Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2020 11:38

Yollar səngərlərə aparır bizi

Yollar səngərlərə aparır. Aram-aram, narın-narın yağış yağır. Sanki təbiət yollarımıza damcı-damcı nur çiləyir. Radiodan eşitdiyim musiqi  qəlbimizi riqqətə gətirir. Tanış müğənninin ifası bizi sehirləyir. "İgid əsgər, möhkəm dayan..." mahnısının səslənişi, ritmi ovqatımıza ovqat qatır.
Yol yoldaşımız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu sanitar-təlimatçı Tahir Quliyev deyir ki, tibb işçiləri çalışırlar ki, əsgər və zabitlərimiz həmişə sağlam və gümrah olsunlar. “Xidməti vəzifəmizə məsuliyyətlə yanaşdığımıza görə məqsədimizə nail oluruq.” Söhbət zamanı öyrənirik ki, Tahir Quliyev 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. O gərgin günlərdən söz açan sanitar-təlimatçı deyir: "Zabit və əsgərlərimiz bu döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərdilər. Ermənilərin hücumlarını dəf edərək düşmənə sarsıdıcı zərbə vurdular. Ermənilər ordumuzun gücü qarşısında duruş gətirə bilməyərək geri çəkilməyə məcbur oldular. Biz bu gün qəhrəman oğullarımızın şərəfli döyüş yollarını davam etdirməyə hər an hazırıq."
Getdiyimiz yol təkcə səngərə gedən yol deyil. Bu yol həm də qəhrəmanlığa, igidliyə və qələbələrə gedən yoldur. Bu yol bizi sonda işğal altında olan torpaqlarımıza qovuşduracaq.
Əsgərlərimizin yanına çatırıq.
Bu da ön xətt. Bu da səngər. Buradan o yana - ta Şuşayacan torpaqlarımız zəbt edilib. Uzun zamandır ki, o yerlərə gediş-gəlişimiz yoxdu. Bu həsrətə son qoyacaq Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini gözləyir.
Səhər ertədən başlanan yağış dayanmayıb. Səngərdən torpaq qoxusu, torpaq ətri gəlir. Bu rayihəni ciyər dolusu sinəmizə çəkə-çəkə səngər boyu mövqeyində dayanan əsgərlərlə görüşürük. Yağış, çiskin əsgərlərin döyüş tapşırığını yerinə yetirmələrinə heç bir çətinlik yaratmır. Çünki əsgərlərimiz üçün burada hərtərəfli şərait yaradılıb. Mövqeyində dayanan hərbçilərimiz xidməti vəzifələrini bacarıqla yerinə yetirirlər. Müşahidələr aparır, düşmənin hər addımına göz qoyurlar. Bu anlarda düşünürsən ki, əgər peşəkarlıq, səriştə və zəngin döyüş təcrübəsi varsa, deməli, uğur da olacaq, qələbə də!
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Elçin Talıbov ordumuzun sıralarında əsgər kimi xidmət edib. Sonra hərbi xidmətə olan maraq, həvəs və istək həmişəlik olaraq onu ordu həyatına bağlayıb. İllərdir ki, baş çavuş torpaqlarımızın keşiyində dayanır.
- Hərbçi olmaq, ordu sıralarında xidmət etmək ata-babalarımızın yoludur, - deyə baş çavuş bizimlə söhbətə başlayır. - Bu, çox müqəddəs bir yoldur. Çünki Vətəni qoruyursan, doğma torpağın keşiyində dayanırsan. Ona görə də biz bu yolu şərəf və ləyaqətlə davam etdiririk. Davam etdirməklə yanaşı, həm də gələcək nəsillərə örnək ola biləcək xidmət və qəhrəmanlıq nümunələri göstərməyə çalışırıq. Bu gün ordu sıralarında xidmət etməyimlə qürur duyuram. Vətənin keşiyindəyəm, torpağımı yağıların təcavüzündən qoruyuram. Torpaqlarımızın hər qarışı bizim üçün əzizdir. Səngərdən ermənilərin işğalı altında olan ərazilərimizə baxanda, qisas və intiqam hissim daha da artır. Bu hiss, bu duyğu gücümüzü, qüdrətimizi daha da coşdurur. Bizi döyüşlərə ruhlandırır. Əsgərlərimiz xidmətlərinə məsuliyyətlə yanaşır, qarşıya qoyulan tapşırıqları, verilən əmr və göstərişləri bacarıqla yerinə yetirirlər. Onların peşəkarlığı və cəsarəti sayəsində atəşkəs rejimini pozmağa cəhd edən erməni qəsbkarları qısa zaman ərzində dəqiq atəşlə susdurulur. Əsgərlərdən Xaləddin Mahmudov, Samir Mənsumov, Miryunis Məmişov, Təyyar Bayramov və başqaları xidmətlərində fərqlənirlər.
