Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Yanvar 2020 10:08

Sərkərdə ömrü

Ümummilli lider Heydər ƏLİYEV: Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir.

XX əsrin ən dəhşətli və dağıdıcı muharibələrindən sayılan İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə və qələbənin qazanılmasında xalqımızın müstəsna xidmətləri olub. Bu müharibənin tərkib hissəsi olan Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycanın igid oğul və qızları elə ilk gündən silaha sarılıb böyük hünər və rəşadət göstərərək,  adlarını şanlı hərb tariximizin səhifələrinə qızıl hərflərlə  həkk ediblər.
Böyük Vətən müharibəsi illərində yüzlərlə azərbaycanlı hərbçi öz sərkərdəlik istedadını nümayiş etdirib; onlardan 12 nəfəri diviziya komandiri, 37 nəfəri briqada  və alay komandiri, 9 nəfəri isə divizion komandiri vəzifələrinə yüksələrək,  general və admiral hərbi rütbələrinə layiq görülüblər. Qanlı-qadalı müharibə cəbhələrində şöhrət qazanmış azərbaycanlı qəhrəmanlardan danışarkən dərhal gözlərimiz önündə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun surəti canlanır.
Azərbaycan xalqı, dövlətimiz ağır müharibə cəbhələrində şanlı döyüş yolu keçən sərkərdə oğullarını unutmur, onların adları daim əbədiləşdirilir.
Xatırladaq ki, ötən ilin 29 dekabr tarixində Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda bildirilir: “Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.”
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Həzi ibtidai təhsilini də elə bu şəhərdə alır. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda işləməyə başlayır. O, savadını artırmaq üçün kursu bitirib Lənkəran şəhər məktəblərinin birində pioner baş dəstə rəhbəri işləyir. 1924-cü ilin oktyabrında Bakıya - Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir.
1929-cu ilin avqustunda Bakıya qayıtdıqdan sonra Həzi Zaqafqaziya Hərbi Dairəsi Hərbi  Şurasının əmri  ilə Borisoqlevski-Leninqrad süvari məktəbində təhsilini davam etdirir. Orduda komandir olmaq arzusu Həzinin varlığına hakim kəsilmişdi. Bununla yanaşı, o yaxşı bilirdi ki, məqsədinə çatmaq üçün gərgin zəhmət, möhkəm iradə tələb olunur. Beləliklə, hərb sənətinə bütün varlığı ilə bağlanan Həzi döyüş texnikası ilə daima yaxından maraqlanırdı. Çalışırdı ki, hərbi texnikaların incəliklərini və üstünlüklərini daha dərindən öyrənsin.
Həzi iki illik ali hərbi təhsilindən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasında vzvod (taqım) komandiri kimi fəaliyyətə başlayır. 1930-cu ilin əvvəllərində o, Lənkərana gəlir və Xavər adlı xanımla nişanlanır. 1933-cü ildə ailə həyatı quran Həzinin Tofiq və Arif adlı iki oğul övladı dünyaya göz açır.
1938-ci ildə Həzi Aslanov Ukraynanın Kiyev şəhərində hərbi xidmətini davam etdirirdi. Burada o özünü bacarıqlı bir komandir kimi göstərir. Elə həmin ildə Kotovski adına 3-cü Bessarabiya süvari diviziya məktəbinin rəisi vəzifəsinə təyin edilir. 1939-cu ildə Sovet-Fin müharibəsi başlayan kimi könüllü olaraq Həzi Aslanov Kareliyaya yollanır və döyüşlərdə böyük rəşadət göstərir. Aslanov bu şanlı döyüşlərdə iştirak edənlərin ön sırasında idi.
Faşist Almaniyası Sovet İttifaqına hücum edərkən  Həzi  Aslanov Ternopol vilayətində xidmət edirdi. Desant taboruna komandirlik edən Aslanovun döyüşçüləri faşistlərin ilk zərbələrini dəf edib, onlara qarşı igidliklə vuruşurdular.
1941-ci il iyunun 23-nə keçən gecə alman qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi Aslanov tam hazırlıqlı sərkərdə kimi özünün bacarığını göstərir. O, beş ay müddətinə döyüşçüləri  ilə birlikdə Donbas ətrafında düşmənin şiddətli hücumlarının qarşısını mərdliklə alır. Həzi Aslanov bu döyüşlərdə özünəməxsus döyüş taktikası işlədərək düşmənin ağır tələfat verməsinə nail olur.
1941-cı ilin dekabrında Moskva ətrafında gedən döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq Həzi Aslanova hərbçi şöhrəti qazandırdı. Xarkov  və Stalinqrad ətrafında gedən döyüşlərdə məhz Həzi Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər.
Həzi Aslanov 55-ci əlahiddə tank alayı ilə feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində böyük məharət göstərmişdir. Onun tankçıları döyüşə-döyüşə 40 km-dən artıq yol gedərək, Stalinqrad ərazisində strateji əhəmiyyətli dəmir yolu xəttini düşməndən geri aldılar. Sovet tankları düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardaraq, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Aslanovçuların Kotelnikovo yaxınlığında gedən döyüşlərdə göstərdikləri böyük şücaətləri nəticəsində düşmənin 30 əks-hücumu dəf edildi. Həzi Aslanovun döyüş taktikası nəticəsində almanların bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıldı.
Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri vardır.
Stalinqrad döyüşlərində cinahlardan zərbə ustası kimi şöhrət qazanan böyük sərkərdəmiz özünü müasir hərb elmin zirvələrinə yiyələnən mahir bir komandir kimi göstərdi. Bununla bağlı o yazırdı: “Üzbəüz həmlə nə qədər cəlbedici görünsə də, mən həmişə üstünlüyü düşmənin cinahlarına zərbə endirməyə verirəm. Düşmənin cinahlarını  axtarmaq, ona ən zəif yerlərindən zərbə vurmaq asan deyildir, bunun üçün hər bir komandirdən böyük əmək, zirəklik və mətinlik  tələb olunur.”
Peşəkar hərbçilər müharibə illərində müsahibə verərkən qeyd edirdilər ki, tank hissəsi komandiri Həzi Aslanovun keçirdiyi böyük, həm də uğurlu  döyüş  əməliyyatları uzun müddət tədqiq və tətbiq edilməlidir.
1942-ci il dekabrın  22-də podpolkovnik Həzi Aslanov Stalinqrad  uğrunda göstərdiyi rəşadətli döyüşlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bu barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanında  yazılırdı ki, cəbhə komandanlığının döyüş tapşırıqlarını nümunəvi surətdə yerinə yetirdiyinə, qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq  etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin.
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov  daima öz hərbi biliyini artırmağa çalışırdı... O, 1943-cü ilin dekabrın 17-dən 1944-cü ilin yazınadək bir illik təhsil  proqramını üç aya mənimsəyir. 1944-cü ilin yazında Həzi Aslanov Moskvaya Zirehli Tank Qoşunları Akademiyasına kursa göndərildi. Tezliklə 13 mart 1944-cü ildə qəhrəman həmyerlimizə tank qoşunları general-mayoru hərbi rütbəsi verildi. Bundan sonra o, yenidən 35-ci qvardiya tank briqadasına qayıtdı. General Həzi Aslanov Volqa çayından başlamış bütün gərgin döyüşlərdə yenidən özünü bacarıqlı, yenilməz sərkərdə kimi göstərdi. O, 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür aldı.
