Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2020 10:30

İdman və fiziki hazırlıq mütəxəssislərinin təlim-metodiki toplantısı keçirildi

Müdafiə nazirinin 2020-ci tədris ili üçün təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusunda idman və fiziki hazırlıq mütəxəssislərinin hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təlim-metodiki toplantı keçirildi.
Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən keçirilən toplantı üç mərhələdən ibarət oldu. Birinci mərhələdə zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə testlər keçirildi, ikinci mərhələdə onların fiziki hazırlığı və praktiki vərdişləri üzrə məqbullar qəbul edildi. Son mərhələdə isə 2019-cu ilin yekunu və keçirilmiş idman birinciliklərinin nəticələri təhlil edildi.
Polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən 2020-ci ildə qarşıya qoyulan tapşırıqları şəxsi heyətə çatdırdı. Zabit bildirdi ki, döyüş hazırlığının tərkib hissəsi kimi, fiziki hazırlığın hərbi qulluqçularımızın sağlamlığının möhkəmləndirilməsində və fiziki göstəricilərinin inkişafında böyük rolu vardır. "Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə idmanın inkişafına, onun maddi-texniki bazasının genişləndirilməsinə, fiziki cəhətdən sağlam gənc nəslin formalaşması məsələsinə xüsusi diqqət ayırırdı. Bu siyasət Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə hərbi qulluqçuların hər an döyüşə hazır olması prioritet məsələlərdəndir. Bu səbəbdən şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılaraq, günün nizam qaydasına uyğun həyata keçirilir. Hərbi hissələrdə müasir standartlara cavab verən idman şəhərcikləri mövcuddur və şəxsi heyətin fiziki hazırlıq məşğələlərinin səmərəli təşkili üçün hər cür şərait yaradılıb."
Polkovnik Sarı Xəlilov isə vurğuladı ki, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırmaq, Dövlət himnini səsləndirmək, ordumuzun şan-şöhrətini bütün dünyaya yaymaq hər birimiz üçün müqəddəs və şərəfli vəzifədir. “İnanırıq ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik və əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdıracaq”.
Toplantıda tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan Ordusunda 2019-cu tədris ilində 10 idman növü üzrə keçirilən yarışlarda komandalar arasında birinci qrupda birinci yerdə Beyləqan komandası, ikinci yerdə Şəmkir komandası, üçüncü yerdə Bərdə komandası; ikinci qrupda isə birinci yerdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin komandası, ikinci yerdə Kəşfiyyat Baş İdarəsinin komandası, üçüncü yerdə Sülhməramlı Qüvvələr Briqadasının komandası qərarlaşdılar.
Sonda 2019-cu ilin yekunlarına görə qalib komandalar və bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"