Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2020 10:16

Döyüş növbətçiliyi və Böyük Qələbə

Təqvimə görə dağlara yağan qar dağların ətəklərinə də yağmalıydı, yağmayıb. Ön xəttə çatanacan gözlərim qar axtarıb, könlüm qar istəyib. Görmədim - yoxuydu.
Ön xətdəydim.
Səngərdəydim.
Qar yağmadığına bir ürək tutumunca sevindim. Nəyə sevindiyimi bilincə, kapitan Firuz Abbasov gülümsündü, əsgərlərə xitabən dedi ki, qar, yağış, isti-bürkü sizin döyüş növbətçiliyi aparmağınıza təsir göstərirmi, göstərirsə, necə təsir göstərir. Əsgərlərin baxışlarına yozumu mümkünsüz olan incə bir maraq, marağa söykənikli narahatlıq sarıldı. Əsgər Səfər Mürvətov təkcə öz adından deyil, həm də əsgər yoldaşları adından dedi:
- Biz əsgərik, ön xətdə xidmət edirik. Nə yağış, nə qar, nə isti-bürkü, nə şaxta-sazaq döyüş növbətçiliyi aparmağımıza təsir göstərə bilməz. Vətənə sədaqətimiz buna imkan verməz...
Böyük Qələbəyə aparan yolun başlanğıcında bu qətiyyətdə döyüş əzmi gördüm, qələbə ruhu, əsgərlərin baxışlarında əsgər Səfər Mürvətovun dediklərinin təsdiqini gördüm. Onda baxışlarım səngərin o üzünü müşahidə edən əsgərin baxışlarıyla qoşalaşdı; həmin anlarda mən də əsgəriydim, özüm yox, ürəyimin təpəri, ürəyimin təpərini ifadə edən baxışlarım döyüş növbətçiliyi aparırdı.
Kapitan Firuz Abbasov bayaqkı şükranlıq təbəssümünü tamamlayan qürurla əsgərlərə baxdı və inamla dedi ki, əsgər Səfər Mürvətovun bu kəlmələri Vətən sevgisinin ucalığını, ömür fəlsəfəsini ifadə edir. Bu düşüncə, düşüncələrin belə ifadəsi Azərbaycan əsgərinin qüdrətidi. Bu qüdrət 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin qüdrətidi, 2018-ci ilin yayında Azərbaycan Ordusunun yaranmasının, payızında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən paradların möhtəşəmliyinin qüdrətidi. Həmin anlarda bu biçim düşüncələr ilahi qüdrətin səyyarəsiydi, bu səyyarə - ömrümün işığının... Mənə elə gəldi ki, düşüncələrim hələ də baxışlarımı cazibəsində saxlayan mövqedə döyüş növbətçiliyi aparan əsgərlərin sırasındadı. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına postda əsgər Əyyub Əliyevin dediklərini xatırladım: Döyüş növbətçiliyinə getməzdən əvvəl Çingizin barelyefi qarşısında ruhuyla xəyalən kəlmələşirik, "Sənin döyüş yolunu davam etdirəcəyik, qardaş!", - deyirik. Bizə elə gəlir ki, mövqeyə gedəndə bizi Çingizin baxışları uğurlayır.
Əsgərin dediyi kəlmələr döyüş növbətçiliyinin mahiyyəti haqqında bilgilərimizi dərinləşdirdi.
Döyüş növbətçiliyinin mahiyyəti torpaqların müdafiəsidi. Döyüş növbətçiliyi aparılan mövqedən düşmənin mövqeləri müntəzəm izlənilir. Şübhəli tərpənişlər hiss ediləndə gərəkli tədbirlər görülür. Müşahidə edilən tərpənişlər həmləyə hazırlığın başlanğıcıdırsa, döyüş növbətçiliyi aparan əsgər təlimata müvafiq qərar qəbul edir, düşmən "əl-qol aça bilmir". Bunları da xatırladım, səngərdə əsgər Tahir Əliyevdən eşitdiklərimi də:
- Hərbi anda sədaqət, Hərbi Nizamnamələrin tələblərini məsuliyyətlə yerinə yetirmək hər bir əsgərin xidməti borcudu, döyüş növbətçiliyi bu borcun davamıdı...
Səngərdə bir əsgər demişdi:
- Hərbi andiçmə günü kimi ilk döyüş növbətçiliyimi də heç zaman unutmayacam. Döyüş növbətçiliyini tək aparmırıq, Vətən sevgimiz də bizimlə yanaşı dayanır.
"Düşüncələrimin işığı o əsgərin kəlmələrinin işığına qarışdı. Bu qadir işıq qarsız qışın dirəşən sazağını sındırdı", - dedim. Onda aylar öncə başqa səngərdə başqa bir əsgərdən eşitdiklərimin eynini eşitdim: "Od həm hərarətdi, həm də işıq. Dünya Azərbaycanı odlar diyarı kimi tanıyır. İşıq bu diyarın ruhundadı". Bu gözəl kəlmələri eşidincə əsgəri bağrıma basdım, qoşa qollarım onun geniş kürəyində çarpazlaşdı. Bu dərk döyüş növbətçiliyini Vətən sevgisiylə çiyin-çiyinə aparan Azərbaycan əsgərinin qətiyyətinə, Hərbi anda sədaqətinə söykənmişdi, şübhəsiz...
Hərbi xidmət əsgəri mətinləşdirir, formalaşdırır, malik olduğu dünyagörüşünü genişləndirir, ruhunu milli-xəlqi ruhun zərrəsinə çevirir; Azərbaycan Ordusunun hər əsgəri "Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!" deyir. Səngərdə bu səsləniş Böyük Qələbənin uvertürası kimi dinlənilir.
Azərbaycan əsgərinin döyüş ruhu döyüş əzminin, döyüş əzmi döyüş növbətçiliyinin davamıdı...
Yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı Azərbaycan əsgəri döyüş növbətçiliyini Vətən sevgisiylə çiyin-çiyinə aparır... Azərbaycan əsgərinin qələbə ruhu döyüş növbətçiliyini Böyük Qələbəylə tamamlayacaq!..

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"