Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2020 10:16

Yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə də xidmət göstərilir

Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi
polkovnik Eldəniz YƏHYAYEV


Ordu quruculuğuna diqqət və qayğı dövlətə, dövlətçiliyə diqqət və qayğıdır. Belə qayğıyla əhatələnən ordunun şəxsi heyətinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da yüksək olur. Bunun sosial qanunauyğunluq olduğuna əminlik üçün çox da uzaq olmayan tarixi xatırlamaq kifayətdir.
Dövlət müstəqilliyi bərpa edilmiş Azərbaycanın ordusunu nizami ordu kimi formalaşdırmaq müəyyən obyektiv səbəblərə görə ilk vaxtlarda olduqca çətin idi.
Xalqın təkidli tələbiylə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dövlətçiliyini labüd iflasdan xilas etdi. Azərbaycanda ordu quruculuğunun yeni - nizami ordu kimi formalaşma mərhələsi başladı, uğurlu qələbəylə nəticələnən Horadiz əməliyyatı bu dönməz prosesin başlanğıcı oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirdi.
Azərbaycanda ordu quruculuğu sahəsində əsaslı struktur dəyişikliyi qısa müddətdə ordunun şəxsi heyətinin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığını dünyanın hərbi ekspertlərinin də diqqətini çəkən səviyyədə yüksəltdi. Hərbi təhsildə ilkin, elmi müddəalar əsasında həyata keçirilən islahatlar zabit kadrların hazırlığı prosesini həm sürətləndirdi, həm də tənzimlədi...
Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər, vətənpərvərlik  tədbirləri şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığını  nəzərəçarpacaq dərəcədə yüksəltdi. İndi ordumuz bölgənin ən güclü ordusudur, dünyanın ən güclü orduları sırasındadır. Bu güc 2016-cı ilin Aprel döyüşlərində təsdiqləndi. 2018-ci ilin yayında  Azərbaycan Ordusunun yaranmasının, payızında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlarda qüdrət səviyyəsində bir daha təsdiqləndi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasəti  Azərbaycanın beynəlxalq nüfuzunu, daxili siyasəti iqtisadiyyatını yüksəltdi. Bu dinamik yüksəliş ordu quruculuğunun yeni mərhələsinin uğurla davam etdirilməsində əsaslı vasitələrdən biri oldu.
Hərbi xidmətə başlayanda nəyi qoruyacağını bilən gənc əsgər necə qoruyacağını zabitlərdən, komandirlərindən, təcrübəli əsgər yoldaşlarından öyrənir. Vətəni qorumaq onların, Vətəni qoruyanları yüksək kalorili ləziz  və milli mətbəximizə aid yeməklərlə təmin etmək bizim vəzifə borcumuzdur.
Azərbaycan Ordusunun  ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir və bu təchizat ilbəil yüksəlməkdədir. İctimaiyyət bu yüksəlişi Müdafiə nazirinin tapşırığına əsasən keçirilən "Açıq  qapı" günlərində əyani şəkildə  görür, belə təchizatla qürurlanır. Bunlar ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini təmin edən amillərdəndir.
Son illərdə onlarla yeni hərbi hissə inşa edilib, onlarla hərbi hissə əsaslı təmir olunub. Yeni inşa edilən hərbi hissələrin ikisinin açılışında cənab Ali Baş Komandan da  iştirak etdi. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əlavə stimul oldu. İnşa edilən, əsaslı təmir olunan hərbi hissələrdə əsgər yeməkxanalarının proyektləri Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsi ilə konkret olaraq Ərzaq Xidməti İdarəsiylə razılaşdırılır. Nəticə etibarilə bu razılaşma həm yeməkxanaların estetik biçimində, həm də təbii işıqlandırılmasının təmin olunmasında əhəmiyyətli olur. İstər yeni inşa olunan, istərsə də əsaslı təmir edilən hərbi hissələrdə anbarlar yenilənir, ən müasir qurğularla, soyuducularla təchiz olunur ki, bu da müxtəlif növ ərzaqların keyfiyyətli saxlanılması, yeməklərin keyfiyyətli hazırlanmasını təmin edir. Hərbi hissələr bütün infrastrukturlarla təmin olunur. Bütün bunlar yüksək keyfiyyətli ərzaqlardan hazırlanan xörəklərin yüksək keyfiyyətli olacağına zəmanət deməkdir.
Hərbi hissələrdə yeniləşmə prosesi davam edir. Deməli, bizim xidmət sahəmizdə də yeniləşmə gedir. Bu, bizim fəaliyyətimizdə məsuliyyətimizi, xidməti vəzifələrimizi daha həssaslıqla yerinə yetirməyimizi tələb edir. Biz yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə xidmət göstərməyi vəzifə borcu bilirik.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyələri və göstərişləri əsasında Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə də yenidənqurma tədbirlərini yüksək səviyyədə təmin edibdir. Bunun nəticəsidir ki, əksər hərbi hissələrdə çörəkbişirmə sexi var, bu da şəxsi heyətin vaxtında isti, təzə çörəklə təmin edilməsi, əlavə işçi qüvvəsinə qənaət olunması deməkdir.
Bu günlərdə açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni Mərkəzi Ərzaq anbarı istifadəyə verildi. Ən müasir saxlama vasitələriylə - quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz edilən 500 tonluq anbarlar ordunun şəxsi heyətini yüksək keyfiyyətli ərzaqlarla və konservləşdirilmiş ərzaq məhsullarıyla bundan sonra da yüksək səviyyədə təmin edəcəkdir. Vəzifəsi hərbi hissələrə yüksək keyfiyyətli xidmət göstərmək olan Ərzaq Xidməti İdarəsinin Mərkəzi anbarla bir sırada bölgələrdə də saxlama bazaları və anbarları vardır ki, bunlar da istər məsafə, istərsə də yüksək keyfiyyətli və operativ xidmət baxımından gərəklidir.
Yeni ərzaq anbarının açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli  saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar  verdi.  Biz bu tapşırıqları da böyük məsuliyyətlə yerinə yetirəcəyik.
Yüksək keyfiyyətli yeməklər üçün yüksək keyfiyyətli ərzaq məhsulları lazımdır. Bu baxımdan müqaviləyə əsasən təminedici təşkilatlar bizim sifarişlərimizi çeşid və keyfiyyət amili əsasında Mərkəzi bazaya, bölgələrdəki bazalara və saxlama anbarlarına təhvil verir. Ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar bizim struktura daxil olan, nəzarətimiz altında fəaliyyət göstərən laboratoriyalarda ciddi yoxlanılır. Laboratoriya  yoxlamalarından əlavə baytarlıq yoxlamaları da aparılır ki,  belə yoxlamalar ərzaq təminatının keyfiyyətini təmin edir.
Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət. Şəxsi heyəti çox olan  hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil - kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması  xeyli vaxt aparır ki, bu da günün  nizam qaydalarına riayət edilməsinə mane ola bilir. Digər tərəfdən, servis xidməti həm də  şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə  edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursu bitirən əsgərlər bişirirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə hərbi hissələrdə milli yeməklərə daha çox üstünlük verilir. Onu da qeyd etmək lazımdır ki, əsgərlərimiz üçün hazırlanan konservləşdirilmiş qidalarda da milli yeməklər üstünlük təşkil edir. Bütün bunlar, yuxarıda qeyd etdiyim kimi, laboratoriyalarda ciddi şəkildə yoxlanılır, yəni, həm bişirilən yeməklər, həm də  konservləşdirilmiş yeməklər dadlı olur.
Bütün növ qablaşdırmalar, konservləşdirmələr birmənalı şəkildə dövlət standartlarına müvafiq, müəyyənləşdirdiyimiz keyfiyyəti yüksəltməni təmin edən şərtlərimiz əsasında aparılır. İstər qablaşdırılma, istərsə də konservləşdirilmə prosesinə bizim ekspertlər nəzarət edirlər. Bu səbəbdən keyfiyyət həmişə təmin olunur.
Neçə illərdir ki, "Beynəlxalq Ordu Oyunları" yarışları çərçivəsində "səhra mətbəxi" müsabiqəsi keçirilir. Azərbaycan bu yarışmada yüksək məsuliyyətlə təmsil olunur. Azərbaycanın hərbi “Səhra mətbəxi” bu yarışmalarda həmişə fərqlənib. Qürurla qeyd etməyi lazım bilirəm ki, yarışlar zamanı Azərbaycana aid pavilyonun qarşısında həmişə böyük növbə olur. Bu, Azərbaycanın mətbəxinə, mətbəx  mədəniyyətinin timsalında Azərbaycan mədəniyyətinə marağın, ehtiramın, sevginin təzahürüdür.
Ordu quruculuğuna diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə idarəmizin şəxsi heyəti adından minnətdarlığımı bildirirəm.
Xidmət sahəmizin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyinin bütün tələb və göstərişlərini böyük məsuliyyətlə, Hərbi anda, dövlətə, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir.