Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2020 11:38

“Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir”

Bu gün Azərbaycan özünün sosial-iqtisadi inkişafının elə bir dövrünü yaşayır ki, ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpacaq dərəcədə aydın görsənir. Özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz artıq illərdir ki, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilib.
Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan özünün inkişaf strategiyası sayəsində  ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksək nailiyyət əldə edə bilməsin. Bu gün inkişaf tendensiyası müşahidə olunan sahələrdən biri də ordudur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf dövrünü yaşayan Azərbaycan Ordusunda həyata keçirilən islahatların nəticəsidir ki, bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.
Döyüş hazırlığının daha da yüksəldilməsi, hərbi hissələrin maddi-texniki bazasının inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi, nəhayət, şəxsi heyətin sosial-məişət şəraitinin müasir dünya standartlarına uyğun qurulması nəticəsində Azərbaycan Ordusu region dövlətlərindəndən, xüsusilə də Ermənistandan müqayisəedilməz dərəcədə irəlidədir.
Azərbaycan Ordusunun 2019-cu ilə aid olan statistik inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan bu il də siyasi, iqtisadi, sosial, beynəlxalq münasibətlər kimi vacib istiqamətlərlə yanaşı, ordu quruculuğu və onun gücləndirilməsi sahəsində böyük nailiyyətlər qazanıb.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısının ölkəmizin və ordumuzun inkişaf tendensiyasını, onun gücləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulaması diqqət çəkir. "Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir".
"Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır", - deyə ölkə başçısının fikrini davam etdirməsi bir daha Azərbaycan Ordusunun gücünün açıq şəkildə bəyan edilməsi idi.
Dövlət başçısının 2019-cu ilin hadisələrini ciddi təhlil edərək Azərbaycan Ordusunun inkişafını xüsusi vurğulaması çox əhəmiyyətli məqamdır. Bununla Azərbaycanda ordu quruculuğunun hər bir addımının iqtisadi əsaslara söykənərək, analitik təhlillər aparılaraq, real situasiyanın elmi şəkildə öyrənilərək atıldığı bir daha vurğulanır. Bununla da ölkə rəhbəri demək istəyir ki, Azərbaycan Ordusu elmi-metodik yanaşma ilə, innovativ proseslərə üstünlük verməklə hər bir dəyişikliyə hazırdır, baş verən proseslərə çevik reaksiya verməyə və torpaqlarını işğaldan azad etməyə qadirdir.
Prezident İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə Azərbaycan ilə Ermənistanı müqayisə edərək, iki ölkənin iqtisadi göstəricilərini də rəqəmlərlə diqqətə çatdırıb. Bu müqayisə, əslində, dünya miqyasında Ermənistan dövlətinin iç üzünü açıb göstərməyə xidmət edən bir müqayisədir. "Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır".
"News & World Report" mətbu orqanının təhlilinə əsaslanan dövlət başçısı onu bildirib ki, nüfuzlu qurumun müəyyənləşdirdiyi siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. Ermənistanın isə, ümumiyyətlə, adı belə yoxdur.
Bununla dövlət başçısı onu demək istəyib ki, Azərbaycanı Ermənistanla müqayisə etməyə ehtiyac yoxdur və hazırda ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilən, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu göstərilən etimadı doğrultmağa, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsinə tam hazırdır. 

"Azərbaycan Ordusu"