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun tankçıları Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk döyüşlərində fəal iştirak edirdilər. 1944-cü ildə isə onun 35-ci qvardiya tank briqadası Belorusiyanın, Pribaltika respublikalarının azad olunmasında xüsusilə fərqləndilər. Artıq briqada belə adlanırdı: 2-ci dərəcəli Suvorov ordenli və Qırmızı bayraqlı 35-ci qvardiya briqadası. Döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə Həzi Aslanov ikinci dəfə "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. General Həzi Aslanovun tank briqadası 23-30 iyun 1944-cü ildə "Baqration" əməliyyatında xüsusilə fərqlənərək Minsk və Borisov şəhərlərini düşməndən azad etdi. 7 iyul 1944-cü ildə 3-cü Belorusiya cəbhəsinin komandanı İvan Daniloviç Çernyaxovski tərəfindən "Baqration" əməliyyatının gedişində şəxsi igidliyinə görə Həzi Aslanov 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildi.
General-mayor Həzi Aslanov Belorusiya  cəbhəsindəki  şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, erməni fitnəkarlığı nəticəsində bu təltif yerinə yetirilmədi. Yalnız ölümündən 47 il sonra, 21 iyun  1991-ci ildə tədqiqatçı-jurnalist Musa Bağırovun uzun illər apardığı böyük mübarizəsi, zəhməti və səyləri sayəsində Həzi Aslanova İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Litvanın Yelqava şəhəri yaxınlığında ağır yaralandı və hospitala çatdırıldı. Hərbi hospitalda tibb-sanitar xidməti komandiri, mayor Georgi Rafailoviç Beqiaşvili Həzi Aslanova ilkin tibbi yardım göstərdi. Bir gün sonra onun Moskvaya köçürülməsi tapşırılsa da, Azərbaycan xalqının qəhrəman oğlu həyata əbədi gözlərini yumdu...
Qəhrəman sərkərdəmizin cənazəsi 1945-ci il 26 yanvar tarixində təyyarə ilə Bakıya yola salındı. Həmin gün Bakının küçələri izdihamla dolu idi... İnsanlar qəhrəman Həzini son mənzilə yola salmaq üçün Dağüstü parka  sarı irəliləyirdilər.
Azərbaycan xalqının şanlı oğlu Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi  igidlik və rəşadətinə görə üç dəfə Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, iki Qırmızı Ulduz ordeni və saysız medallarla təltif olunmuşdu.
1969-cu ildə Lənkəranda Həzi Aslanovun ev muzeyi  açıldı, 1983-cü il mayın 8-də isə Lənkəran şəhərində onun böyük heykəli ucaldıldı. Bakıdakı küçələrdən və metrostansiyalardan birinə Həzi Aslanovun adı verildi. Lənkəran, Bakı və Volqoqradda onun adına məktəblər fəaliyyət göstərir. Dövlət Xəzər Dəniz Gəmiçiliyindəki tankerlərdən biri əfsanəvi qəhrəmanımızın adını daşıyır. Həzi Aslanov  haqqında neçə-neçə sənədli və bir bədii film çəkilib, məqalələr, kitablar və romanlar yazılıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyev vaxtilə böyük qürur və fərəh hissi ilə deyirdi: "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını  dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır."
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə hər il mayın 9-da Həzi Aslanovun məzarını ziyarət edər, onun ailə üzvləri ilə görüşər və bununla da Qələbə günü münasibətilə keçiriləcək tədbirlərə start verilərdi.
 Bu gün ulu öndər Heydər Əliyevin müqəddəs irsinin layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Böyük  Vətən müharibəsi veteranlarına, onların ailələrinə diqqət və qayğısını əsirgəmir.
Hər il 9 May Qələbə Günü Ümummilli Liderimizin ənənəsini davam etdirərək, Prezident İlham Əliyev Şəhidlər xiyabanında müharibə iştirakçıları, veteranları tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə onun ailə üzvləri ilə görüşür. Xalqımızın qəhrəman oğlunun xatirəsi hörmət və ehtiram hissi ilə yad edilir.
Şərəfli döyüş yolu keçən tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov  heç vaxt yaddaşlardan silinməyəcək,  tarix bu adı Vətənə sədaqətli xidmət nümunəsi kimi əbədiyyən yaşadacaqdır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"