Əsgər Xaləddin Mahmudov söhbətə qoşulur:
- İlk günlərdən silahların və hərbi texnikanın sirlərini dərin maraqla öyrənməyə başladım. Hərbi bilikləri öyrəndikcə xidmətə marağım, həvəsim daha da artdı. Təlim-məşqlərdə fəal iştirak edir, təcrübəli zabitlərdən gərəkli hərbi bilik və döyüş vərdişlərini əxz edirdim. İlk atış çalışmasını yerinə yetirdiyim günü heç vaxt yaddan çıxarmayacam. Hazırlığım yüksək olsa da, atışdan əvvəl bir az həyəcanlı idim. Buna baxmayaraq, başqa əsgər yoldaşlarım kimi mənim üçün də hər şey uğurla başa çatdı. Hədəfləri tələb olunan zamanda dəqiq vurdum. İlk uğur məni çox sevindirdi. Bilirsinizmi, insan zəhmətinin, əziyyətinin bəhrəsini görəndə xoş hisslər keçirir. İlk uğur məni sanki qanadlarına alıb daha da yüksəklərə qaldırdı. Xidmətimin hər günündən, hər dəqiqəsindən səmərəli istifadə edərək daim yeni biliklər öyrənirdim. Çox biliklərə sahib olmaq həmişə insana başucalığı gətirir. İndi xidmətimin ən şərəfli, ən məsuliyyətli günlərini yaşayıram. Torpaqlarımızı qoruyuram. Hər an döyüşə hazırıq. Əminəm ki, bu hazırlıq, bu sayıqlıq sonda bizə böyük uğurlar qazandıracaq.
Əsgər Samir Mənsumovun da ürəyi doludu. O deyir ki, Vətəni qorumaq şərəfdir. “Bu tapşırığı yerinə yetirməkdən məmnunam. Bunu hər addımımda, hər hərəkətimdə duyuram. Bu duyum zaman keçdikcə zərrə-zərrə vətənpərvərlik duyğusuna, vətənsevərlik amalına çevrilir, bizə xoş hisslər aşılayır. Məqsədimiz Vətənimizin işğal edilmiş ərazilərini erməni qəsbkarlarından azad etməkdir. Çalışırıq ki, bir daha düşmən yurdumuza hücum etməsin, xalqımız daim əmin-amanlıq içində yaşasın. Əsgər dostlarımla çiyin-çiyinə verib, bir-birimizə arxa-dayaq durub, xalqımızın bizə əmanət etdiyi torpaqları qoruyuruq.”
Səngərdə əsgərlərlə söhbətləşəndə vaxtın, zamanın necə keçdiyini hiss etmirsən. Söz-sözü çəkir, fikir-fikrə arxa durur, düşüncə-düşüncəyə söykənir. Miryunis Məmişovun, Təyyar Bayramovun və başqalarının Vətən, torpaq haqqında dediyi sözlər, fikirlər məni çox duyğulandırır: Ordumuzda belə vətənpərvər, döyüş hazırlığı yüksək olan cəsur əsgərlərin xidmət etməsi çox sevindiricidir: Bu sevinc Böyük Qələbəyədək, Böyük Qələbədən sonra da yaşarı olacaq.
Ürəyi sevinclə, vətənpərvərlik hissləri ilə dolu olan, silahları döyüşün və qələbənin intizarını çəkən əsgərlərlə söhbətimiz başa çatır. Onlarla sağollaşıb ayrılırıq. Səngərdən qarşıdakı mövqelərə tərəf üz tuturuq. Getdiyimiz yolboyu dərələr, dağlar sıralanıb. Baxdıqca sənə elə gəlir ki, bu dağlar, bu dərələr də bizə arxadı, dayaqdı.
Yenə də yollar...
Üzü səngərə tərəf gedirik...
Yenə aram-aram, narın-narın yağış yağır. Elə bil bu anlarda yollarımız da işığa bələnir. Bu mənzərələr qəlbimizdə gözəl duyğular, xoş hisslər oyadır.
Bayaqkı mahnı yadıma düşür: "İgid əsgər, möhkəm dayan!" Şahin Musaoğlunun mahnısıdı... Bəli, igiddən-igid, məğrurdan-məğrur Azərbaycan əsgəri mövqeyində möhkəm və ayıq-sayıqdır. Hər an Ali Baş Komandanın döyüş əmrinə hazırdır.
İgid əsgərlər möhkəm dayanıb - qələbə ruhu ilə...

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR