Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Yanvar 2020 10:08

“Məqsədimiz qələbə qazanmaqdır”

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. İstər düşmənə qarşı mübarizədə, istər torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsində, istərsə də birbaşa döyüş meydanında şəxsi heyətin müsbət nəticələr əldə etməsi döyüş hazırlığından bilavasitə asılıdır. Ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri, təlimlər və səhra çıxışları dayanır. Bütün bunlar mürəkkəb əməliyyat şəraitində zabit və əsgərlərin təcrübi bacarığının və mənəvi-psixoloji dözümlülüyünün formalaşmasına yardımçı olur.
Təlim meydançasında atəş hazırlığı dərsini izlədikdən sonra bir daha əmin olduq ki, "N" hərbi hissəsinin rəhbərliyi də tabeçiliyində olan şəxsi heyətin bilik, bacarıq və hərbi vərdişlərə yiyələnməsinə xüsusi diqqət ayırır. Zabit Rail Ağayev söhbət zamanı bildirdi ki, döyüş meydanında hazırlıqlı hərbi qulluqçu daha çox əhəmiyyət daşıyır. “Əsgərlərin istər fiziki, istərsə də mənəvi-psixoloji cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, keçirilən məşqlər, döyüş hazırlığı dərsləri mühüm rol oynayır.”
Zabit Rail Ağayev ilə birlikdə "Müdafiə olunan düşmən üzərinə şəxsi heyətin dərinlikdən irəliləyərək hücumu" dərsini izlədik. Leytenant Fərid Süleymanlı şəxsi heyətə keçirilən dərsin əhəmiyyətini izah edərək dedi ki, hücum taktiki fəaliyyətin əsas növlərindən biridir. “O düşməni darmadağın etmək, təyin olunmuş obyektləri ələ keçirmək, sonrakı fəaliyyətlərə imkan yaratmaq məqsədilə aparılır. Qarşımızda şərti düşmən mövqeləri dayanır. Şəxsi heyətin qarşısında duran əsas tapşırıq hücum edərək həmin mövqeləri ələ keçirməkdir.”
"Qarşınızda dayanan mövqeləri şərti deyil, real düşmən mövqeləri hesab edərək hücuma keçin", - deyə dərs rəhbəri söhbətinə davam etdi. - Hər bir Azərbaycan əsgəri Qarabağı, nə vaxtsa qayıdacaq torpağı yox, həm də şanlı tarixə malik olan keçmişimizin bir parçası, canımızdan ayrılmış bir parça kimi anlamalıdı. Ona görə də biz tarixi torpaqlarımıza qovuşmaq üçün canımız, qanımız bahasına olsa belə çalışmalıyıq. Ağlar qalan anaların, bacıların, yandırılan körpələrin qisasını almaq yolunda tər tökməyi bacaran Azərbaycan əsgəri kimi formalaşmaq hər birinizin mənəvi borcudur. Bizim hər birimizin ən böyük arzusu qələbədi, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdı. İnanırıq ki, hazırlıqlı Azərbaycan əsgəri həmin şad günü həsrətlə gözləyən xalqımıza qələbə sevinci bəxş edəcək, Qarabağ həsrətinə son qoyacaq. Torpaqlarımızı azad etmək naminə irəli!
Komandanı eşidən kimi şəxsi heyət dərinlikdən irəliləyərək hücuma keçdi, təyin olunmuş vaxtda başlanğıc nöqtəsindən hərəkətə başladı və sonda şəxsi heyətin qarşısına qoyulan tapşırıq müvəffəqiyyətlə başa çatdı.
Dərs prosesindən sonra şəxsi heyətlə söhbət etmək imkanı qazandıq. Gizir Kənan Hüseynov hesab edir ki, komandiri olduğu heyətin döyüş atışlı təlimdə fərqlənməsinin əsasında təcrübə və vətənpərvərlik duyğusu dayanır. “Bundan başqa təlimdə uğur qazanmağın əsas şərtlərindən biri komandir və əsgərlərin bir-birini tamamlamasıdı. Başlıcası budur ki, əsgərlərin rəğbətini qazanan, onların ehtiyacını duyan, onlara valideyn qayğısı göstərən, şəxsiyyətinə hörmət edən, hərbi təcrübəsini əsgərlərə aşılamağı bacaran komandir tabeçiliyində olanları Qələbəyə kökləyə bilər.”
"Bu gün Azərbaycan əsgərinin arzusu xalqımıza Qələbə bəxş etməkdir", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şamil İsrafilzadə söhbətə qoşuldu. - Unutmuruq ki, düşmən hələ meydandadı... Unutmuruq ki, ermənilər hansı faciələri törədib... Ancaq düşmən də unutmamalıdır ki, Azərbaycan Ordusu istənilən hücumun qarşısını almağa, düşmənə layiqli cavab verməyə hazırdır. 2016-cı ilin Aprel döyüşləri sübut etdi ki, ordumuz nəyə qadirdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlqar Hacıyev qeyd etdi ki, bizim vəzifəmiz Vətənimizə keşik çəkmək və istənilən hərbi tapşırığı layiqincə yerinə yetirməkdir: "Həmin vəzifənin məsuliyyətli olduğunu yaxşı dərk edirik. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz oluruq, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımız artır. Bütün əsgərlər arzulayırlar ki, torpaqlarımızın düşməndən azad edilməsində öz payı olsun."
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İntiqam Məmliyev isə vurğuladı ki, Vətənin başlandığı yer etibarlı, ayıq-sayıqlıqla qorunmalıdır. “Bu yolda istənilən məhrumiyyətlərə sinə gərmək vətəndaşlıq borcumuzdu. Yaxşı bilirik ki, ordumuzun döyüş qabiliyyəti biz əsgərlərin hərtərəfli hərbi hazırlığından keçir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün maddi-texniki bazaya malik olan ordunun olması və şəxsi heyətin hərbi təcrübəsinin artması əsas şərtdir. Bizim bundan başqa yolumuz yoxdur. Bizim bir vətəndaş kimi, bir hərbi qulluqçu kimi xalqımızın, dövlətimizin, Ali Baş Komandanımızın qarşısında bir şərəf borcumuz var...”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR