Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2020 10:16

20 Yanvar: qəhrəmanlıq tarixi

Ön xətdə "N" hərbi hissəsində "20 Yanvar: azərbaycançılığın qalibiyyət gecəsi" haqqında hərbçilərin fikirlərini dərc edirik.

"Azərbaycan Ordusu"

Mayor Ruslan Novruzov:
- Tarixi yaşatmaq hər bir vətəndaşın müqəddəs borclarındandır. Müqəddəsliyi qorumaq müqəddəsliyin əsgəri olmaq deməkdir. Biz müqəddəs bir borcun icraçılarıyıq - hərbçiyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həll olunmasa, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan Ali Baş Komandanın döyüş əmriylə azad edəcək. Ordumuz güclüdür, qüdrətlidir, dünyanın ən güclü orduları sırasındadır, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa qadirdir.
1990-cı ilin 19 yanvar gecəsi rus imperiyası Bakıya qoşun yeritdi, qırğın miqyasında faciə törətdi. Bu faciə müstəqillik mübarizəsi aparan xalqın iradəsini qıra bilmədi. Həmin gecə xalqımız qətliam törədən rus imperiyasına da, dünyaya da təsdiqlədi ki, bu birliyin, illərlə gizlin-aşkar aparılan bu mübarizə əzminin qarşısını almağa qadir olan istər siyasi, istərsə də hərbi güc mövcud deyil.
Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsi ərəfəsində bu mövzuda keçirilən ictimai-siyasi dərsdə bir daha əmin olduq ki, əsgərlərimiz dövlətçilik tarixlərimizdən olan 20 Yanvar faciəsi haqqında əhatəli məlumata malikdirlər və bu faciənin mahiyyətini yaxşı dərk edirlər. Onu da dərk edirlər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin rus imperiyası üzərində tarixi qələbəsi günü oldu.
Kapitan Anar Kazımov:
- 20 Yanvar faciəsi "Mən azərbaycanlıyam!" - deyənlərin də, Azərbaycanı tanıyan, ona mənən bağlananların da qəhəri oldu, bu qəhərin giziltilərini dövlətçilik sevgisiylə üstələyən qüruru oldu. O vaxta kimi xalq elə bilirdi ki, hərbçilər dövləti qoruyur. Az sonra öyrəndi ki, bəzən hansı siyasi məqsədləsə orduya başqa tapşırıqlar da icra etdirilə bilərmiş. 1990-cı ilin 19 yanvar gecəsi hökumət ordunu Bakıya qətliam törətməyə göndərdi. O gecə müharibədə belə qadağan edilmiş güllələrdən istifadə edən ordu hissələri silahsız nümayişçilərə qarşı amansız faciə törətdi.
Onda 10-12 yaşlı uşaqlar bu faciənin siyasi mahiyyətini dərindən dərk edə bilməzdi. Müəllimlərim bu faciə ilə bağlı bütün suallarıma ətraflı cavablar verirdilər. O vaxtlardan hərbçi olmağı qərara aldım. 19 yanvar gecəsində qətlə yetirilənlərin arzuladığı müstəqilliyin əsgəri olmaq üçün.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldım.
Hər birimiz belə bir ordu ilə qürurlanırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" - fikri bizim hərbi xidmət amalımızın başlanğıcıdır...
Əsgərlərimizin mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksəltmək istiqamətində həyata keçirilən tədbirlərdə bu haqda da ətraflı söhbətlər edirik, xalqımızın dövlətçilik tarixi ilə bağlı olan 20 Yanvar tarixinin mahiyyəti əsgərlərimizin Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətində müstəsna əhəmiyyətə malikdir.
Şəhidlərimizin arzuladığı dövlət müstəqilliyimiz bərpa olundu. Bu müstəqilliyi qorumaq bizim borcumuzdur...
Əsgər İlham Rzayev:
- Gəncə şəhər 201 saylı orta məktəbinin məzunuyam. Gəncə Texnologiya Universitetini bitirmişəm. Rus, ingilis, ərəb, fars dillərində sərbəst danışıram. 20 Yanvar faciəsi haqqında öz mətbuatımızda oxuduqlarımın eynini bu dillərdə də oxumaq istəyiylə internet səhifələrini vaxtaşırı izləyirdim. Əksər saytlarda bu haqda gerçəkliyi əks etdirən məlumatlar verilib. Bu haqda tələbə yoldaşlarıma, hərbi xidmətdə əsgər yoldaşlarıma kifayət qədər ətraflı məlumatlar vermişəm. Hamımız bilirik ki, 20 Yanvar faciəsi rus imperiyasının Azərbaycanda müstəqillik mübarizəsinə məğlubiyyəti olub. Biz belə bir dövlətin vətəndaşı, belə bir ordunun əsgəri olmağımızla fəxr edirik.
Xalqın birliyi, məfkurə ətrafında sıx birləşməsi, tarixi ədalətsizliyi aradan qaldırma niyyəti rus imperiyasını qorxuya salmışdı və bunun qarşısını almaq üçün belə bir faciə törətdi. Lakin istəyinə nail ola bilmədi. Azərbaycanda müstəqillik mübarizəsi rus imperiyasının siyasi dayaqlarını laxlatdı, həm də imperiya dünya dövlətləri arasında nüfuzunu itirdi, imperiyalığını da. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
20 Yanvar faciəsi tarixdə də yaşadılacaq, yaddaşlarda da...