarına qayıtmaq istəyirəm. Vətənimizin işğal altında olan torpaqlarını son qarışına qədər azad edəcəyik. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!"

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR