Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2020 10:30

Hərbi hospitalda “Qanbağışlama” aksiyası

"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar "Qanbağışlama" aksiyası keçirildi.
Aksiyada Müdafiə Nazirliyinin, "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri könüllü olaraq iştirak etdilər.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Tofiq  Tağıyev aksiyanın əhəmiyyətindən danışaraq bildirdi ki, qan vermək həm ictimai, həm də fərdi baxımdan əhəmiyyət daşıyır. Aksiyada toplanılan qanın Vətənimizin müdafiəçilərinin həyatını xilas etməkdə müstəsna rolu olacağını deyən tibb xidməti polkovniki Tofiq Tağıyev hər kəsi bu cür xeyirxah əmələ dəvət etdi. 20 Yanvar faciəsindən söz açan polkovnik sovet imperiyasının xalqımıza qarşı törətdiyi vəhşiliyə ilk olaraq ümümmilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyindən, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının vacibliyindən bəhs etdi. Zabit, həmçinin Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canlarından keçənlərin əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduqlarını, onların xalqımızın qürur mənbəyinə çevrildiyini vurğuladı.
Qan vermənin faydalarından danışan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qan bankı bölməsinin rəisi tibb xidməti mayoru Elvin Rüstəmov dedi ki, qan vermənin insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasında, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi kimi narahatlıqların azalmasında müstəsna rolu vardır. "Qan verməmişdən əvvəl məlumat kartlarına donorlar haqqında lazımi məlumatlar qeyd olunuraq, həkim müayinəsindən keçirilir. Bu zaman hemoqlobinləri, qan təzyiqləri, ürək ritmləri yoxlanılır. Əgər müayinə zamanı aşkar olunarsa ki, veriləcək qanın donora və ya xəstəyə zərəri var, qan ianəsi təxirə salınır. Temperaturu, ritm pozğunluğu olanlar, müalicə alanlar qan verə bilməzlər. Sağlam fərdlər qan verəndən sonra qan hüceyrələri sümük iliyinin çalışması ilə sürətlə yenilənir. Onsuz da bədən qan hüceyrələrinin yaradılması və dağıdılması fəaliyyətlərini davamlı olaraq həyata keçirir. Alınan qan isə sağlamlığa heç bir mənfi təsir edəcək səviyyədə deyil.”
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov isə qeyd etdi ki, "Qanbağışlama" aksiyasının 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunması bir daha azadlığımızın nəyin bahasına əldə olunduğu xatırladır. "Bu gün hər bir Azərbaycan vətəndaşı ordumuzun şəxsi heyətinin yanındadır. Əgər bu gün ölkədə əmin-amanlıq hökm sürürsə, bu, onların sayəsindədir. Hər zaman həmrəy, yumruq kimi bir olmalıyıq ki, heç bir qüvvə bizə qalib gələ bilməsin. Belə xeyirxah addımlar bütün dünyaya xalq-ordu birliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin keşiyində dayananların döyüş əzmini daha da artırır.  Böyük Qələbəyə gedən yolumuzun sonuna az qalıb. İnanırıq ki, tezliklə Azərbaycan əsgəri işğalda olan torpaqlarımızı azad edəcək, bizlərə qələbə sevincini yaşadacaq. Ehtiyac olarsa səngərdə onlarla çiyin-çiyinə savaşmağa hazırıq!"
Həkim-mütəxəssis, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev, gizir Emin İsmayılov, tibb bacıları - baş çavuş Samirə Məsimli, Kəmalə Sədrəddinova, Yeganə Ramazanova, Nigar Feyziyeva və digərləri aksiyada üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldilər.
Xeyriyyə məqsədilə keçirilən aksiyada iştirak edən donorlardan Fikrət Əliyev, Ceyhun Manafov, Samir Salmanov, Elnur Ağayev və başqaları hərbçilərimiz üçün könüllü qan verməni özlərinə mənəvi borc bildiklərini,  belə aksiyalarda yaxından iştirak etməklə hər an Vətənin keşiyində dayanan oğullarımızın yanında olduqlarını dedilər.

"Azərbaycan Ordusu"