Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2020 10:16

“Vətəni qorumaq borcumuzdur”

Azərbaycan Ordusunun inkişafı ölkəmizdə qlobal dəyişikliklərin nəticəsidir. Bu dəyişikliklər orduda yeni, daha dinamik inkişaf mühitinin yaradılması, zabit və əsgərlərin peşəkar hazırlığının formalaşması ilə nəticələnib. İnnovativ yanaşma nəticəsində yeni standartlar əsasında fəaliyyət göstərən Azərbaycan Ordusu güclü infrastruktura və maddi-texniki bazaya malik olmaqla yanaşı, yüksək texnologiya ilə də təmin olunub. Ancaq bu amillərin heç biri peşəkar zabitlər olmadan ordunun düzgün inkişafını təmin edə bilməz. Peşəkarlıq həm də zabitin aldığı təhsilin və təcrübənin nəticəsidir.
Leytenant Bəhruz Rəsulov  1998-ci ildə Neftçala rayon Aşağı Surra kəndində anadan olub, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.
"Harada təhsil almağımızdan asılı olmayaraq vətəndaş kimi Vətənimizin, zabit kimi ordumuzun inkişafına xidmət etmək borcumuzdur", - deyə leytenant Bəhruz Rəsulov söhbətə başladı. - Azərbaycan Ordusunun gələcəyinin daha etibarlı və inamlı olması üçün təhsilli olmağımız vacibdir. Yaxşı bilirik ki, indiki dönəmdə ordunun gələcəyi onun hərbi təhsil sisteminin səviyyəsi ilə ölçülür. Bu gün bir zabit kimi şərəf duyuram ki, yiyələndiyim peşəni qəlbən sevir, hərbi qulluqçu kimi millətimə, xalqıma və dövlətimə xidmət edir, Nizamnamə çərçivəsində xidmətimə məsuliyyətlə yanaşır, bir sözlə, hərbçi nüfuzunun keşiyində dayanmağa çalışıram. Tabeçiliyimdə olan şəxsi heyətə sevgi ilə yanaşır,  onların hazırlıqlı əsgər kimi formalaşması və hərbi təcrübələrinin artması üçün əlimdən gələni əsirgəmirəm.
Zabit onu da qeyd etdi ki, yurdunu, elini, obasını qoruyan hərbi qulluqçuların hesabına Vətənimiz hər zaman var olub. "Bu gün torpaqlarımızın 20 faizinin işğal altında olması bizi narahat edir. Ali Baş Komandanın döyüş əmrini biz də gözləyirik. Qürurlanırıq ki, Azərbaycan əsgəri bu amalla xidmət edir. Vətəni qorumağın önəmini anlayan, onu qorumağı amalına çevirən hərbi qulluqçularımız - Azərbaycan Ordusunun şərəfli zabit və əsgərləri var. Azərbaycan xalqı inanır ki, torpaqlarımızın keşiyində dayanan oğullar onun müdafiə qalasıdı və torpaqlarımızın gələcək azadlığının təminatçısıdı.
Torpaqlarımızın azadlığına nail olmağı ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı şərtləndirir, bir də Ümummilli Liderimizin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasına sadiqliyi. Şəxsi heyətə hörmət və qayğı ilə yanaşmaq da, kollektivdə sağlam mühit formalaşdırmaq da əsasdır.”
"Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına sədaqəti ilə ölçülür", - deyə leytenant Bəhruz Rəsulov söhbətinə davam etdi. - Bu gün ordumuz düşmənlə üz-üzədi. Belə bir məqamda ordumuz üçün hər gün sınaq var. Ali Baş Komandanımızın döyüş əmri ilə  Aprel və Günnüt zəfərlərini qələbəylə tamamlayacağıq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"