Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Yanvar 2020 10:08

“Adam gərəkdir dostluqda düz ola”

İnsanlar arasında dostluq münasibətindən müqəddəs hiss ola bilməz. İllər keçsə də, hər zaman dostunu xatırlayır, onu görəndə xoşbəxt olursan. Səmimi qəlbdən güvənə biləcəyin, hər anını bölüşə biləcəyin insanı tapmaq asan deyil. Uşaqlıq, məktəb, universitet, əsgərlik illərindən yalnız az sayda dost qazanmaq olur. İstər şad, istərsə də pis günlərində yanında olmaq, sevincinə, dərdinə şərik olmaq hər bir dostun mənəvi borcudur.
"N" hərbi hissəsində  belə möhkəm və səmimi dostluğun şahidi olduq. Bölmənin zabiti Nurlan Bənnayev tabeliyində xidmət edənlərin arasında səmimi, mehriban münasibətin hökm sürdüyünü dedi: "Xalqımızın yüksək mənəvi dəyərlərindən biri də dostluqdur. Şifahi xalq ədəbiyyatında da dostluğa xitabən deyilən bir çox atalar sözü var. Məsələn, "Örtülü bazar, dostluğu pozar", "Dost dosta tən gərək, tən olmasa gen gərək" və s. Mədəniyyət tariximizin görkəmli nümayəndəsi, dahi bəstəkar, publisist və ictimai xadim Üzeyir Hacıbəyov da öz əsərində dostluğa yüksək qiymət verərək deyib: "Adam gərəkdir dostluqda düz ola". Bu cür yüksək mədəni-mənəvi dəyərlərlə böyüyən gənclərimiz dost olmağın, dostluğun nə olduğunu kiçik yaşlarında dərk edirlər. Ordu sıralarında xidmət edənlərin dostluğu isə daha möhkəm olur. Əsgərlik dostu silah dostu deməkdir. Düşmənlə üzbəüz dayandığın anda yalnız dostuna güvənə bilərsən. Özün qədər güvəndiyin insanla irəli getmək, qarşıdakı düşmənə qalib gəlmək asandı. Biz də çalışırıq ki, əsgərlərimizə sadəcə komandir yox, həm də dost olaq."
Bölmədə hökm sürən dostluq münasibətlərindən danışan zabit bildirdi ki, tabeliyində xidmət edənlərin arasında da bu möhkəm bağ ilə bağlanan əsgərlər  çoxdur. Ancaq onlardan ikisinin - əsgərlər Samir Qasımovla Rəfxan Novruzovun adlarını xüsusi vurğulamaq olar. Hər iki əsgərlə həmsöhbət olduq.
- Dost sənin xəzinəndir, - deyə əsgər Samir Qasımov söhbətə başladı.
- Yaşadığımız hər saniyənin bir hökmü var. Nə qədər çox dostun olarsa, bir o qədər çətinlikləri dəf etmək asan olar. Həyatımızın ən gözəl çağlarından bir qismi hərbi xidmətdə keçir. Əsgər yoldaşlarım arasında bir neçə dostum var. Onlardan biri də əsgər Rəfxan Novruzovdur. Onunla tanışlığım səngərdən başlayıb. Böyüklərdən həmişə eşitmişik ki, əsgər dostu ömür dostudur. Bizim dostluğumuz da əbədi olacaq. Biz də harada olmağımızdan asılı olmayaraq, dostunun harayına yetişən dostlardan olacağıq. Asudə vaxtlarımızda Rəfxanla şahmat oynayır, işğal altında olan Vətənimizin dilbər guşələrindən danışırıq. Hərbi mundiri daşıyan, qəlbi Vətən eşqi ilə yanan hər bir azərbaycanlı kimi torpaqlarımızı azad edib, yurdlarından didərgin düşən həmyerlilərimizi el-obalarına qaytaracağımız günü səbirsizliklə gözləyirik. İnanıram ki, həmin günə az qalıb.
Əsgər Rəfxan Novruzov bildirdi ki, dostlar bir-birinə qarşı mehriban olmalı, heç bir halda paxıllıq etməməlidirlər. "Dostluq elə bir münasibətdir ki, ondan nə qədər danışsan azdır. Hər kəs dostundan danışdıqca danışır. Hər kəsə öz dostu əzizdir. Ancaq hər halda dostuna qarşı, ilk növbədə, dürüst olmalısan. Hərbi xidmət dövründə valideynlərimizdən uzaq olsaq da, dostlarımız həmişə yanımızdadır. Dostum hər an mənimlə düşmən üzərinə atılmağa hazırdır. Bundan gözəl nə ola bilər? Arzu edirəm ki, dostlarımla çiyin-çiyinə Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı azad edib, Şuşada, Laçında, Kəlbəcərdə …. toy-bayram edək".
Vətənin müdafiəsində dayanan belə möhkəm dostlarla tanış olduğum üçün çox sevincliyəm. Onlarla söhbətimiz nəinki Vətənimizə olan məhəbbətlərindən, həm də dostluqlarının əbədi olacağından xəbər verirdi.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR