Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2020 10:16

Vətən - and yerimiz

Hərbi formanı geyindiyimiz andan qarşımızda bir məqsəd dayanır - Vətənimizə layiqli xidmət etmək. Vətənə xidmət əsgərlərimizin amalıdır. "N" hərbi hissəsində rastlaşdığımız Nəcmi Məcidzadə də Vətənə sevgi ilə xidmət edən əsgərlərdəndir. Nəcmi düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində xidmət edir. Şux duruşu, cəld və çevik hərəkətləri qorxmaz və cəsarətli olduğundan xəbər verirdi.
- Uşaq vaxtlarımdan atam "Vətən - anamızdır" deyərdi, Qarabağ müharibəsindən, orada yaşadıqlarından, ermənilərin törətdikləri insanlığa sığmayan vəhşiliklərdən danışar, gözləri dolardı. Arzulayardı ki, Ali Baş Komandan döyüş əmri versin. O da döyüşənlərin sıralarına qatılsın.
Çağırış vərəqəsi gələndə atamın dediklərini unutmaram. "Get, layiqincə xidmət elə. Tezliklə torpaqlarımız işğaldan azad ediləcək. Tarixi qələbədə sənin də payın olacaq” sözləri məni daha da ruhlandırdı. Xidmətə gəldiyim gündən komandirlərimizin köməyi ilə hərbi biliklərə dərindən yiyələnməyə çalışıram. Günün nizam qaydalarına uyğun olaraq, səhər və axşam vaxtlarında fiziki hazırlığımızı artırırıq. Nəzəri biliklərimizi təcrübi olaraq möhkəmləndiririk. Taktiki və atəş hazırlıqları ən çox sevdiyim dərslərdir. Yuxarı komandanlıq da buna xüsusi diqqət yetirir. Bunun sayəsində bütün təlimlərdə qarşımıza qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlirik. Təlimlərdə bölməmizin aldığı yüksək qiymət komandirlərimizin üzərimizdə çəkdiyi əziyyətin bəhrəsidir.
"Hərbi xidmət hər bir əsgərin yaddaşında silinməz izlər qoyur. Dekabrın sonlarında Müdafiə nazirimizin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə döyüş mövqeyimizə ziyarəti mənim yaddaşımda silinməz izlər buraxdı. Nazirliyin rəhbər heyəti bizim sosial-məişət şəraitimiz ilə tanış oldu. Xidmətimizlə maraqlandılar. Həmin an həm çox həyəcanlı idik, həm də qürur hissi keçirirdik. Ordumuzun rəhbərliyini səngərdə görmək bizi daha da ruhlandırdı. Komandirlərimizin dəstəyini, diqqət və qayğısını üzərimizdə hər zaman hiss edirik. Ali Baş Komandanımızın döyüş əmriylə şəxsi heyət torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandıracaq.
Əsgər Nəcmi Məcidzadə Azərbaycan əsgərini təmsil edir. İnanırıq ki, əsgərlərimizin Vətən sevgisi, məhəbbəti xalqımızın torpaq həsrətinə son qoyacaq. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi gün uzaqda deyil.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR